Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakıya gələn Amerika rəsmisinə Moskvadan cavab verildi
Azərbaycanla ABŞ arasında gərginlik pik həddə çatır

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibi Antoni Blinken arasında noyabrın 28-də əldə edilmiş razılaşmaya uyğun olaraq, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn dekabrın 6-dan 8-dək Azərbaycanda səfərdə olacaq. 

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, dövlət katibinin köməkçisi Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətləri möhkəmləndirməyi, eləcə də Azərbaycan və Ermənistan arasında sülhə dəstəyi müzakirə edəcək.

Ceyms O'Brayn noyabrın 16-da Konqresin Xarici Əlaqələr Komitəsində çıxışında Azərbaycana ünvanladığı sərt tənqidlər ikitərəfli münasibətlərdə ciddi gərginlik yaradıb. ABŞ rəsmisi Azərbaycanı Ermənistana qarşı hərbi təcavüzə hazırlaşmaqda, sülh danışıqlarını pozmaqda, Zəngəzur dəhlizini zorla açmaq niyyətində ittiham edib. Habelə Naxçıvana, Türkiyəyə İran ərazisindən yol açmaqla Rusiyanın planlarına dəstək verdiyini iddia edib. O, bildirib ki, Dövlət katibinin göstərişi ilə Azərbaycanın 19 sentyabrda Qarabağda keçirdiyi antiterror əməliyyatı ilə bağlı araşdırma komissiyası yaradılıb. ABŞ rəsmisi onu da deyib ki, Azərbaycanın Ermənistana hərbi təzyiqləri baş verərsə, ABŞ-ın Azərbaycana reaksiyası adekvat sərt olacaq. Ceyms O'Brayn sülh əldə edilənədək iki ölkə arasında yüksək səviyyəli əlaqələri dayandırdığını elan edib.

Azərbaycan XİN dərhal bu bəyanata reaksiya verib və Birləşmiş Ştatlarla yüksək səviyyəli münasibətlərin olmayacağını bəyan edib. 

Amma bu gərginlik təmasların dayandırılmasına gətirib çıxarmadı. Əvvəlcə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Ceyms O'Braynla görüşdü, ardınca ABŞ rəsmisi Vaşinqtonun Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dəstək olmaqda davam edəcəyini bəyan etdi. Bundan sonra Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng etdi və Ceyms O'Braynın Bakıya səfəri razılaşdırıldı.

Qeyd edək ki, ABŞ rəsmisini səfəri ancaq Azərbaycana nəzərdə tutulub, daha sonra o Bakıdan Ermənistana deyil, Rumıniyaya gedəcək.

Dövlət Departamentinin elan etdiyi kimi, Ceyms O'Braynın missiyası ikitərəfli münasibətlərdə yaranmış problemləri və Azərbaycanın Ermənistanla sülh danışıqlarını müzakirə etməkdir. Problemlər dedikdə, şübhəsiz, ilk növbədə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı, sülhməramlıların hələ də Qarabağda qalması Birləşmiş Ştatları narahat edir. Ceyms O'Brayn daha əvvəl dediyi kimi, Vaşinqton Azərbaycandan aydın siyasi mövqe tələb edir və Moskva ilə münasibətlərini korreksiya etməsini gözləyir. ABŞ rəsmisi Bakıda aydınlaşdırmağa çalışacaq ki, Azərbaycan Cənubi Qafqazın digər iki ölkəsi ilə eyni yolu tutmaq niyyəti var, yoxsa Rusiya, İran və Türkiyə ilə birlikdə 3+3 formatına üstünlük verir. 

Ceyms O'Braynın ikinci mühüm missiyası Ermənistanın təhülkəsizliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlıdır. İrəvanda və Qərbdə hesab edirlər ki, Azərbaycan bu məsələdə açıq-aydın mövqe ifadə etməyib. Bu barədə sonuncu dəfə Xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının iclasındakı çıxışında bəhs edib. O bildirib ki, rəsmi Bakı Ermənistanın 29.8 kv.km ərazidə ərazi bütövlüyünü tanıdığını deməkdən çəkinir.

Burada 19 sentyabr antiterror əməliyyatının Qərb üçün proqnozlaşdırılan olmamasının da rolu var. Diplomatlar bildirilər ki, sona qədər Bakının belə bir əməliyyata başlayacağını gözləməyiblər. Ceyms O'Brayn Prezident İlham Əliyevdən bu barədə açıq, birmənalı mövqe almağa çalışacaq: Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyü, suverenliyi məsələsi nə deməkdir, hansı əraziləri, sərhədləri əhatə edir və s. 

Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının Qərb platformasında davam etdirilməsi də ABŞ rəsmisinin gündəliyindədir. Onun, Bakıya gəlməzdən bir neçə gün əvvəl ABŞ-ın danışıqları dəstəkləməyə hazır olduğunu bəyan etməsi təsadüfi deyil. 

Səfər ərəfəsində baş verən bəzi hadisələr Bakıda ABŞ rəsmisinin heç də xoş qarşılanmayacağını göstərir. Hazırda rəsmi və hökumətə yaxın mediada Birləşmiş Ştatlara, Avropa İttifaqına qarşı kəskin tənqidi yazılar dərc edilir, verilişlər həsr olunur. Onların içində Milli Məclisin orqanı “Azərbaycan” qəzetinin manşetində yer alan “Ağ evin Azərbaycana qarşı qərəzi və rəzaləti” sərlövhəli məqalə xüsusi ilə diqqət çəkir. Bu günlərdə “Vaşintqon Post” qəzetində Azərbaycan hakimiyyəti əleyhinə dərc olunmuş məqaləyə cavab təəssüratı bağışlayan yazıda ABŞ Prezidenti Co Baydenin ailə üzvlərinin kriminal keçmişindən, cinayət əməllərindən bəhs olunur. 

Bu gün isə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün Moskvada səfərdədir. O, Rusiya Xarici işlər naziri Sergey Lavrovla ikitərəfli görüş keçirib. 

“Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin üçtərəfli sazişlər əsasında ən yüksək səviyyədə tənzimlənməsinə yönəlmiş səylərin artırılması zərurəti təsdiqlənib”, - Rusiya XİN-in görüş barədə yaydığı bəyanatda bildirilir. 

Bu açıqlama rəsmi Bakının Ermənistanla danışıqlar prosesinin Qərb platformasında deyil, 44 günlük müharibədən sonra Rusiyanın egidası altında formalaşan üçtərəfli formatda davam etdirlməsinə tərəfdar olduğunu göstərir. Yəni Ceyms O'Brayn Moskvadan səslənən bu bəyanatdan artıq nəticə çıxarmalıdır. 

ABŞ rəsmisinin narahat olduğu Bakı-Moskva münasibətlərinin dərinləşməsi məsələsi ilə bağlı da ona mesaj verilib.

Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşdə bildirib ki, ikitərəfli münasibətlər daha da sıxlaşır və ticarət dövriyyəsinin artacağını gözləyir.

Bayramov vurğulayıb: “Bakı və Moskva yüksək səviyyədə sıx əməkdaşlıq və siyasi dialoq qurublar. Bakı və Moskva humanitar xarakterli və regional təhlükəsizlik məsələlərinə böyük önəm verir”

Qeyd edək ki, Ermənistan Rusiyanın iştirak etdiyi formatda Azərbaycanla sülh danışıqlarını dayandırıb. Bu, İrəvanın qəti mövqeyidir, ya yox, onu demək çətindir. Hər halda, yaxın günlərdə Sankt-Peterburqda baş tutacaq MDB liderlərinin sammitində Baş nazir Nikol Paşinyanın iştirak edib-etməyəcəyi bu məsələyə aydınlıq gətirəcək. Paşinyan görüşə qatılsa belə, Prezident V.Putinin iştirakı ilə Azərbaycan lideri ilə görüşməsi sual atlındadır. 

Bu arada Ceyms O'Brayna daha bir pis xəbəri Ermənistan rəsmiləri çatdırıb. İddia olunur ki, dünən Azərbaycan tərəfdən açılan snayper atəşi ilə bir erməni əsgəri öldürülüb. Bu xəbər tanınmamış sərhədlərdə yeni hərbi toqquşmaların mümkün olduğunu göstərir. Sanki belə bir mesaj var: Qərb regiona can atdıqca sülh yox, gərginlik yaranır, imkan verin, özümüz həll edək...

Turqut