Bakı və İrəvan ABŞ-a yaxınlaşır, Tbilisi Tramp üçün riskə çevrilir
The Washington Post: “Gürcü Arzusu” Gürcüstanı təhlükəli kursa aparır
29 May 2026
ABŞ-ın The Washington Post nəşri Gürcüstanla bağlı redaksiya məqaləsi dərc edib. Məqalədə bildirilir ki, getdikcə daha avtoritar xarakter alan “Gürcü Arzusu” hökuməti Donald Tramp administrasiyasının Cənubi Qafqazdakı strateji maraqları üçün təhlükə yaradır. Müəlliflər yazırlar ki, vaxtilə Vaşinqtonun etibarlı tərəfdaşlarından biri hesab olunan Gürcüstan indi “İranın təsir orbitinə meyllənir”.
Məqalədə ABŞ dövlət katibi Marko Rubionun bu yaxınlarda İrəvana səfərinə xüsusi diqqət yetirilir. O, Ermənistanda strateji faydalı qazıntılarla bağlı saziş imzalayıb və ölkənin Qərbyönlü kursuna dəstəyi təsdiqləyib. Redaksiya heyətinin fikrincə, bu addımlar Ağ Evin Cənubi Qafqaza nə dərəcədə önəm verdiyini göstərir.
Lakin nəşrin qənaətinə görə, Gürcüstanda baş verən proseslər Tramp administrasiyasının diqqətindən kənarda qalır. Məqalə müəllifləri iddia edirlər ki, illərlə ABŞ-ın “etibarlı müttəfiqi” hesab olunan ölkə getdikcə daha çox “anti-Amerika” siyasəti yürüdür. Onların fikrincə, “Gürcü Arzusu” hökuməti Qərb tərəfdaşları ilə münasibətləri qurban verərək Rusiya və İranla əlaqələri dərinləşdirməyə çalışır.
İranın təsirindən danışan müəlliflər Hudson İnstitutunun son hesabatına istinad edirlər. Nəşrin məlumatına görə, Gürcüstan hökuməti İrana ölkənin etnik şiə azərbaycanlı əhalisini ələ almağa yönəlmiş dini məktəblər, gənclər və xeyriyyə təşkilatları, eləcə də müxtəlif nəşrlər şəbəkəsi yaratmağa icazə verib.
Məqalə müəllifləri həmçinin qeyd edirlər ki, Donald Tramp administrasiyasının təşəbbüsü ilə Ermənistan və Azərbaycan arasında gedən sülh prosesi fonunda Tbilisi regional danışıqlarda öz mövqelərini gücləndirməyə çalışır.
“Heç bir şübhə yoxdur ki, “Gürcü Arzusu” prezident Donald Trampa sövdələşmələrə əsaslanan münasibətlər təklif edəcək. Amma eyni zamanda bu hakimiyyət açıq şəkildə Amerikanın ən qatı düşmənlərindən biri ilə yaxınlaşmağa çalışır”, – məqalədə deyilir.
Müəlliflər hesab edirlər ki, Gürcüstan hökuməti daha konstruktiv addımlar atmadan, o cümlədən siyasi məhbusları azad etmədən, vətəndaş azadlıqları bərpa olunmadan və Qərbyönlü vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmadan, Tramp administrasiyasının Gürcüstanı gələcək tərəfdaş kimi nəzərdən keçirməsi üçün əsas yoxdur:
“Əgər Tramp administrasiyası Tbilisinin son illərlə müqayisədə daha konstruktiv rol oynaya biləcəyini təsdiqləyən ciddi dəyişikliklər görməzsə, niyə getdikcə daha avtoritar xarakter alan Gürcüstan hökumətini dəstəkləməlidir?”
“The Washington Post”un hazırkı Gürcüstan hökumətinin Tramp komandasının regionumuzdakı maraqları üçün təhlükə yaratdığı barədə iddiası nə dərəcədə reallığa uyğundur? “Gürcü Arzusu”nun Cənubi Qafqazda ABŞ təsirinin azalmasına yönəlmiş konkret addımlarına dair hansısa nümunələr varmı? Əgər varsa, onlar nə dərəcədə uğurludur?
Bununla bağlı Pressklub.az-a danışan Qara Dəniz Beynəlxalq Universitetinin (Tbilisi) professoru, Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Nika Çitadzenin sözlərinə görə, son dövrlər Gürcüstanın Qərbyönlü xarici siyasət kursundan nəzərəçarpacaq dərəcədə uzaqlaşdığını müşahidə etmək mümkündür.

“Hakim “Gürcü Arzusu” partiyası öz hakimiyyətini qoruyub saxlamağa çalışaraq Rusiya Federasiyası, İran və Çin Xalq Respublikası ilə daha sıx münasibətlər qurmağa yönəlib.
“Gürcü Arzusu”nun Qərb əleyhinə siyasəti onunla bağlıdır ki, ABŞ və Avropa İttifaqı Gürcüstana demokratik inkişaf yolu təklif edir. Bildiyimiz kimi, 2023-cü ilin noyabrında Avropa İttifaqı Gürcüstana üzvlüyə namizəd statusu verdi. Lakin ölkənin avroatlantik strukturlarla daha da yaxınlaşması üçün hüququn aliliyinin təmin olunması, söz azadlığı və azad demokratik seçkilərin keçirilməsi ilə bağlı öhdəliklər götürməsi tələb olunurdu.
Problem ondadır ki, Gürcüstan demokratik inkişaf yolunu seçsə və həqiqətən azad seçkilərə imkan versə, “Gürcü Arzusu”nun qələbəsinə təminat olmayacaq. Partiyanın reytinqi aşağı düşür və sərbəst rəqabət şəraitində müxalifət qalib gələ bilər. Bidzina İvanişvili və partiya rəhbərliyi hakimiyyəti nəyin bahasına olursa-olsun saxlamağa çalışır. Çünki hakimiyyəti itirəcəkləri təqdirdə, “Gürcü Arzusu”nun bir çox nümayəndəsini korrupsiya sövdələşmələri və səlahiyyət həddini aşma ittihamları ilə məhkəmə gözləyə bilər. Onlar şəxsi və partiya maraqlarını, həmçinin gəlir və imtiyazlarını dövlət maraqlarından üstün tuturlar”, – professor bildirib.
O qeyd edir ki, Gürcüstanın hazırkı hakimiyyəti beynəlxalq təcridi aradan qaldırmaq və ABŞ və Avropa İttifaqı ilə yaxın münasibətlərə malik olmaq istəyir, lakin bunu öz şərtləri ilə etməyə çalışır: Qərb ölkə daxilində baş verənlərə “göz yummalı”, etiraz aksiyalarının dağıdılmasına və müxalif ictimai xadimlərin həbslərinə görə onları tənqid etməməlidir.
“Hakimiyyət nümayəndələri ABŞ ilə danışıqları “təmiz səhifədən” bərpa etmək istədiklərini bildirirlər. Bununla da onlar faktiki olaraq son illərdə baş verən hadisələrə və hakimiyyətdə olduqları 14 illik dövrə görə məsuliyyəti üzərlərindən atmağa çalışırlar.
Hazırkı mərhələdə ABŞ Ermənistan və Azərbaycana, xüsusilə də onların sülh müqaviləsi imzalamaq niyyəti kontekstində, daha çox diqqət ayırır. Vaxtilə islahatların lideri və regionda ABŞ-ın əsas strateji tərəfdaşı hesab olunan Gürcüstan artıq bu mövqeyini itirib.
Mövcud vəziyyət yalnız Gürcüstanın demokratik inkişafına deyil, ümumilikdə onun dövlətçiliyinin möhkəmlənməsinə də ciddi maneələr yaradır. Ölkə getdikcə Qərb birliyindən uzaqlaşır, Rusiya və Çinlə yaxınlaşır. Çünki Rusiya Gürcüstan hakimiyyətini insan haqlarının pozulmasına görə tənqid etmir. Əksinə, Moskva üçün Gürcüstanda Rusiya və ya sovet tipli avtoritar rejimin formalaşması sərfəlidir. Bu isə ölkənin Qərbin demokratik strukturlarının təsir dairəsindən tam çıxmasına gətirib çıxarır”, – Nika Çitadze bildirib.
Rauf Orucov