Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakı-Tehran: qırmızı xətlər tapdanır...
Azərbaycan-İran münasibətləri daha hansı həddə qədər pisləşə bilər?

İran-Azərbaycan münasibətləri tarixdə heç olmadığı qədər gərgindir. Bakıdakı 4 iranlı diplomatın qovulması illə iki ölkə arasında diplomatik münasibətlər qırılma nöqtəsinə gəlib. Qeyd edək ki, Azərbaycan tarixində xarici diplomatların “persona non-qrata” elan olunması ilk haldır.

İran parlamentinin islam aləmini Azərbaycanı qınamağa çağırması, Azərbaycan Milli Məclisinin ona verdiyi adekvat cavab, hüquq-mühafizə orqanlarının keçirdiyi silsilə əməliyyatlar gərginliyin açıq fazaya keçdiyinə işarədir. Cəmiyyətdə bu suallara cavab axtarılır:

İran-Azərbaycan münasibətlərində qırmızı xətlər varmı, varsa, haradan keçir, nədən ibarətdir?

Qarşılıqlı hədələr, ittihamlar, həbslər açıq münaqişəyə gətirib çıxara bilərmi?

Müşahidələr onun göstərir ki, hər iki ölkənin rəhbərliyi münasibətlərin düşmənçilik həddinə qədər pisləşməsindən narahat deyillər. Əksinə, daha kəsərli addımlar atmaq, daha sərt ritorikadan istifadə etmək məqbul sayılır. Daha bir neçə amil vəziyyətin sabitləşməyəcəyindən xəbər verir:

İran və Azərbaycanın siyasi elitalarında dövlətlərarası münasibətlərin yumşaldılmasına çalışan, bunu istəyən qüvvələr yoxdur;

Region ölkələri – Türkiyə və Rusiya vasitəçilik edib gərginliyi azaltmağa təşəbbüs göstərmirlər. Rusiya XİN rəhbəri Sergey Lavrov ağızucu təklif səsləndirsə də, davamı gəlmədi;

Qarşılıqlı tələblər qəbulolunmazdır. Tehran Azərbaycan-İsrail münasibətlərinin İranın “razılıq verəcəyi” həddə qədər qədər endirilməsini istəyir, Azərbaycan ərazilərində “sionizm elementlərinin” çıxarılmasını tələb edir. Habelə, Zəngəzur dəhlizinin açılmasını, Azərbaycanın Ermənistana təzyiqlərini özünün qırımızı xətləri elan edib. Paralel olaraq, İrəvanla hərbi, iqtisadi, siyasi əlaqələrini gücləndirir və bunun Azərbaycana qarşı olduğunu pərdələmir.

Çox güman, İranın daha bir istəyi Azərbaycandakı şəbəkəsinə qarşı endirilən zərbələrin dayandırılması ilə bağlıdır.

Bakı bu tələblərin hamısını rədd edir, İran rəhbərliyindən Azərbaycanın yürütdüyü siyasətə müdaxilə etməməyi tələb etməklə yanaşı, Tehrandakı səfirliyə qarşı həyata keçirilən terror hücumunun şəffaf araşdırılmasını istəyir, İranın üzrxahlığını gözləyir.  

Bu qarşıdurmada Azərbaycan müdafiə olunan tərəfdir, münasibətlərin gərginləşməsinə gətirən səbəb isə Bakının, əvvəlki illərdən fərqli olaraq, fəal şəkildə öz maraqlarını müdafiə etməsidir. Tehranda Bakının belə inadkar, sərt mövqeyinə alışmayıblar. Ona görə də diplomatik-siyasi qarşıdurmanın bundan sonrakı mərhələsinin xarakterini İran rəhbərliyi müəyyən edəcək. Tehrandakı hakim rejim isə gərginliyə hər gün yeni çalarlar əlavə etməklə, onu daha da qızışdırmaqda maraqlı görünür. Qarşıdakı günlərdə Azərbaycana qarşı yeni addımlar atıla bilər:

Ermənistan və Qarabağdakı separatçı rejimə reveransların davam etdirilməsi, hərbi-siyasi dəstək bəyanatları;

Azərbaycanla sərhəddə yeni hərbi manevrlər;

Hərbi, siyasi rəhbərlərin ünvanlı, daha kəskin anti-Azərbaycan çağırışları;

İqtisadi əlaqələrdə məhdudiyyətlərin tətbiq olunması;

Azərbaycan daxilində sabitliyi pozmaq üçün müxtəlif cəhdlər və s.

Bakının cavabı daha kəsərli ola bilər, çünki əlində daha təsiredici vasitələr var. Məsələn, iki ölkə arasında ticarət dövriyyəsinin 2022-ci ildə 506 milyon dollar olub. Bunun 476 milyon dolları, yəni 94 faizi İranın Azərbaycana satdığı məhsullardır. Azərbaycanın toplam idxalında İranın payı 3.28 faizdir. 

2023-cü ilin iki ayı 82 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon dollar artıqdır.

Azərbaycanın İrandan ən çox idxal etdiyi məhsullar ilkin formalı polietilen, emal olunmamış, aşqarlanmamış alüminiumdur. İdxalda üçüncü yeri tutan məhsul kərə yağıdır. Daha sonra üzlük plitələr və polad yarımfabrikatlar da bu ölkədən alınan məhsullar arasındadır. Bəs Azərbaycan İrana nə satır? 30 milyon dollarlıq toplam ixracının təxminən dörddə biri pambıq lifi ixracından ibarətdir. İxracda ikinci yerdə təbii qaz, üçüncü yerdə elektrik enerjisi durur. Hər üç məhsulun ixracı 2021-ci illə müqayisədə 50 faizə yaxın azalıb. 

Beləliklə, Bakı ilk növbədə İrana satdığı məhsullara əl gəzdirə bilər. Qeyd edək ki, pambıq lifi, qaz və elektrik enerjisi üçün daha münbit bazarlar var. Bu məhsullar Gürcüstan, Türkiyə və Avropa ölkələrində daha böyük partiyalarla və yaxşı qiymətə satılır. 

İrandan alınan məhsulların da diversifikasiyası mümkündür, bu malların Rusiya, Türkiyə, Qazaxıstan, Belarusdan gətirilməsi ciddi problem deyil. 

Nəticədə ağır sanksiyalar altında olan İranın yaxın qonşu ilə hava-su kimi vacib olan müsbət saldolu ticarət əlaqələrindən məhrum ola bilər. 

Xatırladaq ki, Azərbaycan Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların əksəriyyətinə qoşulmayıb. Bakı Tehranın hədələrinə cavab olaraq bu siyasətini də yenidən nəzərdən keçirə bilər. 

Əlbəttə, İranın sərhəddə hərbi manevrlərinə, eləcə də Ermənistana verəcəyi dəstəyə də adekvat addımlar atıla bilər. Məsələn, Türkiyə ordusu ilə birgə təlimlərin növbəti mərhələsinə start verilməsi Tehrana kifayət qədər güclü mesaj ola bilər. Habelə İsrail, ABŞ, Böyük Britaniya ilə birgə məslhətləşmələrin keçirilməsi ilə də Bakı güclü imkanlarını nümayiş etdirə bilər. 

Ekspertlərə görə, gərginliyin açıq fazaya keçməsi az inandırıcıdır, çünki Bakı bu addımı atmaz, İranı isə bu avantüradan çəkindirən kifayət qədər təhlükəli faktorlar var. Amma iki ölkə arasında münasibətlərin uzun müddət pis olacağı şübhəsizdir. Çünki nə tərəflər geri çəkilmək niyyətindədir, nə də Bakı ilə Tehran arasında gərginliyin ortadan qalxmasını istəyən vasitəçilər var...

Turqut