Logo
news content
User
Kateqoriyalar

Analitika

“Bakı işi”: Kreml Almaniya siyasətinə Bakıdan təsir göstərməyə çalışır?
Putinin əlaltıları Almaniyanın istefada olan məmurları ilə mütəmadi gizli görüşlər keçirirlər

“Qazprom”un Direktorlar Şurasının sədri Viktor Zubkov 2024-cü ildən etibarən Almaniyanın istefada olan yüksəkvəzifəli məmurları ilə gizli görüşlər keçirir. Die Zeit qəzeti və ARD telekanalının Kontraste proqramının birgə araşdırmasına görə, bu görüşlər demək olar, həmişə Bakıda baş tutub, yalnız bir görüş Əbu-Dabidə keçirilib.

Die Zeit yazır ki, Zubkov və Rusiya nümayəndə heyətinin digər üzvləri alman siyasətçilərindən Almaniyanın hakim partiyalarına və federal hökumətinə dolayı təsir göstərmək üçün istifadə edə bilərlər.

Danışıqlarda Almaniya Federal Kansler Aparatının sabiq rəhbəri Ronald Pofalla və Brandenburq federal əyalətinin keçmiş baş naziri Mattias Platsek iştirak edirlər. Die Zeit qeyd edir ki, Pofalla ilə Zubkov arasında olduqca yaxın münasibətlər mövcuddur. Onlar, o cümlədən, 2001-ci ildə Rusiya prezidenti Vladimir Putin və Almaniyanın o zamankı kansleri Gerhard Şröyderin himayəsi ilə iki ölkə arasında münasibətlərin inkişafı məqsədilə yaradılmış “Peterburq Dialoqu” forumunun həmsədrləri olublar. Almaniya 2023-cü ilin aprelində bu forumun fəaliyyətindən çıxsa da, Bakıda keçirilən görüşlərin iştirakçıları həmin platformanın adından istifadə etməyə davam edirlər.

Bu dəfə tərəflər bazar ertəsi Bakıda yerləşən Four Seasons otelində görüşüblər. Die Zeit qəzetinin müxbirinin yazdığına görə, mühafizəçilər təcrid olunmuş konfrans zalının yerləşdiyi dəhlizə yaxınlaşan şəxsləri nəzakətlə oradan uzaqlaşdırılıb.

Viktor Zubkovla birlikdə Bakıya Avropa İttifaqının sanksiyalarına məruz qalan Valeri Fadeyev də gəlib. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının sədri olan Fadeyev internet senzurasından yan keçən rusiyalıları “düşmənləri dinləməkdə” ittiham etməsi ilə tanınır. Nümayəndə heyətində, həmçinin Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun direktoru Aleksey Qromıko da daxil olub.

Die Zeit və Kontrastenin ötən il apardığı araşdırmaya görə, həmin institut Rusiya rəhbərliyinə Almaniyada NATO ilə Rusiya arasında mümkün münaqişə ilə bağlı narahatlıqları artırmaq üçün “mövcud kanallardan” istifadə etməyi tövsiyə edib.

Görüşdə alman nümayəndələri ilə yanaşı, İsveçrənin Berlindəki keçmiş səfiri Tim Quldimann və ATƏT-in sabiq baş katibi, İsveçrə vətəndaşı Tomas Qreminqer də iştirak ediblər. Sonyuncu da İsveçrə vətəndaşıdır.

Pofalla və Platsek uzun müddətdir dövlət vəzifəsində olmasalar da, hazırda Almaniyada hakim koalisiyada təmsil olunan partiyalarla sıx əlaqələrini qoruyurlar. Pofalla Xristian Demokrat İttifaqını (CDU), Platsek isə Almaniya Sosial Demokrat Partiyasını (SPD) təmsil edir.

Die Zeit yazır ki, Rusiya tərəfi görüş zamanı alman nümayəndələrinə Ukraynada müharibənin yalnız Moskvanın şərtləri əsasında başa çata biləcəyini və müharibədən sonra Almaniya-Rusiya münasibətlərinin normallaşdırılması imkanlarının nəzərdən keçirilməsinin vacibliyini çatdırmağı planlaşdırıb. Nəşrin məlumatına görə, Almaniyanın təhlükəsizlik orqanları bu görüşləri Rusiyanın Almaniyanın siyasi proseslərinə təsir göstərmək məqsədi daşıyan əməliyyatı kimi qiymətləndirir. Qəzet yazır ki, bu mövqeni digər Qərb kəşfiyyat xidmətləri də bölüşür. Avropa İttifaqı səviyyəsində isə Brüsseldə bəzi rəsmilər bu prosesi artıq “Bakı işi” adlandırırlar.

Rusiya nümayəndə heyətinin statusu onun tərkibində Viktor Zubkovun da yer alması ilə diqqət çəkir. Zubkov hələ 1992-ci ildə Sankt-Peterburq meriyasının Xarici Əlaqələr Komitəsinə rəhbərlik edən Vladimir Putinin müavini olub. Öz sözlərinə görə, o zaman Putinə belə deyib: “Sizinlə istənilən vəzifədə işləməyə hazıram!” Həmin dövrdə Leninqrad Vilayət İcraiyyə Komitəsi sədrinin birinci müavini olmasına baxmayaraq, Zubkov Putinin yanına keçmək üçün müraciət edib. Bu isə onun üçün açıq şəkildə karyera enişi demək olub.

Bundan sonra Zubkov uzun illər Putinin etibarlı kadrlarından biri kimi fəaliyyət göstərib. O, 2007–2008-ci illərdə Rusiyanın baş naziri vəzifəsini də tutub, lakin həmin postda nəzərəçarpacaq fəaliyyəti ilə yadda qalmayıb. 2008-ci ildə isə “Qazprom”un Direktorlar Şurasının sədri təyin olunub.

Almaniyanın Xarici Əlaqələr Şurasında Almaniya-Rusiya münasibətləri üzrə ekspert Ştefan Mayster Pofalla və Platsekin Rusiya nümayəndələri ilə danışıqlarını “danışıq aparan şəxslərlə deyil, daha çox təbliğat aparatının tərkib hissəsi olan problemli fiqurlarla keçirilən görüşlər” adlandırıb. Maysterin fikrincə, Zubkov və Fadeyevlə eyni masa arxasında əyləşən hər kəs Rusiya tərəfinin manipulyasiya alətinə çevrilmək riski daşıyır. O vurğulayıb ki, Putinin Ukraynadakı hərbi məqsədləri dəyişməyib: “Nə qədər əlaqə kanalı olsa da, bu halda müzakirə ediləsi heç nə yoxdur. Rusiya tərəfindən hər hansı real təklif mövcud deyil. Ruslar çox yaxşı bilirlər ki, onların alman həmsöhbətləri artıq keçmiş siyasətçilərdir. Ancaq həmin şəxslərin hələ də Almaniyanın ali siyasi dairələrinə çıxışı var. Məhz bu da Rusiya üçün maraqlıdır və bu görüşlərin əsas təhlükəsi də elə bundadır”.

Bəs Almaniyanın sabiq yüksəkvəzifəli siyasətçiləri niyə ümumiyyətlə Putinə yaxın şəxslərlə görüşməyə razı olurlar? Doğrudanmı, onlar da Ukraynaya qarşı təcavüzün Moskvanın şərtləri ilə başa çatmasında maraqlıdırlar və gələcəkdə Almaniyanın Putin rejimi ilə yaxşı münasibətlər qurmasını istəyirlər? Onlar həqiqətən də Almaniyanın ali siyasi dairələrində Kremlə yaxın əhval-ruhiyyəyə yarada bilərlərmi? Yoxsa burada daha çox korrupsiya amili rol oynayır, yəni Almaniyanın keçmiş yüksəkvəzifəli məmurları hansısa “mükafat” əvəzində Putinin emissarları ilə görüşüb danışıqlar aparmağa razılaşırlar?

Pressklub.az-ın suallarını tanınmış siyasi analitik, Deutsche Welle-nin köşə yazarı Konstantin Eqqert (Vilnüs) cavablandırıb.

İlk növbədə qeyd etmək lazımdır ki, Bakıda isveçrəli və ən əsası almaniyalı sabiq siyasətçilərlə keçirilən görüşlər Almaniyanın Saksoniya federal əyalətində baş tutacaq mühüm seçkilər ərəfəsinə təsadüf edir.

Böyük ehtimalla bu seçkilərdə Rusiyaya rəğbət bəsləyən “Almaniya üçün Alternativ” (AfD) Partiyası birinci yeri tutacaq, hətta əyalət hökumətini formalaşdıracaq. Bu, Almaniyanın yaxın siyasi tarixində ilk belə hal olacaq.

Şübhəsiz ki, Zubkov, Fadeyev və Qromıkonun Platsek və digər şəxslərlə görüşü, almandilli ictimai məkanda, o cümlədən İsveçrədə Rusiyameyilli narrativlərin təşviqinə yönəlmiş cəhddir. AfD-nin seçkilərdə gözlənilən uğuru ərəfəsində bu, Kreml üçün xüsusi əhəmiyyət daşıyır. Moskvada hesab edirlər ki, həm AfD-nin, həm də Rusiyapərəst mövqeyi ilə seçilən ifrat solçu “Sol Partiya”nın (Die Linke) güclənməsi Almaniyada Putinin siyasəti və Ukraynaya qarşı təcavüzlə bağlı formalaşmış siyasi konsensusu sarsıtmağın əsas vasitələrindən biridir.

Bu görüşlərdə iştirak edən şəxslərin heç biri hazırda fəaliyyətdə olan siyasətçi və ya diplomat deyil, üstəlik, onların bir çoxu artıq öz nüfuzunu ciddi şəkildə zədələyib. Bununla belə, Almaniyanın partiya siyasətində köhnə əlaqələr və təsir şəbəkələri hələ də fəaliyyət göstərir. Bu baxımdan Moskvanın Rusiyapərəst narrativlərin Almaniyada səslənməkdə davam etməsinə hesablanmış planı heç də uğursuz və ya əsassız görünmür”, – ekspert bildirib.

Onun fikrincə, Platsek, Quldimann və digər şəxslərlə aparılan söhbətlər nəticəsində həmin insanlar müsahibələrdə, ictimai debatlarda, mühazirələrdə və məqalələrdə Moskva ilə istənilən qiymətə kompromisə getməyin zəruriliyindən danışacaqlar.

Onlar Bern və Berlində Ukraynanın bu müharibədə qalib gələ bilməyəcəyi, Avropada sülhün bərqərar olması üçün isə Putinə mütləq güzəştə getməyin vacibliyi fikrini təbliğ edəcəklər.

Çətin ki, bu cür mövqelər yaxın gələcəkdə Almaniyada siyasi proseslərə həlledici təsir göstərsin. Lakin Moskva üçün əsas məsələ hazırkı hakim koalisiyanın mövqeyinə alternativ baxışın Almaniyanın ictimai-siyasi məkanında daim səslənməsidir.

Korrupsiya məsələsinə gəlincə, heç kimi birbaşa ittiham etmək mümkün deyil. Ancaq Mattias Platsekin Moskva ilə təmənnalı əlaqələri barədə şübhələr Almaniya KİV-lərində çoxdan gündəmdədir – o, hələ aktiv siyasətdə olduğu dövrdə dəfələrlə belə ittihamlar səsləndirilib”, – Eqqert bildirib.

Rauf Orucov