Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycandan Ermənistana qaz tədarükü – Reallıq, yoxsa siyasi gediş?
Ekspert: Uzunmüddətli perspektivdə bu məsələni daha geniş müzakirə etmək olar

Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan brifinqdə bildirib ki, Rusiya qazının qiyməti artacağı təqdirdə İrəvan Azərbaycan, Türkmənistan və ya İrandan qaz idxalına başlaya bilər.

Rusiya Xarici İşlər Nazirliyi mayın 27-də bəyan edib ki, Rusiyanın Ermənistandakı səfirliyi vasitəsilə İrəvana məktub təqdim olunub. Həmin məktubda qeyd edilir ki, Ermənistanın Avropa İttifaqına üzvlük prosesini davam etdirməsi halında Rusiya tərəfi təbii qaz, neft məhsulları və emal olunmamış təbii almazların tədarükü sahəsində əməkdaşlıq haqqında sazişin icrasını birtərəfli qaydada dayandıracaq və ya ləğv edəcək.

Brifinq zamanı Mesropyandan Rusiya qazına mümkün alternativlər barədə soruşulub.

Mən siyasətçi deyiləm və siyasi qərarların qəbulunda iştirak etmirəm, buna görə də bu məsələ ilə bağlı məlumata malik deyiləm. Lakin alternativ kimi, məsələn, qonşu ölkələrdən – Azərbaycandan, Türkmənistandan və ya İrandan qaz idxalı nəzərdən keçirilə bilər. Bunlar qaz satan və infrastrukturu Ermənistana onlardan yanacaq almağa imkan verən ölkələrdir”, – Mesropyan bildirib.

O, həmçinin nəzəri baxımdan Rusiya qazının Ermənistan üçün bahalaşa biləcəyini istisna etməyib və əlavə edib ki, İrəvan hələlik bu məsələ ilə bağlı heç bir məlumat almayıb.

Maraqlıdır, ölkələrimiz arasında belə əməkdaşlıq konkret olaraq hansı şərtlər daxilində mümkün ola bilər? Bu, Paşinyan komandasının verdiyi daha çox siyasi siqnaldır, yoxsa həyata keçirilə biləcək praktik plan? Azərbaycan qazının Ermənistana tədarükü məsələsinin gündəmə gətirilməsi İrəvanın enerji təchizatı mənbələrini diversifikasiya etmək istəyindən xəbər verirmi? Və belə bir ssenarinin reallaşması Ermənistan-Azərbaycan münasibətlərinin siyasi nizamlanmasından və sülh müqaviləsinin imzalanmasından asılı deyilmi?

Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban Pressklub.az-a şərhində bildirib ki, bunu sırf siyasi bəyanat hesab edir.

O, xatırladıb ki, Ermənistan son 10 il ərzində bir neçə dəfə kommersiya sazişi əsasında İrandan təbii qaz almağa cəhd edib.

Lakin heç bir nəticə əldə olunmayıb. Çünki İran qazı Rusiyanın təklif etdiyi qiymətdən təxminən iki dəfə baha satmağı təklif edirdi. Bundan əlavə, nəzərə almaq lazımdır ki, İranla Ermənistan arasında heç olmasa 1 milyard kubmetr qaz nəql etməyə imkan verən infrastruktur mövcud deyil.

Ermənistan 2009-cu ildən etibarən İranla qaz əməkdaşlığını yalnız barter əsasında həyata keçirir. Adətən ölkə 400-450 milyon kubmetr qaz alır və bunun müqabilində hər kubmetr qaza görə 3 kVt/saat həcmində elektrik enerjisi ilə ödəniş edir.

Halbuki Ermənistan Rusiyadan hər il orta hesabla 2,4 milyard kubmetr qaz idxal edir.

Ermənistan Türkmənistan qazını İran üzərindən də idxal edə bilməz. Çünki bunun üçün də İran-Ermənistan arasındakı mövcud infrastrukturun ötürmə qabiliyyəti kifayət etmir. Digər tərəfdən, hətta yeni infrastruktur inşa olunsa belə, tranzit şərtlərinin rəsmi İrəvanı qane edəcəyinə dair heç bir əminlik yoxdur”, – mütəxəssis məlumat verib.

Azərbaycanla bağlı məsələyə gəlincə, ekspert bildirib ki, hazırda iki ölkə arasında birbaşa qaz infrastrukturu mövcud deyil.

Bəli, Gürcüstan vasitəsilə Azərbaycan qazının Ermənistana çatdırılmasını təmin etmək mümkündür. Hesab edirəm ki, bir neçə yüz milyon kubmetr həcmində tədarük təşkil oluna bilər. (Hazırda Azərbaycanın sərbəst qaz həcmləri məhduddur.)

Lakin uzunmüddətli perspektivdə bu məsələni daha geniş müzakirə etmək və Azərbaycanın Ermənistana birbaşa qaz tədarükü ilə bağlı razılıq əldə etmək mümkündür. Çünki artıq gündəmdə Ermənistan ərazisindən keçməklə elektrik enerjisi və təbii qazın birbaşa Naxçıvan Muxtar Respublikasına çatdırılmasını nəzərdə tutan Zəngəzur enerji dəhlizi məsələsi dayanır”, – Şaban proqnozlaşdırıb.

Rauf Orucov