Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycan sərhədi və Qarabağı maksimum nəzarət altına almalıdır
Ekspert: “Rusiya böyük dövlətlərin diqqətini buraya yönəltmək istəyir”

Son günlər baş verən hadisələr, Ermənistan-Azərbaycan sərhədində toqquşmalar İkinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında sülh sazişinin bağlanmasının mümkün olduğuna əmin olan hər kəsi məyus etdi. Azərbaycanın Laçın və Ermənistanın Gorus rayonlarının sərhədində baş verənlər bunun sonuncu belə hal olacağına və gələcəkdə İrəvanla Bakı arasında problemlərin ancaq sülh yolu ilə həlli ediləcəyinə olan ümidəri dəfn edir. Bu o deməkdir ki, böyük ehtimalla, biz yenə və yenə qarşılıqlı anlaşılmazlığın dərinləşməsi və bunun nəticəsi kimi lokal xarakterli yeni toqquşmalarla qarşılaşacağıq. Amma bu kimə lazımdır? Bu cür qeyri-stabil vəziyyətin davam etməsi kimin maraqlarına xidmət edə bilər?

Press Klubun suallarını siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev cavablandırıb.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində və Rusiya hərbçilərinin müvəqqəti məsuliyyət zonasında baş verənlər kənardan idarə edilir. Yəni, ilk növbədə şimal qonşumuz tərəfindən. Fuad Ağayevin təəssüratı belədir.

“Rusiya Ukraynada uduzmaqda davam etməsinə baxmayaraq, sərhədlərinə yaxın olan digər bölgələrdə gərginliyi artırmağa cəhd edir. Məqsəd dünya ictimaiyyətinin, böyük dövlətlərin diqqətinin heç olmasa cüzi bir hissəsini planetin digər hissələrinə yönəltməkdir.

Şübhəsiz ki, Ermənistanda və Qarabağda Rusiyanın tərəfdarları, onun beşinci kolonu var. Onlarla müqayisədə Azərbaycanda Rusiya Federasiyasının beşinci kolonu xeyli kiçikdir, amma onun burada ümumiyyətlə fəaliyyət göstərmədiyini söyləmək olmaz. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasının qarşısını almaq üçün gərginliyin artmasında maraqlı olan qüvvələr var. Bu müqavilənin konseptual müddəaları artıq ümumən razılaşdırılıb - yəni Ermənistan ən yüksək səviyyədə Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. Qalan hər şey sırf texniki xarakter daşıyır.

Biz görürük ki, əsas məsələ razılaşdırılıb, amma nədənsə hələ də sülh sazişi yoxdur. Həmişə nəsə onun imzalanmasına mane olur. Ya sərhəddə, ya da Qarabağın Azərbaycanın müvəqqəti nəzarət etmədiyi hissəsində toqquşmalar olur.

Son hadisələrin Ermənistan tərəfinin təşəbbüsü olması Rusiyanın bu ölkədəki beşinci kolonunun fəallığının sübutu ola bilər. Bu, tamamilə inandırıcıdır. Ermənistanın hakim dairələri də hər şeyin erməni tərəfdən başlaması tezisini əslində o qədər də təkzib etmirlər. Yəni, onlar bu əməllərin cinayət olduğunu etiraf edir və onların Ermənistan Silahlı Qüvvələrində Rusiyanın nəzarətində olan şəxslər tərəfindən həyata keçirildiyini istisna etmirlər.

Ermənistanın hüquq-mühafizə orqanları bu hadisələri araşdırmalıdır. Amma bu strukturların indiki halda həqiqətə ortaya çıxarmağa nə dərəcədə hazır olması böyük sual altındadır.

Buna baxmayaraq, Azərbaycan, təbii ki, tutduğu xətti daha da ardıcıl həyata keçirməlidir. Yəni, biz yenə də sərhəddə nəzarətin qurulmasından danışırıq. Son aylarda bu istiqamətdə müəyyən irəliləyişlər görmək olar. Lakin mən hesab edirəm ki, bu məsələ qəti şəkildə və birdəfəlik həll edilməlidir. Yəni, Azərbaycan tərəfindən sərhəddə nəzarətin qurulması sülh müqaviləsinin imzalanması məsələsini böyük ölçüdə həll edəcək.

Bundan əlavə, Azərbaycan öz torpağında rusiyayönümlü təzahürləri və aktiv tədbirləri minimuma endirməlidir. Həm sərhəd, həm də Qarabağın Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan hissəsi maksimum bizim nəzarətimiz altına alınmalıdır. Bununla paralel olaraq, Moskvadan hələ də Qarabağda qalan qondarma “Artsax müdafiə ordusunun” qalıqlarının çıxarılması tələb edilməlidir. Çünki onlar Ermənistan Silahlı Qüvvələrinin yaxşı silahlanmış, yaxşı təchiz edilmiş bölmələridir və onların Azərbaycan ərazisində olması üçtərəfli Bəyanatla qəti şəkildə qadağan olunub.

Mən bayaq dedim ki, bizdə Rusiyanın beşinci kolonunun nümayəndələri Ermənistanda olduğundan qat-qat azdır. Lakin buna baxmayaraq, çox vaxt əsassız olaraq gərginliyin artırılmasını tələb edənlər var”, - deyə F.Ağayev yekunlaşdırıb.

 

Rauf Orucov