Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycan müharibəyə hazırlaşır?
Sərhəddə təxribatların qarşısını ala bilməyən Paşinyan hökuməti yeni gərginliyə səbəb ola bilər

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı müharibəyə hazırlaşdığını bildirib. Bu barədə o, hökumətin fevralın 15-də keçirilən iclasında danışıb.

Azərbaycan mütəmadi olaraq dörd (! – red.) anklav kəndinin ərazisindən danışır, eyni zamanda Ermənistanın 31 kəndinin ərazisini tutduğunu etiraf etməkdən imtina edir”, - o deyib.

Ermənistan sərhəd xəttini əvvəlcədə xəritədə, sonra quruda müəyyənləşdirməyi, ardınca isə qoşunları qarşılıqlı şəkildə geri çəkməyi təklif edir. Bununla belə, Azərbaycan qoşunlarının Ermənistanın 31 kəndinin işğal olunmuş ərazilərini tərk etməməsi üçün hər şeyi edir”, - Paşinyan iddia edib.

Azərbaycan ərazimizdən çıxmaqdan imtina edir və bunun yalnız bir səbəbi ola bilər - sərhədin bəzi hissələrində hərbi əməliyyatların başlaması və hərbi eskalasiyanın Ermənistana qarşı genişmiqyaslı müharibəyə çevrilməsi perspektivi. Bu niyyəti rəsmi Bakının bütün bəyanatlarında və hərəkətlərində görmək olar”, - baş nazir bildirib.

Paşinyan vurğulayıb ki, Ermənistan hökumətinin siyasəti bu cür hadisələrin qarşısını almaq üçün fəal danışıqlar yolu ilə mümkün olan hər şeyi etmək, eyni zamanda Ermənistanın bütün qanuni maraqlarını qətiyyətlə qorumaqdır.

Bəs, İrəvan narahatlıq keçirməkdə nə dərəcədə haqlıdır? Paşinyan vəziyyəti təsvir edəndə və baş verənlərin mümkün təhlükəli nəticələrini proqnozlaşdıranda səmimidirmi? Bakının bu və ya digər formada Ermənistana hansısa hücumu nəzərdən keçirdiyini güman etmək olarmı, yoxsa bu, tamamilə istisnadır?

Müstəqil politoloq Xəqani Cəfərli old.pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini açıqlayıb.

O, ilk növbədə qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayana, ən əsası isə davamlı sülh bərqərar olunmayana qədər tərəflərin bir-birinə qarşı iddiaları dayanmayacaq.

Ona görə də, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər səmimiyyətdən uzaqdır. Bəzən yanlış fikir formalaşır ki, Azərbaycan Ermənistana qarşı hərbi əməliyyata hazırlaşır. Lakin Azərbaycan hakimiyyətinin nümayəndələri əmin ediblər ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və bəzi məsələlərin həlli, o cümlədən kommunikasiyaların açılması üçün gücdən istifadə edilməyəcək”.

Bununla belə, Cəfərli hesab edir ki, regionda davamlı sülh bərqərar olmayana qədər hərbi əməliyyatların bərpası ehtimalı qalacaq. 

Ən əsası odur ki, Cənubi Qafqazda və Böyük Yaxın Şərqdə gedən postsovet müharibələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mənfi təsir göstərir. Ermənistan hakimiyyəti münasibətlərin pisləşməsini və hər hansı ciddi nəticələrə səbəb olmasını istəmirsə, ilk növbədə gərginliyi artıran fikirlər söyləməkdən çəkinməlidir.

İkincisi, rəsmi İrəvan sərhəddə təxribatların qarşısını almalıdır. Əks halda, Paşinyan hakimiyyətinin təxribatların qarşısını almaqda aciz olduğu qənaəti yaranacaq. Ermənistan hakimiyyəti bunu etməsə, münaqişə yenidən alovlana bilər. Azərbaycanı ittiham etməzdən əvvəl Ermənistan hökuməti və onun nümayəndələri üzərinə düşən vəzifəni yerinə yetirməlidir”, - ekspert hesab edir.

Rauf Orucov