Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycan-Ermənistan yaxınlaşması Gürcüstanı məhvə aparır?
Saakaşvili həyəcan təbili çalır...

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin regionda yeni tranzit dəhlizi yaratmaq və Ermənistanla Azərbaycan arasında birbaşa daşımaları başlatmaq planları barədə bəyanatına münasibət bildirib.

İlham Əliyevin bu gün tranzit marşrutunun Gürcüstan üzərindən keçdiyini, sabah isə Ermənistan üzərindən keçəcəyini deməsi 1990-cı və 2000-ci illərdə ölkə olaraq əldə etdiyimiz hər şeyi məhv edir. Gürcüstan son dərəcə ağır geosiyasi dalana dirənib və bu vəziyyət yaxın vaxtlarda ya bizi müstəqil dövlət kimi ləğv olunmağımıza aparacaq, ya da mafiya lideri İvanişvilinin caynağından qurtulub ölkəni sürətli inkişaf yoluna qaytaracaq”, – Saakaşvili “Facebook” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentləri 2026-cı il yanvarın 21-də Davos İqtisadi Forumu çərçivəsində regionda formalaşmış geosiyasi vəziyyəti, həmçinin yeni tranzit dəhlizlərini müzakirə ediblər. İlham Əliyev və Vaagn Xaçatryan bildiriblər ki, hazırda Gürcüstan ərazisi üzərindən daşınan Ermənistan–Azərbaycan yükləri gələcəkdə birbaşa iki ölkə arasında nəql olunacaq. Hazırda bu daşımaların həcmi son dərəcə azdır: 2025-ci ilə qədər onilliklər boyu iki ölkə arasında yükdaşımalar həyata keçirilməyib.

Liderlər həmçinin Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasında, eləcə də Ermənistanla Azərbaycanın əsas hissəsi arasında birbaşa yük dövriyyəsi perspektivlərini müzakirə ediblər.

Prezident Əliyev bildirib ki, yeni dəhliz Gürcüstan üzərindən keçən marşruta əlavə olacaq. Hazırda Rusiyadan Ermənistana gedən yüklər də Gürcüstan ərazisindən keçir.

Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze isə yanvarın 22-də Davosda səslənən bəyanatlara münasibət bildirib və Gürcüstanın tranzit funksiyasına heç bir təhlükə olmadığını deyib. O, “alternativ dəhlizin real təhlükə yaratmadığını” əsaslandırmaq üçün qeyd edib ki, “son beş ildə Orta dəhliz üzrə yükdaşımaların həcmi yeddi dəfə artıb”. Bununla belə, Kobaxidze bu məlumatın mənbəyini göstərməyib.

Bəs, Saakaşvilinin narahatlığının əsası varmı? O, niyə hesab edir ki, Ermənistan–Azərbaycan sərhədində birbaşa tranzit Gürcüstanın müstəqillik illərində əldə etdiklərini məhv edəcək?

Yeri gəlmişkən, növbəti gün Gürcüstanın Milli Təhlükəsizlik Şurasının sabiq katibinin müavini Vano Maçavariani bəyan edib ki, Gürcüstan faktiki olaraq tranzit funksiyasını itirir.

Davos forumunda səslənən bəyanatları BMGTV kanalında yayımlanan “Analitika” verilişində şərh edən Maçavariani bildirib ki, əslində Azərbaycan məqamdan istifadə edib və əvvəllər Xəzər dənizi, Avropa və dünyanın qalan hissəsi arasında Gürcüstanın oynadığı əsas əlaqələndirici rolu öz üzərinə götürüb.

Yaranmış vəziyyəti Pressklub.az-a konfliktoloq, beynəlxalq münasibətlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani şərh edib.

Deyərdim ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin bu məsələdəki qiymətləndirməsi bir qədər şişirdilib”, – o bildirib. – “Əlbəttə, Ermənistan–Azərbaycan münaqişəsi əbədi ola bilməzdi, bunu dəfələrlə, o cümlədən sizin nəşrinizin səhifələrində də qeyd etmişəm. Münaqişə başa çatdıqdan sonra Ermənistan və Azərbaycanın birbaşa kommunikasiyaların bərpası barədə düşünməyə və danışmağa başlaması tamamilə normaldır. Açığı, Gürcüstanın niyə buna görə ağlamalı olduğunu başa düşmürəm. Ermənistan və Azərbaycanın yüzlərlə kilometr uzunluğunda ortaq sərhədi var. Niyə bu ölkələr arasında yüklər üçüncü dövlətin ərazisindən daşınmalıdır? Bu normaldır?

Konfliktoloqun sözlərinə görə, bu, Gürcüstan üçün də faciə deyil. “Gürcüstan öz nəqliyyat funksiyasını heç vaxt itirməyəcək və buna əmin olmaq üçün xəritəyə baxmaq kifayətdir. Mən şəxsən Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasını alqışlayıram və tərəflərə bu yolda uğurlar arzulayıram. Bununla belə, prezident Saakaşvili ilə razıyam ki, Gürcüstan bu gün doğrudan da geosiyasi dalana dirənib. Ancaq bunun Qarabağ münaqişəsinin uğurla başa çatması ilə heç bir əlaqəsi yoxdur. Gürcüstanda vəziyyət hökumətin apardığı anlaşılmaz daxili və xarici siyasət ucbatından pisləşib. Bu siyasət həm gürcü xalqının iradəsinə, həm də ölkə konstitusiyasına tam ziddir”, – Xevtsuriani fikrini yekunlaşdırıb.

Rauf Orucov