Logo
news content
User
Kateqoriyalar

Analitika

Atəşkəsin pərdəarxası – Hələlik Tramp məğlub olub?
Memorandumdan ballistik raketlər və proksi qüvvələrlə bağlı bəndlər çıxarılıb...

İranın yüksək zənginləşdirilmiş uran ehtiyatları yerindəcə məhv ediləcək. Bu barədə Fox News telekanalı ABŞ və İran arasında imzalanmış memorandumun mətninə istinad edərək məlumat yayıb..

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında zənginləşdirilmiş uran ehtiyatlarının yerindəcə məhv ediləcəyonə razılıq verib”, – telekanalın məlumatında deyilir.

Hörmüz boğazı dərhal açılır, heç bir hücum olmayacaq, heç bir rüsum tətbiq edilməyəcək və biz blokadanı mərhələli şəkildə aradan qaldıracağıq. İrana yenidən neft satmağa icazə verilir”, – Fox News-in məlumatında qeyd olunur.

Doğrudanmı danışıqlarda belə ciddi irəliləyiş əldə olunub? Bəs İranın topladığı zənginləşdirilmiş urandan həqiqətən də tamamilə imtina etmək niyyətində olduğuna inanmaq üçün əsas varmı? Hətta urandan imtina edilsə belə, ölkə rəhbərliyinin gizli şəkildə nüvə silahının hazırlanmasını davam etdirməyəcəyinə necə zəmanət vermək olar?

Maraqlıdır, tələblər siyahısından İranın raket proqramının dondurulması bəndi niyə çıxarılıb? İranın ballistik raketlərinin artıq Avropa üçün potensial təhlükə yaratdığını nəzərə alsaq, mövqelərin bu cür yumşaldılması nə dərəcədə əsaslandırılıb?

İsrailli hərbi ekspert, YouTube hərbi-analitik kanalının müəllifi Sergey Auslender mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O qeyd edib ki, Trampın konkret motivlərinin nədən ibarət olduğunu və ümumiyyətlə bunun nə olduğunu bilmədiyimiz üçün, verilən sualların cavabı da qeyri-müəyyən olacaq: “Burada hər hansı ciddi irəliləyiş yoxdur. Hələlik blokadanı blokadaya dəyişdiriblər. Amerikalılar öz blokadalarını, iranlılar isə öz blokadalarını aradan qaldırırlar.

Əgər iranlılar Hörmüz boğazına nəzarəti və oradan gəlir əldə etmək imkanını qoruyub saxlayırlarsa, şübhəsiz ki, bu onların uğurudur, buna söz ola bilməz.

İranın zənginləşdirilmiş urandan həqiqətən imtina etmək niyyətində olduğuna inanmaq üçün müəyyən əsaslar var, amma onlar yenə də aldatmağa çalışacaqlar. Bu rejim heç vaxt, heç bir şəraitdə nüvə silahına sahib olmaq ideyasından əl çəkməyəcək. Heç vaxt. Hazırda onların əlində Hörmüz boğazı var. Bu, doğrudur. Yəni bu, nüvə silahından da güclü təzyiq alətidir. Amma ümumilikdə onlar yenə də nüvə silahı əldə etməyə çalışacaqlar və bu müharibədən sonra bunu ikiqat enerji ilə edəcəklər. Uranı verə bilərlər, çünki nəticə etibarilə onu yenidən zənginləşdirmək mümkündür. Onların vaxtı var, tələsməyə ehtiyacları yoxdur. Axı onlarda seçkilər keçirilmir”, – ekspert bildirib.

Onun sözlərinə görə, iranlılar üçün əsas məsələ ondan ibarətdir ki, müzakirə mövzularından ballistik raketlər və proksi qüvvələr çıxarılıb.

Yəni onlar hələ də bütün cəbhələri bir zəncirə bağlamağa çalışırlar və açıq şəkildə vurğulayırlar ki, proksi qüvvələr onlarındır və heç kimin onlara toxunmağa haqqı yoxdur. Ballistik raketlərə də. Çünki əslində İsrail həmin on iki günlük müharibəyə nüvə bombasına görə başlamamışdı. Bəli, bunun da təsiri vardı, amma əsas səbəb ballistik raket istehsalının kəskin sürətlənməsi idi. Narahatlıq yaranmışdı ki, müəyyən məqamda iranlılar, məsələn, bir ay ərzində hər gün 200 raket buraxa bilərlər. Əgər belə bir şey baş versəydi, bu, əsl fəlakət olardı. Halbuki onlar gündə təxminən 20 raket buraxırdılar, çünki onların buraxılış imkanlarına və digər potensiallarına çox ağır zərbələr endirilmişdi. Buna görə də ballistik raketlərin danışıqlar gündəmindən çıxarılması çox pis haldır”, – Auslender vurğulayıb.

Rauf Orucov