Logo
news content
User
Kateqoriyalar

Analitika

“Artsax”, Ağrıdağ və erməni çevikliyi…
Konstitusiya dəyişikliyi Ermənistanı yeni müharibədən qoruya biləcəkmi?

Paşinyan hökuməti Azərbaycanın daha bir tələbini yerinə yetirmək üzrədir. Söhbət Ermənistanın ölkənin ali qanunu – Konstitusiya və İstiqlal Bəyannaməsi səviyyəsində Azərbaycana, eləcə də Türkiyəyə qarşı birbaşa və dolayı ərazi iddiasından əl çəkməsindən gedir.

Baş nazir Nikol Paşinyan təxminən iki həftə əvvəl Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi barədə qəfil bəyanatı çoxları üçün gözlənilməz olmuşdu. O zaman erməni KİV-i də, bəzi ekspertlər də bunun Azərbaycanın tələbi ilə bağlı olduğunu iddia edirdilər. 

Paşinyan yanvarın 19-da Ədliyyə Nazirliyində keçirilən müşavirə zamanı ölkəsinin demokratik “legitimliyinin” və yaşarlığının təmin edilməsi üçün konstitusiya islahatına yox, tamamilə yeni bir konstitusiyaya ehtiyacı olduğunu bildirmiş, yeni konstitusiyanın yeni geosiyasi şəraitdə Ermənistanı daha rəqabətli və daha canlı etməli olduğunu demişdi: "Ermənistan Respublikasının xalq tərəfindən səs verilmiş konstitusiyası olmalı və o, heç bir şübhəyə yer qoymamalıdır. Bu, onun legitimliyini təsdiqləyən mühüm addım olardı”.

Bu çıxışdan bir neçə gün sonra parlamentin spikeri Alen Simonyan Ermənistan himni və gerbinin də dəyişdirilməli olduğunu bildirmişdi. 

Qeyd edək ki, Ermənistanda konstitusiya 1995-ci ildə qəbul olunub və 2005 və 2015-ci illərdə ona iki dəfə dəyişikliklər edilib. Himn və gerb isə müvafiq olaraq, 1991 və 1992-ci illərdə qəbul olunub. Hər iki dövlət simvolu 2006-cı ildə təsdiq edilib və onlara dəyişiklik edilməyib. 

Maraqlıdır, Konstitusiyanın və dövlət simvollarının dəyişməsini zəruri edən nədir? Azərbaycanı razı salmayan hansı məqamlardır? Axı Ermənistanın nə Konstitusiyasında, nə də dövlət simvollarında Azərbaycanın əleyhinə hansısa məqam yoxdur. 

İlk baxışdan, həqiqətən də belədir. Ermənistan Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünü şübhə altına alacaq heç bir məqam yoxdur. Amma...

“Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib.

“Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb”, – Əliyev deyib.

Maraqlıdır, söhbət hansı ərazi iddiasından gedir? Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə birbaşa təhdid yoxdur. Lakin Konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var və bu bəyannamədə Azərbaycana qarşı ərazi iddiası birbaşa yer alıb. 

Ermənistan Konstitusiyanın 1-ci maddəsində yazılır: "Erməni xalqı, Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit edilmiş Ermənistan dövlətçiliyinin təməl prinsiplərini və ümummilli hədəfləri əsas götürərək... Ermənistan Respublikası Konstitusiyasını qəbul etdi”

Beləliklə, əsas qanunda da qeyd olunur ki, Konstitusiyanın əsasında Müstəqillik Bəyannaməsi durur. Bəyannamədə isə bildirilir ki, sənəd 1989-cu il 1 dekabrda Ermənistan SSR Ali Sovetinin və “Artsax Milli Şurasının” birgə qəbul etdiyi “Ermənistan SSR və Dağlıq Qarabağ Vilayətinin birləşməsi” haqqında ortaq qərara əsaslanır. 

Yəni, bəyannamə özündə birbaşa olaraq Azərbaycana qarşı ərazi iddiasını ehtiva edir. Bu isə qeyri-sabitlik, müharibə ehtimalıdır və sözsüz ki, Azərbaycan ona ərazi iddiası irəli sürən dövlətlə sülh müqaviləsi bağlamaz.

Elə Nikol Paşinyan fevralın 1-də İctimai Radiosuna müsahibəsində bu məqamı açıq şəkildə dilə gətirib: “Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir. Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq".

Baş nazir vurğulayıb ki, Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün ölkəyə yeni Konstitusiya lazımdır.

Bundan əlavə, Ermənistan Müstəqillik Bəyannaməsində və gerbində Türkiyəyə qarşı da ərazi iddiası var. Məsələn, Bəyannamənin 11-ci maddəsində qeyd edilir ki, “Ermənistan Respublikası, Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda törədilmiş 1915-ci il Soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir”. Ermənistan Xarici İşlər Nazirliyinin saytında Qərbi Ermənistandan danışarkən bildirilir ki, 1914-cü il Rusiya-Türkiyə müqaviləsinə əsasən Qərbi Ermənistan ərazisində yerləşən vilayətlərə iki avropalı qubernator təyin olunub. Müqaviləyə əsasən həmin vilayətlər Van, Bitlis, Harput, Diyarbəkir, Trabzon, Ərzurum və Sivasdır. 

Buradan görünür ki, Qərbi Ermənistan dedikdə nəzərdə tutulan ərazi indiki Türkiyə ərazisidir. Ermənistan gerbində isə Türkiyə ərazisində yerləşən Ağrıdağ (ermənilər onu Ararat adlandırırlar – red.) əks olunub və bununla da həmin ərazinin Qərbi Ermənistana aid olmasına işarə edilib. 

Ermənistanın tarixi müttəfiqi Rusiya ilə münasibətlərinin gərginləşdiyi, addım-addım Moskvadan uzaqlaşmağa çalışdığı, Qərbin isə kifayət qədər dəstək verə bilmədiyi bir zamanda qonşuları Azərbaycan və Türkiyə ilə əlaqələr qurması, sərhədləri açması çox vacibdir. Amma yuxarıda göstərdiyimiz ərazi iddiaları bu əlaqələrin qurulmasını qeyri-mümkün edir. 

Paşinyan hakimiyyətinin qarşısında qonşularla münasibətin olmaması səbəbindən iqtisadi problemlər və yoxsulluqdan, daimi gərginlikdən əziyyət çəkən, ən əsası isə daima yeni müharibə təhlükəsi altında yaşayan insanları bu dəyişikliyə inandırmaq vəzifəsi durur. Müharibədəki məğlubiyyətə, “Artsaxın” itirilməsinə baxmayaraq, baş nazirin reytinqi kifayət qədər yüksəkdir, bu məsələdə uğur qazana bilər. 

Qalır, xarici təsirləri dəf etmək. Və bir də mövqeyini hər an 180 dərəcə dəyişə bilən erməni çevikliyi. Bu çeviklik praqmatizmi üstələsə (təəssüf ki, bu ehtimal var), onda Ermənistan daha ağır günlərə hazır olmalıdır...

old.pressklub.az