Logo
news content
User
Kateqoriyalar

Analitika

Allahın qanunu icazə verir, bəndənin qanunu yox? 
Qohum evliliyinə qadağa: “Sevən başda ağıl olmur”, yaxud rəsmi nikahdan dini nikaha...

Azərbaycanda yaxın qohumlar arasında nikah məsələsi artıq uzun zamandır cəmiyyətdə ciddi müzakirə olunur. Tibb elmi inkişaf etdikcə, qohum evliliyinin fəsadları daha ciddi şəkildə ortaya çıxır. Alimlər sübut edirlər ki, bir çox irsi xəstəliklər yaxın qohumlar arasında baş tutan izdivacın nəticəsidir. Elə bu səbəbdən, yaxın qohumların evliliyinə qarşı olanların say da durmadan artır. Lakin belə nikahların sayı hələ də kifayət qədərdir və yenə də dünyaya xəstə uşaqlar gətirməkdə davam edirik.  

Hökumət vəziyyətdən çıxış yolunu qohumlar arasında nikahı qadağan etməkdə görür. Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib ki, “Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağası üçün qanunvericilikdə dəyişiklik edilməsi ciddi müzakirə olunur”. 

Onun sözlərinə görə, bura xala uşaqları, əmi uşaqları və s. daxildir: "Çoxluq qohum evliliyinin qadağan olunmasının tərəfdarıdır. Xəstə və əlil olaraq doğulan uşağın həm özü, həm də ailəsi böyük mənəvi və sosial iztirab çəkirlər. Qohum evliliklərinin sayı artarsa, bu genefondumuza və gələcəyimizə təsir edəcək. Məsələ kifayət qədər ciddidir və bununla bağlı dövlətin hərəkətə keçməsi vacibdir".

Rüstəm Qasımovun bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri qərarı dəstəkləsə də, böyük əksəriyyət ona qarşı çıxıb. Onlar qadağanın gözlənilən nəticə verməsinin də şübhəli olduğunu bildirilər. Çünki bu məsələ çox ciddi və eyni zamanda minilliklərə söykənən adət-ənənəmizə bağlı məsələdir. Həlli isə elə də asan deyil. 

Eyni zamanda, insanların şəxsi həyatı ilə bağlı qadağaların qoyulması onların hüquqlarının pozulması demək deyilmi? Bu seçimi insanın əlindən almaq nə dərəcədə doğrudur? Həmçinin qadağanın qoyulması sadəcə rəsmi nikahın qarşısını ala bilər.

Mövzu ilə bağlı old.pressklub.az saytına danışan hüquqşünas Şamil Paşayev deyib ki, qohum evliliyi qanunla qadağa edilsə belə, həmin şəxslərin birgə yaşamasına qadağa qoyula bilməz.

“Nikahı qadağan etmək şəxslər arasında cinsi əlaqəni və ya vətəndaş nikahını qadağan etmir. Şəxslər birlikdə yaşaya bilər. Sadəcə, dövlət qeydiyyatına alınmayacaqlar. Onların uşaq dünyaya gətirməsi, valideynlik hüququnun verilməsi qanunla qadağan edilə bilmir. Bu sadəcə nikahsız ailələrin sayının artmasına səbəb olacaq”. 

Müsahibimizin sözlərinə görə, qohum evliliklərinin qarşısını almağın ən effektiv yolu şəxslərin şüurunda, düşüncəsində dəyişiklik etməkdir. Qohum evliliyinin tibbi fəsadları haqqında maarifləndirmə işləri aparılmasa, bu işi qadağa ilə aradan qaldırmaq mümkün olmayacaq. 

Hüquqşünas deyir ki, Azərbaycanda insanların yalnız öz qohumları və ya kəndliləri (yenə də qohumları) ilə evləndiyi kəndləri var. Qadağanın tətbiqi onları dayandıra bilməyəcək. Şəxslər gələcəkdə qohumları ilə evlənə bilmək üçün müxtəlif yollar axtaracaqlar. Bura uşaqların övladlığa verilməsindən tutmuş, sənəd üzərində qohumluqdan imtina etməyə kimi müxtəlif variantlar daxildir. Belə olduqda onların rəsmi qohumluğu qalmayacaq və nikaha daxil ola biləcəklər: “Ona görə də, bu proses daha çox bilgiləndirmə yolu ilə şəxslərin şüurunda dəyişiklik edərək aparılmalıdır. Onlar  bu nikahdan dünyaya gələcək uşaqların xəstə doğulması təhlükəsini dərk etməlidir”.  

Azərbaycanda dini nikahın mövcudluğunu nəzərə alsaq, insanlar belə qadağa olduğu təqdirdə dini nikahla kifayətlənməyə başlayacaq. Nəticədə, qeyri-rəsmi izdivacların sayı artacaq. Ailədə uşaq doğulduqdan sonra isə hökumətdən onun rəsmiləşdirilməsini tələb edəcəklər. 

“Bu qərarın verilməsi qeyri-rəsmi nikahların və müəyyən problemlərin artmasına səbəb olacaq”. Bu sözləri old.pressklub.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.  

“Qohum evliliyinin tibbi cəhətdən zərərli olduğu deyilir. Yaxşı olar ki, qohum evliliyinin fəsadları araşdırılsın və maarifləndirmə ilə bunun qarşısı alınsın. Əks halda, qanun qəbul etməklə insanların hüquq və azadlıqları məhdudlaşdırılmış olar”. 

İlahiyyatçı hesab edir ki, belə məsələlər öncə ictimai müzakirəyə çıxarılır, fikir formalaşdırılır, sonra maarifləndirmə aparılır. O, deyir ki, xalqın min illərdən gələn adət-ənənəsini qadağan etmək istənilən effekt verməz. Həm də, insan şüurunda nə qadağan edilibsə, ona daha çox meyl etmək kimi neqativ hal var. 

Müsahibimiz deyir ki, qadağa yerinə, müəyyən yoxlanışlar aparmaq lazımdır: “Çarpaz, yəni ikitərəfli qohum evliliyi yoxdursa, buna icazə vermək olar. Çarpaz evlilik çox vaxt övladlarda şikəstliyə səbəb olur. Dini cəhətdən uzaq qohumların evlənməsində bir qəbahət yoxdur. Əsas olan məhrəm, yaxud naməhrəm məsələsidir. Müsəlmanın məhrəmləri ilə evlənməyi haramdır. Xala qızı, əmi qızı, bibi qızı isə naməhrəmdir və evlənmək icazəlidir. Lakin tibbi cəhətdən bu evliliyin problem yaradacağı məlum olsa, o zaman din də qəbul edir ki, belə evlilik lazım deyil”.

Həmsöhbətimiz qohum evliliyinin qlobal problem yaratması fikri ilə razılaşmır. Hesab edir ki, qanunları qəbul edəndə adət-ənənələrimizi, dinimizi, əqidəmizi, milli dəyərlərimizi, mentalitetimizi, insanların sosial- psixoloji vəziyyətini nəzərə almaq lazımdır. Əks halda qəbul edilən o qanunun cəmiyyətə də faydası olmayacaq.

İnsanlar bir-birini sevirsə, onları qanun ayıra biləcəkmi? İki şəxs arasında tibbi və ya başqa bir problem yoxdursa, sırf qanuna görə ayrılacaqlarmı? Problem olsa belə, yenə də sevənləri ayırmaq nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı old.pressklub.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, bu qadağanın qoyulması gözlənilən nəticəni verməyəcək. 

“Qohum evliliyinə namizəd olan şəxslər üçün qanunda belə bir dəyişiklik ola bilər ki, onların qanının izdivac üçün uyğun olub-olmadığı yoxlanılsın. Mən də qohum nikahlarını alqışlamıram. Bu cür qohum evlilikləri gələcək nəsillərdə öz fəsadlarını göstərə bilər. Amma çox görmüşük ki, böyük eşqlə qurulan və xoşbəxt olan qohum cütlüklər var”. 

Həkim-ginekoloq Təranə Həsənova deyir ki, qohum evliliklərindən dünyaya gələn körpələrdə əqli və ya fiziki qüsurlar aşkarlanır. 

“Qohum evliliklərinin ən böyük fəsadı xəstə uşaqların doğulmasıdır. Bu uşaqlarda əqli və fiziki qüsurlara, ayaq, onurğa sütunu, eşitmə və görmə problemlərinə rast gəlinir”. 

Müsahibimizin sözlərinə görə, talassemiya xəstəliyinin Azərbaycanda epidemik ocağı var. Alimlər hesab edir ki, bu xəstəliyin yaranma səbəbi qohum evlilikləri ilə bağlıdır. İllər keçdikcə yaxın qohum evlilikləri artır. Hər yeni nəsil öz qohumları ilə evləndiyinə görə, ortaya çoxlu xəstəliklər çıxır.

Doktor bildirib ki, ailədə hər hansı genetik xəstəlik varsa, doğulan körpələr bu xəstəliyin daşıyıcısı olur. Məsələn, nəsildə adicə şəkər xəstəliyi varsa, doğulmuş körpənin şəkər xəstəliyinə tutulması ehtimalı var. 

Ginekoloq qohum evliliklərinin məhdudlaşdırılmasının tərəfdarıdır: ”Sağlam gələcək naminə bu addım atılmalıdır. Bunu da birdən-birə etmək olmaz. Əvvəlcə güclü təbliğat aparılmalıdır. Məncə, geniş şəkildə təbliğat aparılsa, böyük bir kütlə şüurlu şəkildə bundan imtina edər”. 

Yeri gəlmişkən, 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb. Yəni, təxmini 2 nikaha 1 boşanma düşür. Bu boşanmalar arasında qohum evlilikləri də az deyil.

Bəs qohum evliliyin Azərbaycanda bu qədər çox yayılmasının səbəbi nədir? Bəziləri niyə özgədən çəkinib, qohum evliliyinə üstünlük verir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub ki, Azərbaycanda qohum evliliyinin 36,4%-i nəsildən-nəslə keçən gərəksiz adətlər, stereotiplərlə bağlıdır. 2021-ci ildə keçirilən sorğunun əsas məqsədi insanların qohum evliliyinə münasibətini öyrənmək, belə nikahların təsirlərinin qiymətləndirməsi, fəsadların müəyyən edilməsi və onların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi olub. 

Sorğu nəticəsində məlum olub ki, qohum evlilikləri arasında dayıoğlu-bibiqızı, bibioğlu-dayıqızı nikahlarının xüsusi çəkisi 37.4%, əmioğlu və əmiqızı evliliyi 22.1%, xalaoğlu və xalaqızı nikahı 23,2%, eləcə də qohum şəxslərin - əmi, bibi, dayı, xala nəvələri arasında olan nikahlar 17,3%-dir.

Respondentlərin fikrincə, qohum evliliyinin bir sıra səbəbləri var. Onların 16,4%-i yaşlı nəslin təkidi, gənclərə seçim haqqının verilməməsi, 36,4%-i nəsildən-nəslə keçən gərəksiz adətlər, stereotiplər, 14,3%-i erkən nikah, 16,6%-i gənclərin təcrübəsizliyi, yetərli qədər əhatə dairəsinə sahib olmaması, sosiallaşma problemləri, 8,1%-i ailə quran insanların təhsilsizliyi, 6,2%-i kifayət qədər məlumatın olmamasını göstəriblər.

Qohum evliliyinin daha çox könüllük yox, məcburiyyət və digər səbəblər əsasında qurulduğu göz önündədir. Amma bu o demək deyil ki, qohum nikahlarının heç birində sevgi olmur. Maarifləndirmə və ya qadağalar bəzilərini dayandıra biləcəksə, sevənlər üçün bu arqumentlər keçərsiz ola bilər. “Sevən başda ağıl olmur” sözünü əbəs yerə deməyiblər. Amma evlilik kimi mühüm həyati qərarlar verildikdə eqoist yanaşmanı bir kənara qoymalı, doğulacaq körpələri və gələcək nəsilləri də düşünmək gərəkdir. 

Daha sağlam və parlaq gələcək ümidi ilə…

Günay Elşən