Logo
news content
User
Kateqoriyalar

Analitika

Aİ-nin “açıq” qapısı: Ermənistanı içəridə nə gözləyir?
İrəvan çətin duruma düşüb, Mirzoyan isə “vicdanla yanaşma” istəyir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) tərəfdaşlarının öhdəliklərini vicdanla yerinə yetirəcəyinə ümid etdiyini bildirib. O, oktyabrın 27-də Niderlandın xarici işlər naziri ilə keçirdiyi birgə mətbuat konfransında Aİİ-nin Ermənistanla bağlı dərc olunmuş son hesabatı barədə suala cavab verərkən bunu deyib.

Nazir sənədin həcmli olduğunu qeyd edib. O, Ermənistanın ittifaqda iştirakının dayandırılması ilə bağlı göstərilən əsaslarla razılaşmadığını bildirib. Mirzoyanın sözlərinə görə, həmkarları Aİİ-nin sənədlərində belə bir prosedurun nəzərdə tutulmadığını desələr də, Vyana Konvensiyasına əsasən, təşkilatdan çıxarılma və ya üzvlüyün dondurulması mümkündür.

“Mümkündür, amma çox spesifik şərtlər daxilində. Narazı qaldığınız tərəfdaş təşkilat çərçivəsində razılaşmaları və ya üzərinə götürdüyü öhdəlikləri pozmalıdır ki, ona “qaydaları pozmusan, təşəkkür edirik, sağ ol” deyə bilsinlər. Gördüyünüz kimi, Ermənistan heç bir qaydanı pozmayıb və pozmaq niyyətində də deyil”, – Mirzoyan bildirib.

XİN rəhbəri qeyd edib ki, həmkarları onun özünün də razılaşmadığı hüquqi əsasları tapmaq üçün səy göstəriblər. Bununla belə, o, məsələdən yayınmaq istəmədiyini deyərək mövzunun siyasi tərəfinə də toxunub.

“Siyasi tərəfə gəlincə, deyə bilərəm ki, biz öhdəliklərimizi vicdanla yerinə yetiririk və ümid edirik ki, təşkilatdakı tərəfdaşlarımız da həm ittifaq çərçivəsində, həm də ikitərəfli münasibətlərdə öz öhdəliklərini eyni vicdanla yerinə yetirəcəklər. Təəssüf ki, son aylarda bunun əksini görürük”, – Mirzoyan bildirib.

XİN rəhbərinin sözlərinə görə, hər bir halda Ermənistanın qərarlarının və mövqeyinin əsasını dövlətçilik, milli maraqlar, suverenlik və müstəqillik, eləcə də qərarları müstəqil şəkildə qəbul etmək hüququ təşkil edəcək. Bunlar alver predmetinə çevrilməyəcək. Nazir İrəvanın dialoqa can atdığını vurğulayıb, lakin bir daha qeyd edib ki, qərarların təməlində Ermənistanın dövlətçiliyi dayanır.

Qeyd edək ki, Aİİ-dən çıxmaq məsələsi Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilənin 13-cü maddəsində əksini tapıb. Lakin həmin maddə ittifaq üzvünün təşkilatdan çıxmaq niyyəti barədə bildiriş verməsi halında üzvlüyün “üzv dövlətin səsi nəzərə alınmadan konsensus” prinsipi əsasında dayandırılmasını nəzərdə tutur. Sənəddə üzvlüyə yalnız dövlətin öz müraciəti əsasında xitam verilməsindən başqa hər hansı yolla təşkilatdan çıxarılma nəzərdə tutulmayıb.

Ancaq əsas sual yenə də başqadır: Ermənistan hakimiyyəti Aİİ-də üzvlüklə bağlı qərar verməyi niyə inadla yubadır? Axı Avropaya inteqrasiya kursu çoxdan elan olunub, amma Ermənistan indiyədək hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da çıxmayıb.

“Öhdəliklərin vicdanla yerinə yetirilməsi” hansı meyarlarla müəyyən olunur və Aİİ-nin hesabatında Ermənistanın ittifaqda iştirakının mümkün dayandırılması barədə İrəvanın razılaşmadığı fikirlər hansı əsaslarla irəli sürülüb?

İrəvanın Aİİ çərçivəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı rəsmi mövqeyini Niderlandın xarici işlər naziri ilə birgə keçirilən mətbuat konfransında açıqlaması nə dərəcədə əhəmiyyətlidir?

Ararat Mirzoyanın ittifaq tərəfdaşlarının “son aylarda” ikitərəfli və çoxtərəfli formatlarda öhdəliklərini yerinə yetirmədikləri barədə bəyanatı inteqrasiya əməkdaşlığının hazırkı səviyyəsini necə xarakterizə edir?

Ermənistanın suverenliyinin və dövlətçiliyinin “alver predmetinə çevrilməyəcəyi” fikri İrəvanın ittifaq çərçivəsində gedə biləcəyi kompromislərin sərhədlərini necə müəyyənləşdirir?

İrəvanın danışıqlara hazır olduğu, lakin öz dövlətçiliyini qeyd-şərtsiz prioritet saydığı şəraitdə Ermənistanla Aİİ tərəfdaşları arasında dialoqun davam etdirilməsi hansı şərtlərlə mümkün ola bilər?

Tanınmış rusiyalı politoloq, “Poistine” portalının baş redaktoru Ruslan Aysin yaranmış vəziyyətlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O, Ermənistan rəhbərliyinin olduqca çətin vəziyyətə düşdüyünü qeyd edib. Çünki bir tərəfdən Avropaya inteqrasiya kursu elan olunub, digər tərəfdən isə Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilk növbədə Moskvanın müəyyən etdiyi qaydalara əməl etməyi tələb edir.

“Çünki bu təşkilata Moskva rəhbərlik edir və onu məhz özünün iqtisadi və geosiyasi maraqlarına uyğun olaraq yaradıb. Bununla yanaşı, həm Putin, həm də Lukaşenko Paşinyana dəfələrlə bildiriblər ki, seçim etməlidir: ya Avropa, ya da Avrasiya İqtisadi İttifaqı çərçivəsində qalmaq.

Bu vəziyyətdə Ermənistan kiçik ölkədir, iqtisadiyyatı da o qədər güclü deyil. Təbii ki, zərər görəcək və müəyyən itkilərlə üzləşəcək. Gömrük rüsumları tətbiq ediləcək, Ermənistan mallarının idxalı məhdudlaşdırılacaq. Yeni bazarlar tapmaq üçün isə xeyli işləmək lazım gələcək”, – ekspert bildirib.

Onun sözlərinə görə, avropalı tərəfdaşlar Ermənistan məhsulları üçün öz bazarlarını açsalar belə, həmin məhsulların orada alınacağına zəmanət yoxdur. Qapıları açmaq olar, amma içəridə nə ilə qarşılaşacağın böyük sual altındadır.

“Buna görə də rəsmi İrəvan hazırda iki od arasında qalıb: nə Moskva ilə münasibətləri korlamaq istəyir, nə də Avropanı inteqrasiya istiqamətində irəliləyəcəyinə inandırmaqdan vaz keçir.

Amma burada başqa bir sual yaranır: Avropa hazırda Ermənistanı qəbul etməyə nə dərəcədə hazırdır və inteqrasiyanın hansı səviyyəsindən söhbət gedir? Məsələn, Ukrayna, Serbiya, Albaniya və Bosniyanın üzvlüyü məsələlərinin necə dalana dirəndiyini görürük. Hələ Türkiyəni demirəm. Yəni indiki mərhələdə Avropa İttifaqına üzvlük məsələsi faktiki olaraq gündəmdə deyil.

Ona görə də rəsmi İrəvan, əlbəttə, açıq şəkildə Aİ-yə üzvlüyün Ermənistan üçün əlçatmaz olduğunu bəyan edə bilməz. Amma həm daxili, həm də xarici auditoriya qarşısında bu istiqaməti elan etmək zəruridir. Dövlətçiliyin alver predmetinə çevrilməməsinə gəlincə, bu, sadəcə ritorikadır.

Əslində, tam müstəqil və suveren dövlətlər yoxdur. Hər bir ölkə hansısa böyük geosiyasi ittifaqın və ya təşkilatın tərkibinə daxil olduqda, onun şərtlərini qəbul etdiyi üçün bu və ya digər dərəcədə öz suverenliyini bölüşür”, – Aysin fikrini yekunlaşdırıb.

Rauf Orucov