“A-dan Z-yə qədər” atılmalı olan addım – Əliyev “Putin Zirvəsinə” niyə qatılmadı?
Ekspert: “Problemin MDB ilə deyil, məhz Rusiya ilə bağlı olduğu artıq aydındır”
22 Dekabr 2025
Azərbaycan-Rusiya münasibətlərində müstəqillik dövrünün ən gərgin illərindən biri geridə qalır. Ötən il dekabrın 25-də Rusiya səmasında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin HHM vasitəsi ilə vurulmasından sonra ikitərəfli əlaqələr ən aşağı səviyyəyə enmişdi. Təyyarənin vurulması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Rusiya hakimiyyəti uzun müddət qəzada iştirakını inkar etsə də, sonradan təkzibolunmaz sübutlar Kremlin mövqeyində qismən dəyişikliyə səbəb oldu. Amma bu günə qədər də Bakının tələb etdiyi kompensasiya ödənilməyib, məsuliyyət daşıyan şəxslər cəzalandırılmayıb və rəsmi üzrxahlıq edilməyib.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Sammit zamanı Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. Bu, il ərzində Azərbaycan və Rusiya rəhbərlərinin yeganə görüşü olub.
Görüş keçirilsə də, belə görünür ki, ikitərəfli münasibətlərdə ciddi irəliləyiş baş verməyib. Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının və MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində bu gün keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etməkdən imtina edib.
Prezident Administrasiyasından verilən açıqlamaya görə, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev bu görüşə qatılmayıb. Dövlət başçısı MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.
Politoloq Fərhad Məmmədov Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirak etməməsini Azərbaycan–Rusiya münasibətlərində yaşanan və hələ də həllini tapmayan təyyarəsi böhranı ilə əlaqələndirib.

Ekspert bildirib ki, rəsmi izah Prezidentin sıx iş qrafiki olsa da, məsələnin arxa planında daha ciddi səbəblər dayanır. Onun sözlərinə görə, ötən il AZAL-a məxsus mülki təyyarə məhz Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitinə getdiyi vaxt vurulub və həmin vaxt dövlət başçısı təyyarəni havada geri döndərərək Bakıya qayıdıb.
Politoloq xatırladıb ki, faciənin ilk saatlarında yalnız Qazaxıstan ərazisində qəzaya uğramış Bakı–Qroznı reysinə aid dəhşətli görüntülər yayılmışdı. Səbəblər araşdırılmadan, ilk versiyalar ortaya çıxmadan və hökumət nümayəndə heyəti hadisə yerinə yollanmadan əvvəl Prezident Bakıya dönərək birbaşa hava limanında müşavirə keçirib.
Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan–Rusiya münasibətlərində dönüş nöqtəsi bu ilin 9 oktyabrında Düşənbədə keçirilən MDB sammitində iki ölkə prezidentinin görüşü olub. Onun sözlərinə görə, həmin görüşdə Rusiya Prezidenti Vladimir Putin AZAL-a məxsus təyyarənin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində qəzaya uğradığını etiraf edib və üzr istəyib.
Politoloq vurğulayıb ki, belə hallarda beynəlxalq praktikaya görə atılmalı olan addımlar açıqdır: günahın tanınması, rəsmi üzrxahlıq, kompensasiyaların ödənilməsi və məsul şəxslərin cəzalandırılması. Lakin onun fikrincə, Rusiyanın davranışı mərhum Viktor Çernomırdinin “biz A-dan B-yə qədər etdik” ifadəsini xatırladır – yəni yarımçıq bəyanatlar var, amma real addımlar yoxdur.
F.Məmmədov bildirib ki, oktyabrın əvvəlindən bu yana təxminən iki ay yarım vaxt keçməsinə baxmayaraq, Rusiya heç bir öhdəliyini yerinə yetirməyib. Onun sözlərinə görə, istintaq tədbirləri tamamlanmayıb, kompensasiya ödənilməyib, günahkarlar cəzalandırılmayıb.
Politoloq əlavə edib ki, bu şəraitdə Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirak etməsi real görünmür. Onun fikrincə, Moskva anlayırdı ki, təyyarə ilə bağlı məsələ həll olunmadan Azərbaycan rəhbərliyi Rusiyaya səfər etməyəcək.
Fərhad Məmmədov vurğulayıb ki, problemin MDB ilə deyil, məhz Rusiya ilə bağlı olduğu artıq aydındır. O qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb, Ermənistanla ikitərəfli formatda proses irəliləyir, Belarusla da əlaqələr normaldır.
Politoloqun fikrincə, Prezident İlham Əliyev bu qərarı ilə AZAL təyyarəsinin qəzaya uğraması məsələsində ardıcıl və prinsipial mövqeyini bir daha nümayiş etdirib. O bildirib ki, Azərbaycan konstruktiv mövqe tutur, lakin Rusiyanın “A-dan B-yə qədər” yox, “A-dan Z-yə qədər” – yəni tam və məsuliyyətli davranmasını gözləyir.
Fərhad Məmmədov sonda qeyd edib ki, Rusiya tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməzsə, Azərbaycan bu mövzuda mövqeyini beynəlxalq mexanizmlər vasitəsilə də müdafiə etməyə hazırdır.
Turqut