Logo
news content
User
Kateqoriyalar

Analitika

400 yaşlı şahidi arxivə göndərirlər
Hal şahidi niyə icad olunmuşdu, necə istifadə olundu, niyə ləğv edilir?

Hələ onda inkvizisiyanın qızğın vaxtları idi. Kilsə mənsubları münafiqləri, sehrbazları, kafirləri cəzalandırmaq üçün cürbəcür üsullar tapır, din xadimləri insanların gözünü qorxutmaq, “Allahın iradəsini yerinə yetirmək” üçün ağlagəlməz işgəncələr icad edirdilər. 

Belə bir vaxtda Rusiyada kilsə idarəçiləri mövcud şərait üçün olduqca mütərəqqi sayıla biləcək bir addım atdılar. 1649-cu ildə elan olunan Kilsə Məcəlləsində ilk dəfə bəyan olundu ki, günahlandırılan şəxsin evində, üzərində axtarış aparılarkən, hər hansı dəlil və ya sübutun tapılması hal şahidi deyilən şəxsin iştirakı olmadan əsaslı sayıla bilməz. Məcəllədə hal şahidinin özünün keyfiyyətləri də göstərilirdi: “ədalətli, inanıla biləcək, xoş xasiyyətli kənar adam”

Həmin vaxtlar hələ cinayət təqibi ilə mülki proses bir-birindən ayrılmamışdı. Kilsənin bütün ölkə həyatını idarə etdiyi vaxtda bu qərar, hansısa məmurun öz mövqeyindən sui-istifadə edərək təqib olunan şəxsi şərləyə bilməməsi, təqib prosesinə bitərəf və obyektiv adamların cəlb olunması məqsədilə qəbul olunmuşdu.

Bu göstəriş 18-ci əsrdə həbs və cinayət axtarışı işlərində norma kimi müəyyən olundu. 19-cü əsrin sonunda – 1864-cü ildə isə ilk dəfə Rusiya cinayət işləri üzrə məhkəmə araşdırmasında dəyişilməz tələb kimi qüvvəyə mindi... 

Beləliklə, Rusiya hüquq elmindən Azərbaycan qanunvericiliyinə keçən hal şahidi institutunun hazırda 4 əsrə yaxın yaşı var. 

Azərbaycanda hal şahidi institutu sovet dövründə də mövcud olub. Müstəqillik illərində də həm nəzəri, həm praktik hüquqda bu anlayış öz yerini saxlaya bilib. Ancaq 17-ci əsrdə qarşıya qoyulan məqsədlərdən “bir qədər kənaraçıxmalar” həmişə olub. Hüquq-mühafizə orqanlarının tərəfsiz və ədalətli hal şahidi institutunu özünün yedəyində gedən “ştatlı şərçilər” dəstəsinə çevirdiyi barədə illərdir yazılır, deyilir, günümüzdə də belə hadisələrlə rastlaşırıq.  

İndi isə belə çıxır, 400 illik bu institutu ölkəmizdə tarixin arxivinə göndərmək istəyirlər. 

Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılmasına hal şahidlərinin cəlb edilməsi aradan qaldırılır. Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Layihə inzibati icraat zamanı həyata keçirilən tədbirlərə kənar şəxslərin (hal şahidlərinin) cəlb edilməsinin aradan qaldırılmasını nəzərdə tutur.

Mövcud İnzibati Xətalar Məcəlləsinin 92-ci maddəsinə əsasən, şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama, nəqliyyat vasitəsinə baxış və bir sıra digər tədbirlər hal şahidlərinin iştirakı ilə həyata keçirilir.

Dəyişikliklə isə hal şahidlərinin iştirakı aradan qaldırılaraq, həmin hallarda fasiləsiz videoçəkiliş aparılmaqla icraatın həyata keçirilməsi təklif edilir.

Hüquqşünas Xalid Əliyev old.pressklub.az-a açıqlamasında deyir ki, bu, ümumilikdə yenilik deyil. Çünki hələ 8 il əvvəl cinayət prosessual qanunvericiliyə müvafiq dəyişikliklər edilib. 2016-cı ilə qədər Cinayət Prosessual Məcəllədə hal şahidlərinin iştirakının məcburiliyi təsbit olunmuşdu, həmin müddəalar dəyişdirildi: “Yeni formatda nəzərdə tutulur ki, çəkiliş aparılmazsa, hal şahidlərindən istifadə edilə bilər, yəni, məcburi deyil. Bu baxımdan, prinsipcə, inzibati qanunvericiliyə uyğun dəyişikliklərin edilməsi yenilik deyil. Ümumilikdə, hal şahidliyi institutunun tətbiqinin özü mübahisəlidir. Bu, əsasən, sovetdən qalma təcrübə kimi qəbul olunur. Bu instituta yanaşma da illərdir ki, birmənalı deyil. Biz dəfələrlə vəkillərdən, müxtəlif şikayətçilərdən hal şahidlərinin polis və ya digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən şəxslərin sırasından dəvət olunduğunu eşidirik”. 

Hüquqşünas sonda əlavə edir, hal şahidinin işi “gördüyünü təsdiq etmək”dir. Elə situasiyalarda əməliyyat, axtarış tədbirləri aparıla bilər ki, orda hal şahidlərinin cəlb edilməsi mümkünsüz də ola bilər. Bu baxımdan, hal şahidliyi institutundan imtina olunması anlaşılandır. Video çəkilişlərin bu sahədə olan problemləri, şübhələri, dəlillərin toplanmasına olan etimadsızlığı aradan qaldıracağını düşünmək də o qədər asan deyil. Ona görə də əsas istəkdir. Axtarış, yoxlama aparan şəxs və ya qurum  qeyri-qanuni yolla əldə edilmiş sübutlar, dəlillər toplamaq marağında olacaqsa, video çəkiliş də bu marağı tam önləmək gücündə olmayacaq.

İş dolanıb gəlir yenə “ədalətli, inanıla biləcək, xoş xasiyyətli kənar adam” məsələsinə. Ədalətli olduqdan sonra, hüquqşünasın dediyi kimi, şahidə ehtiyac qalmır. Ədalətli olmayandan sonra da həmçinin...

Mədinə Useynova