Logo
news content

Dörd aşiq, “ölməyən” Leyli, klassikaya müasir toxunuş – RESENZİYA
Sənət abidəsinin yeni səhnə həlli və fərqli ifaçılar onu daha baxımlı edib

İşıqlar azalır, zalın önündəki orkestr çuxurunda dirijorun çubuğu qalxır. Sonra çubuğun plastik hərəkəti və qəfil aşağı enişi ilə “Şəbi-hicran”ın sədası yüksəlir. Hər dəfə belə olur. Bu dəfə isə elə olmadı. Əvvəlcə kütləvi səhnə göstərildi: uşaqlar məktəbdə iki-iki, üç-üç gəzişir, çox bəxtəvər görünürdülər. Aralarında Leyli ilə Məcnun da var idi...

Sonra, bayaq dediyim kimi, ecazkar “Şəbi-hicran”la davam edir. Bəlkə də kimsə klassikaya bu cür yanaşmanı qəbul etməz, amma bu da müasir bir baxışdır. Hələ sonda Xan qızı Natəvanın hamımızın Zeynəb Xanlarovanın ifasından az qala əzbər bildiyimiz məşhur “Ölürəm” qəzəlini eşitməyəndə çaşıb qaldım. Axı Leyli belə oxuyardı:

“Varımdı sinədə dərdü-qəmi-nihan, ölürəm,

Fəda olum sənə, gəl eylə imtahan, ölürəm.”

Sən demə, Zeynəb xanımın təkidi ilə Natəvanın qəzəli operaya salınıb. Bilmirəm, indi Füzuli ilə Üzeyir bəy buna razı olardılar, ya yox, amma Xalq artistinin inadkarlığı buna nail olub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını yenidən və yeni quruluşda bu günlərdə Heydər Əliyev adına Respublika Sarayının səhnəsində izlədim. “İzlədim” sözü burada yerinə düşmür. Üzeyir bəyin kədərli eşq hekayəsi danışan ecazkar musiqisi zalı ağuşuna alıb apardı. Yəni biz sadəcə izləmədik, iştirakçısı olduq. Hər dəfə baxanda olduğu kimi, operanı yaşadıq.

Əvvəlcə onu deyim ki, opera ötən il Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə yeni quruluşda hazırlanıb. Yeni quruluşun rejissoru Nicat Kazımovdur. Təfsilata qayıdacağam, amma əvvəlcə operanın tarixindən bir qədər bəhs etmək istəyirəm.

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Azərbaycan mədəniyyətinin ən möhtəşəm sənət abidələrindən biridir, yox, məncə, birincisidir. 1907-ci ildə yazılan, 1908-ci il yanvarın 12-də Bakıda Tağıyev Teatrında səhnəyə qoyulan bu əsər yalnız milli operamızın deyil, bütün müsəlman Şərqində opera sənətinin ilk nümunəsi kimi tarixə düşüb. Dahi bəstəkar Şərqin məşhur məhəbbət dastanını musiqinin dili ilə yenidən canlandıraraq, milli incəsənətdə yeni bir məktəbin əsasını qoyub.

O gecə tamaşaçılar ilk dəfə muğamın opera ilə necə ecazkar şəkildə birləşdiyinin şahidi oldular. Üzeyir Hacıbəyov xalq musiqisinin zəngin xəzinəsini Avropa opera ənənələri ilə sintez edərək, yeni bir janr — muğam operasını yaratdı. Bu, Azərbaycan musiqisinin dünyaya açılan qapısı idi.

Opera Məhəmməd Füzuli tərəfindən XVI əsrdə yazılmış “Leyli və Məcnun” faciəsinin motivləri əsasında yaradılıb.

Füzuli isə ilk dəfə XII əsrdə poeziyamızın klassiki Nizami Gəncəvi tərəfindən yazılı ədəbiyyata gətirilmiş qədim ərəb əfsanəsi “Leyli və Məcnun”un süjetindən faydalanıb. Sonradan bu mövzuya bir çox Şərq şairləri, o cümlədən Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Cami və digərləri də müraciət ediblər.

Hacıbəyovun məhz Füzuli poemasını seçməsinin əsas səbəbi onun türk dilində yazılması idi. Həm də Üzeyir bəy uşaqlıqdan poemanın ayrı-ayrı hissələrini muğam ifaçılarının avazında eşitmişdi.

Hacıbəyovun xatirələrinə istinadən demək olar ki, Azərbaycanda operanın tarixi daha qədimdir: “Təxminən 1897–1898-ci illərdə mən doğma şəhərim Şuşadakı həvəskar tamaşada “Məcnun Leylinin məzarı üzərində” səhnəsini gördüm. Bu səhnə məni o qədər dərindən həyəcanlandırdı ki, opera yazmağa qərar verdim”.

Azərbaycandan kənarda opera ilk dəfə Tiflisdə oynanılıb. Sonradan Cənubi Qafqazın müxtəlif şəhərlərində, Orta Asiyada və İranda, həmçinin Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Özbəkistan və Türkmənistanda səhnələşdirilib.

Operanın yeni səhnələşdirmələri rejissor Soltan Dadaşovun (1935, 1958), M. Məmmədovun (1955, 1976), F. Səfərovun (1994) adları ilə bağlıdır.

“Leyli və Məcnun” operası müxtəlif teatrların səhnələrində 20 mindən artıq dəfə təqdim edilib.

Bu günədək Azərbaycan səhnəsi neçə-neçə Leyli və Məcnun görüb. Mənim gördüklərim arasında Arif Babayevlə Zeynəb Xanlarova, Mənsum İbrahimovla Nəzakət Teymurova da olub.

Qısası, 118 ildir ki, Füzulinin qələmindən Üzeyir bəyin notlarına axan bu məhəbbət hekayəsi səhnələrdən düşmür və hər dəfə yeni imiş kimi qarşılanır.

İndi də elə oldu. Son dəfə “Leyli və Məcnun” operasına Opera Teatrının səhnəsində Hafiz Quliyevin o zaman üçün yeni sayılan quruluşunda Mənsum İbrahimov və Nəzakət Teymurovanın ifasında baxmışdım. Elə bilmişdim ki, bundan yaxşısı olmayacaq. Çünki Xalq artisti Mənsum İbrahimov Məcnun obrazına tamam başqa prizmadan yanaşmışdı, onun fəlsəfəsini mənimsəmişdi. Məcnun onun bədən dili ilə səhnədə yerimirdi — eşq havasında uçurdu. Cisim deyil, ruh kimi görünürdü.

Nicat Kazımovun quruluşunda isə onun baxış bucağından gördüyüm “Leyli və Məcnun” son izlədiyim tamaşadan çox fərqlənirdi. Zatən, Üzeyir bəyin musiqisi insanı darıxmağa qoymaz. Amma yeni səhnə həlli və fərqli ifaçılar opera tamaşasını daha da baxımlı edib.

Səhnədə dörd Leyli, dörd Məcnun var. İlk dəfə Leyli ilə Məcnunun uşaqlıq illərini görürük. Onlar hələ məktəbdə aşağı siniflərdə oxuyurlar. Sonra yeniyetməlik dövrləri yaşca böyük aktyorların ifasında canlanır. Qəhrəmanların müxtəlif anlarını arxa planda onların yaşında başqa aktyorlar canlandırır. Musiqinin “dediyini” onların ifası qəzələ çevirir, musiqi ilə sözün vəhdəti hadisələrin təsirini bir qədər də artırır. Qəzəl deyən aktyorlar baş rolların yaşantılarını həm də plastik hərəkətlərlə məharətlə çatdırırlar. Səslərini nəzərə almasaq, onların ifası əsas Leyli və Məcnundan daha təsirli idi.

Bunu əsaslandıra da bilərəm. Çünki Leyli (Aytən Məhərrəmova) və Məcnun (Fuad Əzizzadə) həmin obrazlarda tam püxtələşmək üçün hələ dəfələrlə Leyli və Məcnun olmalıdırlar. Amma səslərinə söz ola bilməz. Xüsusən Fuad Əzizzadənin zildəki möhtəşəm ifası onun Məcnunu ilk dəfə oynadığını və həyəcanlı olduğunu çox da büruzə vermirdi.

Obrazların qiyafələri də daha zövqlü seçilib. Bəmbəyaz geyimlər saf eşqin rəmzi kimi təqdim olunur.

Nicat Kazımov Üzeyir bəyin musiqisinə, Füzulinin poemasına, ümumiyyətlə, klassikaya heç nəyi incitmədən elə zərif müasir toxunuş edib ki, tamaşaçının bundan xəbəri belə olmayıb.

Operaya Əməkdar artist Əyyub Quliyev dirijorluq edirdi. Tarda isə ustad sənətkar Elxan Mansurovun ifasını tanımamaq mümkün deyil. O, onlarla Leyli və Məcnunu müşayiət edib.

Bir məqamı da deməyə bilmərəm: tamaşaya ciddi xələl gətirməsə də, hiss olunurdu ki, səhnə Opera və Balet Teatrının deyil, konsert salonunun səhnəsidir. Bu fərq istər-istəməz özünü göstərirdi. Opera teatrımızın binası və səhnəsi tamam başqa aura yaradır. Opera öz binasında oynanılmalıdır. Ümid edirik ki, teatr binası tezliklə yenidən tamaşaçısına qaytarılar.