Spayder-cəmiyyət
“Spayder” burada “hörümçək” mənasında deyil ha, ikiyerli yüngül maşındır
21 Yanvar 2022
Doğma “hörümçək” sözünün Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətinə salınmaması, ingilis dilindən alınma “spayder” termininin isə lüğətdə yer alması haqda bir xəbər cəmiyyətimizdə olmazın həyəcan doğurdu. Feysbuk seqmenti çalxalandı, sosial şəbəkələr televiziyalara dəydi, dilin keşiyində dayanmış ziyalılar qəzəbləndilər. Hətta Milli Elmlər Akademiyasının (AMEA) prezidenti də Rəyasət Heyətinin iclasında qəti mövqe ortaya qoydu: “Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”.
Bir gün sonra AMEA-nın Tarix İnstitutunun baş direktoru, bəlkə də, insanlarımızın elmə bunca həssas münasibətindən ruhlanıb, ictimai həyata təsir baxımından qat-qat dərin başqa problemə diqqət yönəltməyə təşəbbüs göstərdi. Bildirdi ki, instituta rəhbərlik etdiyi bir ildən az müddətdə bir dəfə də olsun onunla iş haqqında müzakirələr aparılmayıb... Akademiyanın prezidenti, tarixçi-filosof Ramiz Mehdiyev, “vəzifəsinə uyğun olaraq, heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumayıb".
Amma baş direktor bu bəyanatı ilə bir “hörümçək” qədər rezonans yarada bilmədi. Əşşi, müzakirə edilməyib, edilməyib də... Hesabat oxunmayıb, oxunmayıb da! Guya oxunsaydı, nə olacaqdı? Hörümçək – həmişə hörümçəkdir, səkkiz ayağı, dörd cüt gözü olur, istər lüğətə yaz, istər yazma. Ancaq tarix – həm də siyasətdir, onun “ayaqlarının” və “gözlərinin” sayı haqq-hesabı kimin aparmasından asılıdır. Cəmiyyətin belə qəliz işə qarışmasının düşər-düşməzi olur.
Çox vaxt biz üçüncü-beşinci dərəcəli məsələlər üzərində mübahisələrə o qədər güc sərf edirik ki, əsas məsələyə çatanda yoruluruq, heyimiz qalmır. Və yavaş-yavaş mühüm olanı dərk etmək qabiliyyətimizi də itiririk. Yəni, doğrudanmı kimsə düşünür ki, “hörümçək” sözünün orfoqrafiya lüğətinə salınmaması səhv deyil, millətə qarşı təxribatdır, “ciddi və əsaslı” elmi mübahisələr mövzusudur? Təxribat bilirsinizmi nədir? Təxribat odur ki, Milli Elmlər Akademiyamızın yaşıdı olan Dilçilik İnstitutu bugünədək Azərbaycan dilinin korpusunu yarada bilməyib. Dilin korpusu – onun informasiya-sorğu sistemidir, gövdəsidir, bu dildə bütün mətnlərin məcmusudur. Hər bir inkişaf mərhələsində dilin vəziyyəti haqqında yalnız o tam təsəvvür yaradır. Yeri gəlmişkən, “spayder” terminini əxz etdiyimiz ingilis dilinin korpusu az qala mənimlə yaşıddır, 1960-ların əvvəlindən mövcuddur. Bəs bizdə? Bir neçə il əvvəl növbəti izahlı lüğətini hazırlayanda, “Altunkitab” nəşriyyatının direktoru Rafiq İsmayılov İsraildən tanınmış məsləhətçi çağırmışdı. Mütəxəssis ilk olaraq Azərbaycan dilinin korpusunu görmək istədi. Belə bir şeyin təbiətdə olmadığını biləndə isə heyrətlə soruşdu: “Başa düşmürəm, bəs siz necə işləyirsiniz?” Sonra isə, lap Üzeyir Hacıbəylinin məşhur felyetonundakı firəng kimi, o qaçan qaçdı.
İndi belə görürəm ki, “hörümçək” məsələsi bizim üçün çox mühüm, milli məsələdir. Onun axırına çıxıb problemi kökündən həll etmək lazımdır. Dil korpusu, yiyəsiz qalmış tarix institutunun hesabatı isə xırda işlərdir. Başımızı onlarla ağrıtmayaq. Elə hörümçək yaxşıdır.