Logo
news content

Söz verdi ki, bu dünyaya bir də gələcək
Görkəmli rejissor Rövşən Almuradlının 70 illiyinə

Rövşən Almuradlı ilə yoldaşlığımız onun gözlənilməz zəngindən başladı. “Yalama”nı oxudum, filmini çəkməsəm, ölərəm”. Beləcə də dedi. Vaqif Gərayzadə ilə povest əsasında film yox, tamaşa üçün hazırlıq gördüyümüzü söylədim. Teatrın adını eşidəndə lap gerçəklədi. Üçlükdə işi davam etdirdik. Hazırlıq bitdi, büdcə tutuldu, aktyor heyəti, səhnə seçildi. Tamaşa Cümhuriyyətin 100 illiyinə həsr olunmuş yubiley tədbirinə çatdırılmalıydı, amma məşqlər gecikirdi: sifarişçi müqavilə bağlanmasını uzadırdı. Arada Rövşən bəy telefonda haray çəkirdi: “Öldüm axı-ı…” Tədbirə bir ay qalanda bu xülyadan əlimizi üzməli olduq.

Bax onda Sumqayıt Dramasının yanındakı parkın çayxanasında bizim uzun söhbətimiz oldu. Rövşən bəy illərdir ona tamaşa, film verilmədiyindən, yaradıcı işdən kənarda qoyulduğundan yanıqlı-yanıqlı danışdı. Mən Pluçekin, Ədil İskəndərovun tələbəsi olmuş, 23 yaşında Kral Liri oynamış, “Yük”, “Cavad xan” kimi filmlər çəkmiş, “Dəyirman”, “Qətl günü”, “Ölüləri qəbristanlıqda basdırın”, “Yaşlı xanımın gəlişi” kimi tamaşalar ərsəyə gətirmiş bu rejissorun haqqını danmasam da, bütövlükdə mövqeyini qəbul etmədim. “Sənətkar kiminsə nəsə verəcəyini, istedad nə zaman ona meydan açılacağını gözləməməlidir, qabağı kəsiləndə özünə yol tapıb pırtlamalıdır”, - dedim. Misallar gətirdim, amma düşdüyümüz vəziyyətdə fikrimin inamlı səslənmədiyini görüb bir az barıtını artıq elədim: “İstəyirsən, lap “Yalama”nın filmini çəkək!”

Kim istəməz ki? Doğrusu, o anda bu arzunun tezliklə gerçəkliyə çevriləcəyinə özüm də inanmırdım. Amma geri durmağın yeri yox idi: söz ağızdan çıxmışdı. Oturub sənədli filmin ssenarisini yazdım. Sanki gözəgörünməz bir əl bizə kömək edirdi: Qısa zamanda prodüser də tapıldı, texnika da, vəsait də. Cəmi iki-üç aydan sonra biz Xaçmaza, Tiflisə, Ankaraya, Moskvaya ardıcıl çəkilişlərə çıxırdıq: heç kimin nə sifarişinə, nə təsdiqinə ehtiyac hiss etmirdik. Rejissor Rövşən Almuradlı məndən çox fəallıq göstərirdi, hətta təşkilatı işlərdə də qabağa düşürdü: Türkiyə hökuməti ilə danışıqları o, aparırdı, Rusiya səfərini özü düzüb-qoşurdu…

Paralel olaraq, əlimizdəki iş bitməmiş, gələcəyə plan qururdu, görürdüm ki, beynində nəsə bişirir.

- Ədil İskəndərovun tələbəsi olduğum vaxtlarda ondan mümkün qədər çox öyrənməyə çalışırdım, – biz Yalamadan qayıdan günü Rövşən bəy maşında ürəyini açdı. – Dördüncü kursda oxuyurdum, 75-ci il idi. Bir dəfə yaxınlaşdım, dedim, olarmı evə gedəndə sizi ötürüm?  “Qadam, — dodağını büzdü, — mən qızam, ötürəsən?” Pərt halda geri döndüm. Sonra özü çağırtdırdı. “Evə gedirəm, — dedi, — bəs ötürmürsən?” Düz iki il axşamlar Ədil müəllimə yol yoldaşı oldum, söhbətlərinə qulaq asdım. Danışdığı bir əhvalat heç yadımdan çıxmır. “Vaqif” tamaşasının premyerasından əvvəl şəhərdə səs yayılır ki, Səməd Vurğun şah Qacar obrazında Mircəfər Bağırovu nəzərdə tutub, Ədil İskəndərov da indi bunu səhnəyə çıxarır. Söhbət 1938-ci ildən, repressiyaların qızğın vaxtından gedir ha!!! Məsələni ayırd etmək üçün Bağırov Siyasi Büronun tamaşaya qapalı baxışını keçirir. Sən təsəvvür elə: zalda MİRQƏZƏB, səhnədə Qacar rolunda “qan-qan” deyən Sidqi Ruhulla, səhnənin arxasında hökm gözləyən Səməd Vurğunla Ədil İskəndərov, teatrın qarşısında isə adamları gedər-gəlməzə daşıyan qara NKVD-nin “voronok”u!!! Nələr gəlir başlarına!!! “Sənətkar və zaman” mövzusunda nə qədər sualın cavabı var bu əhvalatda!

— Təsəvvür eləyirəm…

— Ədil müəllimə əhd borcum qalıb. Dünya ölüm-itim dünyasıdır, gəl həmin söhbəti danışım, sən yaz, mən film çəkim. Bilirsən, nə olacaq!!!

— Tutaq ki, mən yazdım. Bəs filmi necə çəkəcəksən? Burda daha, “Yalama”dakı kimi, məni rəssam yerinə də, aktyor əvəzinə də işlədə bilməyəcəksən. Bu sənədli yox, bədii film olmalıdır. Bunun bir yığın kollektivi, dekorasiyaları, geyimləri, bir aləm xərci var.

— Sən yaz, qalanını özüm həll edəcəm.

Bu, atrıq Sumqayıt Dramının yanındakı çayxanada taledən şikayətlənən Rövşən Almuradlı deyildi. O yeni bir enerji, inadla sənətə qayıtmışdı! Qarşısında heç bir maneə duruş gətirə bilməzdi!

Mən “Sənət əbədidir, ömür amanat” adlandırdığım ikinci sənədli povestimi yazıb çapa verənə qədər Rövşən bəy “Əsgərlər unudulanda ölürlər” filmini yekunlaşdırdı, onu Bakıda premyeraya hazırladı, eyni zamanda beynəlxalq festivallara göndərdi, Mayda Ankarada təqdimat üçün dəvətnamə aldı. Arada Qarabağ köçkünlərindən kiçik bir ssenari də yazdı, onun əsasında “Səs” adlı kinonovellanın çəkilişi üçün “Azərbaycanfilm”lə müqavilə imzaladı və bir gün qabağımı kəsdi.

— Ədil müəllim haqda filmin ssenarisi lazımdır. Təcili. Üç nüsxədə.

— Nə vaxta? Hələ heç kitab çıxmayıb.

— Sabah səhərə.

— Mümkün deyil.

— Mümkünsüz heç nə yoxdur. Getdik sizin bağa. Orda işləyərik.

Gecə Rövşən bəy qoltuğunda üç nüsxə ssenari sağollaşıb çıxdı və ertəsi gün zəng vurub “Yaxın vaxtlarda müjdə alacaqsan”, — dedi…

İndi mən “Sənətkar kiminsə nəsə verəcəyini, istedad nə zaman ona meydan açılacağını gözləməməlidir, qabağı kəsiləndə özünə yol tapıb pırtlamalıdır” söyləyəndə bəzən hətta dostların etirazı ilə üzləşirəm. Tanışlardan isə qaşlarını yuxarı dartıb şübhə ilə baxanlar olur: “Deyəsən, bu da…”. Mədəniyyətə, sənətə dövlət qayğısı, əlbəttə, bütün dövrlərdə lazımdır. Ancaq sənətkar özünü həmin qayğıdan asılı hiss etdikcə, “qayğıyla” fərdi yaradıcılıq imkanları arasında mütənasibliyə alışdıqca, azadlığı daralır. Son nəticədə isə SƏNƏTƏ ən böyük zərbəni, bilirsinizmi, nə vurur? Sənətkara qayğısızlıq yox, onun azadlığının məhdudlaşdırılması. Mən belə düşünürəm və təhlükədən uzaqlaşmağın yeganə yolunu daxili azadlığa dayanmaqda, tək ona arxalanmaqda görürəm.

Ağır xəstəlikdən, illərin durğunluğundan sonra Rövşən bəy azad sənətkar həyatının ritmini tutmuşdu. Bir tərəfdən, Elçin Şıxlını rahat qoymurdu ki, “Ölən dünyam”ın çoxdan hazır olan ssenarisini gətir, filmi danışmışam. O biri tərəfdən məni tələsdirirdi. Üçüncü yandan “Azərbaycanfilm”də işə başlamışdı. Eyni zamanda “Yalama” bədii filmi haqqında düşünürdü və kifayət qədər iri həcmdə ilkin kapital tapılmışdı (Gəray Əlibəyli şahiddir). Hələ iki başqa mövzunu da gözaltı eləmişdi: biri Qarabağ müharibəsindən qayıtmış gəncin əvvəlki həyata uyğunlaşa bilməməsi haqda təsirli əhvalat idi, digərini – 1920-ci il Gəncə üsyanını — mən yazmağa başlamışdım.

Bircə vaxtsız ölümə çarə bula bilməzdi Rövşən bəy. Ancaq onu da nəzərə almışdı. Facebook səhifəsində yanvarın 30-da yazdığı bir statusu qalıb:

Mən bu dünyaya bir də gələcəm!
Fələklə döyüşüm bitməyib hələ!..

Axırıncı görüşlərimizdə həmin misraları tez-tez təkrar ediridi. Hər dəfə də xoş söz eşitmək istəyi ilə soruşurdu:

— Nətəri demişəm!!!

Yaxşı demisən, Rövşən bəy, gözəl demisən. Və söz vermisənsə, gələcəksən. Amma bir məsələ var ki, sən hərlənib-fırlanıb bu dünyaya bir də qayıdanda, yəqin, biz buralarda olmayacağıq. Tapşırdığın ssenarilərdən çatdırmadıqlarımı yazıb hazır qoyacam. Çəkərsən. Fələklə döyüşünü bitirərsən.

***

“Kölə əxlaqlı, kölə düşüncəli, kölə həyat tərzi olanlar necə bir tarixi, fəlsəfi biliyə malik olsalar, professional bilikləri aşıb-daşsa belə, yaratdıqları ölü doğulur. Azad düşüncəli azad insanların yaratdıqları əsrləri adlayır. Bu gün də, sabah da diridir.” (Rövşən Almuradlı)