“Övladlarımızı onlardan qorusaq belə, davamçılarından qurtara bilməyəcəyik”
“Dayanın!” çağırışının arxasında da nəsə dayanmalıdır!
13 Fevral 2026
Sosial şəbəkələrdə, media adına iddia edən kanallarda, xəbər xidmətlərində nə qədər çox ədəbsizliyə, hədyana, nifrətə, söyüşə rast gəlirsənsə, belə mühitdə bir o qədər az danışmaq və yazmaq istəyirsən. Amma elə məqam yetişir ki, daha susmağın cinayət olduğunu görürsən.
Siyasi polemika, ictimai müzakirələr və hətta bəzi publik şəxslərin öz aralarında rəqabəti ən abırsız formalar alıb. Biri dövlət xadimini, o biri illərin ağrı-acısından keçmiş bütöv bir həssas sosial zümrəni, üçüncüsü dünənə qədər eyni qabdan yediyi, indi nəyisə bölə bilmədiyi media ortağını hədəfə alır, ata-ana, arvad-uşaq qalmır, intim səhnələrlə dolu videoları iyrənc ifadələr müşayiət edır, aparıcılar adamları efirə çağırıb əyanı şəkildə təhqir edirlər, gəlməyənlərin şərəf və ləyaqətini qiyabi də olsa alçaltmaqla qisaslarını alırlar. Dezinformasiya, əsaslı-əsassız ehtimallar “fakt” adı altında auditoriyaya sırınır, “ekspert”lər real hadisələrə şərh vermək əvəzinə kimlərinsə erotik yuxularını yozurlar. Və bütün bu çirkabı qulaqlarımıza üfürür, gözlərimizə soxur, üstümüzə atırlar.
Ey mənim ağzı söyüşlü, qələmi çamurlu həmkarlarım! Blogerlər, influenserlər, sosial şəbəkə fəalları! “Ədalət uğrunda savaşdığınızı”, “haqqı söylədiyinizi” bəhanə etməyin. Ədalət qarşıya qoyulmuş məqsədlə bərabər, bu məqsədə çatmaq üçün istifadə olunan üsullarla ölçülür. Müstəqil Azərbaycan yaranandan xalqımız siyasi təlatümlər, müharibə stressi içində yaşayıb, onun mənəvi dəyərləri aşınmaqda, mental zədələri artmaqda davam edib. Siz informasiya mühitimizdə kök salmasına çalışdığınız üslubunuzla, zəhərli dilinizlə həmin dəyərlərin dağılmasına, zədələrin dərinləşməsinə xidmət edirsiniz. Belə mühitdə hansı münasibətlərin formalaşacağını, orada uşaqlarımızın necə böyüyəcəyini təsəvvür edirəm! Öz övladlarımın da onların içində olacağını düşünəndə dəhşətə gəlirəm. Dərk edirəm ki, indi onları sizin zərərli təsirinizdən qoruya bilsək belə, gələcəkdə davamçılarınızın qurbanına çevrilmək təhlükəsindən xilas edə bilməyəcəyık. Çünki sizdən bu cəmiyyətə ötürülən virus yayıla-yayıla gedir. Xaricdəki blogerlərin tüpürcəyi daxildəki müəllif-aparıcıların ağız selinə qarışır. Dünən belə çirkin mübarizə üsullarına ancaq siyasi müstəvidə rast gəlinirdi, bu gün onlardan cəmiyyətin “qaçqınlar”, “köçkünlər”, “rusdillilər” adlanan təbəqələrinə nifrət oyatmaq üçün istifadə olunur. Sabah nə baş verəcəyini təxmin etməyə çoxmu ağıl gərəkdir?
Anlayıram ki, “Dayanın!” kimi çağırışların təsirli olması üçün onların da arxasında nəsə dayanmalıdır.
Ancaq iş burasındadır ki, müdrikcəsinə “Hər kəs dilinin altında gizlənib”, - deməklə, ictimai qınağın hər şeyi yerbəyer edəcəyinə, cəmiyyətin özünümüdafiə aləti rolu oynayacağına bel bağlamaq olmur: ölkənin ictimai institutları hansı gücdədirsə, onların qınağı da o qüvvəyə malikdir. Ona görə ictimai rəyi oyada, ona azacıq da olsa təpər verə biləcək təşkilatlar və şəxslər öz səslərini ucaltmalı, bu eybəcərliyin qarşını almağa səy göstərməlidirlər. Əks təqdirdə, hansısa mərhələdə dövlət orqanlarının qanunvericilik yolu ilə tənzimləmə funksiyasını işə salacağına əminəm. Və o zaman “demokratiyanın”, “söz azadlığının pozulması” haqqında danışmaq yersiz görünəcək. Çünki artıq söhbət “dezinformasiya”dan yox, “dezinfeksiya”dan gedəcək…