Logo
news content

Azərbaycan və Ermənistan: sülh naminə silahlanma? – ARAŞDIRMA – II YAZI
Sülhü qorumaq müharibədən baha başa gəlir

Əvvəli burada

Müharibələr arası fasilə: Ermənistan

İkinci Qarabağ müharibəsi başlayana qədər Ermənistan Rusiya hərbi-sənaye kompleksi ilə sıx bağlı olub. İrəvan 2011-2020-ci illərdə silahların demək olar ki, 94%-ni Moskvadan alıb. İkinci az və ya çox nəzərəçarpan hərbi təchizatçı İordaniya (5,2%) idi. Lakin İrəvanın Əmmandan aldığı silahların da Rusiya, daha dəqiq desək, sovet istehsalı olduğu üzə çıxıb. Silahlı qüvvələrini modernləşdirən İordaniya 2017-ci ilin payızında 52 ədəd “Osa AKM” özüyeriyən zenit-raket kompleksinin quraşdırıldığı döyüş maşınını satışa çıxarıb. Onlar vasitəçilərin köməyi ilə David Qalstyanın şirkəti tərəfindən alınıb və təmirdən sonra Ermənistana aparılıb.

2017-ci ildə İordaniya tərəfindən satışa çıxarılan komplekslərin əhəmiyyətli hissəsi Ermənistan tərəfindən alınıb (Jane's Defence Weekly)

SIPRI-nin məlumatına görə, Ermənistan bu tədarüklər sayəsində (üstəlik, Ukraynadan bəzi döyüş sursatları alınıb) 2011-2020-ci illərdə silah idxalına görə dünyada 67-ci yerdə qərarlaşıb və on il ərzində hərbi potensialın inkişafı baxımından Azərbaycandan təxminən 9 dəfə geri qalıb. Bəzi mənbələr hesab edir ki, SIPRI Moskva ilə İrəvan arasında bütün növ hərbi-texniki əməkdaşlığı nəzərə almayıb, lakin indi bunun heç bir əhəmiyyəti yoxdur: Ermənistan ordusunun 2021-ci ilə qədər Rusiyadan aldığı texnikanın əsas hissəsi 44 gün ərzində müharibədə sıradan çıxarılıb. Azərbaycan tərəfi iddia edir ki, müharibə zamanı məhv edilən və ya ələ keçirilən erməni texnika və silahlarının məbləği 5 milyard dolları ötür.

Məğlubiyyətdən hələ də özünə gəlməyən Ermənistan dərhal ordunu yenidən qurmağa başlayıb. SIPRI-nin məlumatına görə, Ermənistan, 21-ci əsrdə ilk dəfə olaraq, 2021-ci ildə silah bazarında aktivlik baxımından Azərbaycanı qabaqlayıb. Müharibədən sonrakı üç ilin nəticələrinə görə (2021-2023), o, dünyanın bütün idxalçıları arasında 77-ci yeri tutub (Azərbaycandan 25 yer yuxarı). Bu dövrdə onun əsas hərbi təchizatçıları Hindistan (52%), Rusiya (42%) və Fransa (5,6%) olub.

Görünən odur ki, Paşinyan hökuməti yeni təhlükəsizlik sistemi axtarışındadır. Ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözləri ilə desək, onun əsas prinsipini belə ifadə etmək olar:

“Biz bütün təhlükəsizlik zəmanətlərimizi ən azı 2021-ci ilin dekabrına qədər Rusiyaya bağlamışdıq. Təhlükə ilə üzləşəndə, Ermənistanın müttəfiqləri, sadəcə olaraq, ​​ona kömək etmədilər. Bunu nəzərə alan Ermənistan diversifikasiyaya və yeni təhlükəsizlik təminatları axtarışına başlayıb”.

Müdafiə strategiyasında hərbi tərəfdaşların seçimi mühüm rol oynayır. 44 günlük müharibədən sonra Ermənistan Hindistanla intensiv danışıqlar aparmağa başlayıb. Mətbuatda yayılan məlumatlara görə, Hindistan şirkətləri ilə 600 milyon dollardan artıq müqavilələr imzalanıb. Dehli İrəvana eyni vaxtda bir neçə hədəfi vura bilən iki “Akaş” mobil zenit-raket kompleksi satıb və sonradan onların sayını iki dəfə artırıb.

Ermənistan həmçinin Hindistandan “Pinaka” reaktiv yaylım atəş sistemləri, tank əleyhinə “Konkurs” raket kompleksləri, yük maşınları üzərində 80 və 155 millimetrlik haubitsalar, atəş mənbələrinin aşkarlanması və izlənilməsi üçün “Svati” mobil radarları alıb. Hindistan qəzetləri yazır ki, yaxın vaxtlarda Ermənistana daha 150 milyon dollar dəyərində özünü dağ döyüşlərində doğrultmuş “ATAGS” haubitsalarının daha bir partiyası veriləcək.

İrəvanla Hindistanın “Zen Technologies” şirkəti arasında cəmi 3 il əvvəl istifadəyə verilmiş “ZADS” müasir pilotsuz uçuş aparatları əleyhinə sistemlərin tədarükünə dair razılıq əldə olunduğu barədə məlumatlar var. “ZADS” düşmən PUA-larının rabitə sistemini sıradan çıxarır və onları zərərsizləşdirir. Bu yaxınlarda tərəflər “Zen Technologies” şirkətinin İrəvanda filialının açılması haqqında saziş imzaladılar ki, bu da böyük planların mövcudluğundan xəbər verir.

Eyni zamanda, Ermənistan və Fransanın Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlığın dinamikası ən yüksək artım tempini göstərir. Onların rəhbərləri tərəfindən imzalanmış müqaviləyə əsasən, Paris İrəvana “Thales” müdafiə qrupundan olan 3 ədəd “Ground Master 200” (GM200) radar sistemini təhvil verəcək. Onlar müxtəlif uçuş aparatlarını, o cümlədən qanadlı raketləri tez biz zamanda aşkar etmək və izləmək qabiliyyətinə malikdirlər. Hərbi nazirlər həmçinin Fransanın Ermənistana alçaqdan uçan obyektləri məhv etmək üçün nəzərdə tutulmuş "Mistral" zenit-raket kompleksləri ilə təmin edilməsinə dair niyyət memorandumu imzalayıblar. 

Müdafiə naziri Sebastyan Lekornu Azərbaycanın Fransa silahlarının regionda yeni müharibəyə səbəb ola biləcəyi ilə bağlı 2023-cü ilin oktyabrında xəbərdarlığına cavab olaraq bildirib ki, Paris bundan sonra da Ermənistan qoşunlarının modernləşdirilməsinə kömək etməkdə davam edəcək. 2024-cü ilin fevralında İrəvana səfəri zamanı isə Lekornu Parisin niyyətlərinin nə qədər ciddi olduğunu açıqlayıb:

"Biz “Mistral” raketləri haqqında danışırdıq. Bunlar yaxın mənzilli raket qurğularıdır. Ondan istifadə etməyi öyrənmək olduqca asandır, biz artıq bu təbəqənin müdafiəsi ilə bağlı müzakirə aparmışıq. İkinci təbəqə qismində hava sahəsinin orta səviyyəli müdafiəsini təklif edəcəyik. Mən, sadəcə olaraq, Fransanın silah və təlim imkanlarını təqdim edirəm. İstehsal məsələsi də var. Və bayaq dediyim kimi, sonuncu təbəqənin mühafizəsi də var, bu, daha ciddi texnologiyadır. Xüsusən də söhbət “Thales” radarlarından gedir və yaxın gələcəkdə “GM200” radarları gətiriləcək”.

Eyni zamanda, İrəvan da Bakı kimi hərbi təchizat coğrafiyasını genişləndirmək üçün imkanlar axtarır. Ermənistan bu yaxınlarda Yunanıstanla hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb. 2024-cü il martın əvvəlində isə Ermənistanın müdafiə naziri Suren Papikyan İranda bu ölkənin ali rəhbərliyi ilə danışıqlar aparıb. “Qarşılıqlı maraq doğuran məsələlər üzrə bir sıra razılaşmalar əldə olunub”, - Ermənistan Müdafiə Nazirliyi səfərin yekunlarına dair məlumat yayıb.

Sülh naminə silahlanaq

Yuxarıda göstərilən silahların sayı və xarakteri ilə bağlı bütün məlumatlar açıq mənbələrdən götürülüb. Baxmayaraq ki, hər kəs bunun ən vacib məlumat olmadığını başa düşür. Onun ən mühüm hissəsi məxfidir və dövlət sirridir.

Ancaq söylənilənlər belə, daxilində həll olunmamış münaqişənin zəhərli meyvələrinin yetişdiyi bir proses haqqında təsəvvürə malik olmaq üçün kifayətdir. Biz 2021-ci ildən bəri görünməmiş sürət qazanan silahlanma yarışının yüksək texnologiya mərhələsindəyik. İki müharibədən sonra qalan mübahisəli məsələlərin sülh yolu ilə həllinə dair sazişin bağlanmasının xeyli yubanmasını nəzərə alsaq, bu vəziyyət getdikcə daha çox təhlükə yaradır. Sonsuz sayda riskin mövcudluğunu nəzərə alsaq, belə bir vəziyyət məntiqi olaraq üçüncü müharibədən başqa nəyə gətirib çıxara bilər?

2020-ci ildən sonra Ermənistan-Azərbaycan münasibətlərində müşahidə olunan tendensiyalar onu deməyə əsas verir ki, İrəvanın dövlətlər arasında hərbi paritet yaratmaq üçün intensiv silahlanması ilə bağlı tezisi yalnız zahirən ağlabatandır və geridə olan tərəfin qulağına xoş görünə bilər. Əslində, bu, ən azı yaxın onilliklərdə qeyri-real görünür və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun təbirincə desək, “qıcıqlandırıcı” səslənir.

Ermənistan və Azərbaycanın müharibədən sonrakı illər üçün hərbi xərclərinin cədvəli bunun ən yaxşı təsdiqidir.

İlÖlkəHərbi xərclər (milyard dollarla)Ötən illə müqayisədə artımBüdcədəki payÜDM-dəki pay
2021Azərbaycan2.720.5%15.38%5.27%
Ermənistan0.619-2.4%15.58%4.47%
2022Azərbaycan2.9911.1%14.92%4.55%
Ermənistan0.79528.4%16%4.32%
2023Azərbaycan3.5619%16%4.9%
Ermənistan1.2447%19.4%5.6%
2024Azərbaycan3.786%17.4%5.4%
Ermənistan1.47%19.7%5.3%

 

Müasir müharibədə çox şeyi pul həll edir. Biz görürük ki, həm hərbi xərclərin artım tempinə, həm də büdcənin hərbiləşdirilməsi səviyyəsinə görə Ermənistan Azərbaycanı qabaqlayır. Amma faizi dollara çevirən kimi qonşuya çatmaq ümidləri də yox olur. 2021-2023-cü illərdə Bakı ordunun gücləndirilməsinə 9,25 milyard ABŞ dolları, İrəvan isə 2,65 milyard ABŞ dolları xərcləyib. Bərabərsizlik nəinki azalmayıb, əksinə, daha 6,6 milyard artıb. Hətta hərbi xərclərinin indiki yüksək səviyyədə olmasına baxmayaraq, İrəvana bu bərabərsizliyi aradan qaldırmaq üçün 5 il lazım olacaq. Bu zaman İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl yaranmış 25 milyardlıq fərq nəzərə alınmamalıdır. Həm də ehtimal etmək lazımdır ki, Azərbaycanın bütün müdafiə xərclərini donduracaq. Amma belə görünür ki, Bakının bu cür planları yoxdur. O, İrəvanın hərəkətlərini diqqətlə izləyir və fəal şəkildə əks tədbirlər görür. Yuxarıda qrafik var və burada iki əyri arasındakı məsafənin artması 2010-cu illərdə Azərbaycan və Ermənistanın hərbi gücündə artan fərqi nümayiş etdirir. 2020-ci illərdə vəziyyətin necə dəyişdiyin baxaq:


Azərbaycan səviyyəni getdikcə qaldırır, bu il müdafiəyə İrəvandan iki dəfə yarım (daha dəqiq 2,7 dəfə) çox pul ayırıb və bu üstünlüyünü uzun illər qoruyub saxlayacağını vəd edir. Bəs bu reallıqları nəzərə alaraq, Ermənistan bir sıra siyasətçilərin və ekspertlərin iddia etdiyi “regionda davamlı sülhün demək olar, yeganə etibarlı təminatı olan” hərbi paritetə ​​necə nail olacaq? Yoxsa, dünyada doğrudanmı elə bir ölkə var ki, hər il İrəvana çatışmayan vəsaitləri kompensasiya etməyə hazırdır? 

Hərbi hazırlıq bizim üçün normaya, həyatın o qədər tanış hissəsinə çevrilib ki, biz müdafiə xərclərinin ölkənin büdcəsinə necə yük olduğu barədə düşünməyi yadırğamışıq. Son məlumatlara görə, Ermənistanın hərbiləşmə baxımından dünyada 3-cü, Azərbaycanın isə 9-cu yerdə olması, əslində hər iki ölkənin həyatının digər sahələri üçün yaxşı deyil, çox pis xəbərdir. Bəli, Ermənistan 2023-cü ildə hərbi xərclərini 47% artıraraq, 2024-cü ildə 1,4 milyard dollara çatdırıb və mütləq rekorda imza atıb. Amma təhsil+elm+mədəniyyət+idmana büdcədən ümumilikdə bunun yalnız 60%-i qədər vəsait ayıra bilib. Azərbaycan isə yeni zirvəyə qalxıb, hərbi xərcləri az qala 4 milyard dollara çatdırıb. Amma biz onun büdcəsinin iki maddəsini müqayisə edəndə təxminən eyni qeyri-mütənasibliyi müşahidə edirik: müdafiə və əhalinin sosial müdafiəsi. Ermənilər və azərbaycanlılar sülhün olacağına, təhsil, səhiyyə, pensiya və s. problemlərini həll edəcəklərinə ümid edərək, məhrumiyyətlərə dözürdülər. Lakin indi məlum olur ki, sülhü qorumaq müharibədən baha başa gəlir.

Arif Əliyev,
Turqut