Logo
news content
User
Kateqoriyalar

Xəbər

Venesiya Komissiyası partiyalar qanununa nə rəy verdi?

Avropa Şurasının konstitusiya hüququ üzrə məşvərətçi qurumu – Venesiya Komissiyası Azərbaycanın “Siyasi partiyalar haqqında” yeni qanunu barədə rəy açıqlayıb. Xəbəri yayan Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov qeyd edir ki, Venesiya Komissiyası qanunda plüralizmə mənfi təsir göstərən müddəaların yer aldığını vurğulayır: partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərədək artırılması; qeydiyyatlı partiyaların yenidən qeydiyyatdan keçməsinin zəruriliyi; partiyaların yaradılması və qeydiyyatı üçün uzun müddət və yükləyici prosedur; dövlət qeydiyyatı olmayan partiyanın fəaliyyətinə yasaq; partiyadaxili struktur və əməliyyatların həddən artıq tənzimlənməsi; Ədliyyə Nazirliyinin partiyaların fəaliyyətinə və partiya üzvlərinin reyestrinə həddindən artıq nəzarəti; hüquqi aktlarının ciddi şəkildə pozulması ilə bağlı olmayan hallarda siyasi partiyanın fəaliyyətini dayandırmaq və ya hətta onu ləğv etmək imkanı.

Rəy ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə birgə verilib.

“Siyasi partiyalar haqqında” yeni qanun 2023-cü il yanvarın 11-də qüvvəyə minib. Dövlət qeydiyyatında olan partiyalara üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir.

Əvvəlki qanunla partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi.

Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.