Rusiya siyasi prestij naminə Xəzərə gedən çay qollarının axın səmtini dəyişir
15 Noyabr 2024
Ekofəallar iddia edirlər ki, çevrəyə fəsadlar törətsə də, Rusiya siyasi prestij naminə sonda Xəzər dənizinə tökülən ən böyük çay qolunun axınını dəyişir. AzadlıqRadiosunun əməkdaşı Rey Farlonq və tatar-başqırd xidmətinin müxbirləri Ramazan Alpaut, Andrey Qriqoryev bunun səbəblərini araşdırıblar.
Rusiyanın Kazan şəhərinin sakinləri Xəzər dənizindən min km şimalda yaşasalar da, insan fəaliyyətinin dənizə necə təsir göstərdiyini öz gözləriylə görürlər. Elə burada Kazanka çayı Xəzər dənizinin ən böyük su qaynağı sayılan Volqa çayına tökülür və axının səviyyəsi gözəçarpan səviyyədə fərqlənir.
Ötən ilin sentyabrında Kazankada suyun səviyyəsi o dərəcədə az idi ki, axının sürəti azaldı. Bir il sonra isə, əksinə, elə yüksək oldu ki, Kazan Kremli çayın üzündə güzgü kimi əks olunurdu. Bu, təkcə hava şəraitinə görə baş vermirdi.
"Orada su anbarları silsiləsi var"
"Bütün Volqa çayı tənzimlənir", - Volqada su səviyyəsini 10 ildir izləyən ekofəal Yuliya Fayzraxmonova belə deyir. O, 2022-ci ildə Ukraynaya tammiqyaslı hərbi müdaxilədən sonra Rusiyanı tərk edib.
"Orada Su Resursları Federal Agentliyinin idarə etdiyi su anbarları silsiləsi var", - Fayzraxmonovanın AzadlıqRadiosu tatar-başqırd xidmətinə dediyi sözlərdir.
Xəzər dənizinə su axınının azalması uzun müddət su anbarları və Volqaboyundakı bir sıra bəndlərlə əlaqələndirilib. Xəzər dənizinə tökülən suyun 85 faizi Volqa çayından gəlir.
Volqa sistemi boyunca həyəcanverici dərəcədə aşağı su səviyyəsi qeydə alınıb.
Rusiya rəsmiləri etiraf ediblər ki, tutalım, balıqartırma məqsədləri üçün Xəzərə yaxın Həştərxan bölgəsindəki kürü istehsalı sahələrində su axını yönləndirilir. Bu da Kazana yaxın ərazilərdə çayın su səviyyəsini azaldıb.
"Həştərxan vilayətində kommersiya baxımından çox qiymətli nərə balığı var", – Fayzraxmonova belə deyir və davam edir: "Amma, təbii ki, Volqanın bizə aid hissəsi bu üzdən əziyyət çəkir".
Ötən ilin oktyabrında Kazan şəhərinin güneyindəki Kuybışev su anbarında suyun səviyyəsi rekord həddə azalmışdı. Bu üzdən, beş ətraf bölgənin rəhbərləri çayı "tənzimləmək" üçün prezident Vladimir Putinə birgə müraciət ünvanlamışdı.
"Rəsmilərlə federal səviyyədə razılıq əldə olunub"
Tatarıstan prezidenti Rüstəm Minixanov Moskvada keçirilən görüşdə su qıtlığının "ictimai iğtişaş" törədə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bir il sonra durum dəyişib və su səviyyəsi həddindən artıq yüksəlib. Di gəl, bəzi iddialara görə, qərarın verilməsi müraciətlə bağlı yox, ötən ay Kazanda keçirilən BRICS sammitinə xarici liderlərin gəlişiylə əlaqəli idi.
"Göründüyü kimi, belə bir tədbir üçün Xəzər bölgəsindəki rəsmilərlə federal səviyyədə razılıq əldə olunub", - ekofəal Timur Eskerayev yerli "İnkazan" xəbər saytına belə deyib.
Onunla həmfikir olan Fayzraxmonova AzadlıqRadiosuna bildirib ki, Volqanı izlədiyi uzun illər ərzində su səviyyəsi ilə mötəbər tədbirlərin keçirilməsi arasında bağlantı gözünə çarpıb.
Bu tədbirlərdən biri də 2018-ci ildəki dünya futbol çempionatı olub. O vaxt bir neçə oyuna Kazan ev sahibliyi edib. Suyun yüksək səviyyəsini başqa səbəblərə bağlayanlar da var.
Kazanlı bioloq Anton Bortyakov "İnkazan"a bildirib ki, qışda yağan şiddətli qar, Minixanovun sözügedən xəbərdarlığı və Volqanın axınını tənzimləmək məsələsinə dair dövlət komissiyasında Tatarıstanın mövqeyi də rol oynayıb.
Bununla belə, rəsmi bilgiyə dayanan bir yerli QHT sammitdən sonra noyabrın əvvəlinədək su səviyyəsinin yenidən aşağı düşdüyü vurğulayıb.
AzadlıqRadiosu suyun yüksək səviyyəsinin BRICS sammiti ilə əlaqəli olub-olmadığına dair sorğusuna Minixanovdan cavab ala bilməyib. Rusiya hakimiyyəti bu radionu "arzuolunmaz təşkilat" sayır.