Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə TUSAŞ-ın obyektinə hücum edilib: Terror zamanı 5 nəfər ölüb, 22 nəfər yaralanıb

Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, yaralananların ümumi sayı 22 nəfər təşkil edir. Onlardan üçü artıq xəstəxanadan buraxılıb.

19:24

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

18:58

Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O bildirib ki, 2 terrorçu da hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.
 

18:26

TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, terrorçular insanları girov götürüblər.

İlkin məlumata görə, üç terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə girib.

Terrorçuların insanları girov götürdüyü ehtimal olunur. Polis ərazini mühasirəyə alıb.

Terrorçular avtomat və tapançalarla silahlanıblar və eyni zamanda partlayıcı maddə və çoxlu sayda sursata malik ola bilərlər.

KİV-in məlumatına görə, polis helikopterləri hadisə yerində patrul çəkir.

17:25

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın istehsal obyektində baş verənləri terror aktı adlandırıb.

O, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.

Türkiyə mətbuatının məlumatına görə, söhbət kamikadzenin partlayıcı qurğunu işə salmasından gedir.

Daha əvvəl verilən məlumata görə, Ankarada TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, bundan sonra atəş səsləri eşidilib. Müəssisənin işçiləri təhlükəsizlik məqsədilə təxliyə edilib.

Terror aktından sonra atışmanın davam etdiyi, təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və tibb işçilərinin hadisə yerinə getdiyi bildirilir.

17:23

Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.

Bu barədə İHA agentliyi məlumat yayıb.

Partlayışın səbəbləri hələ məlum deyil.

“Ankarada, Qəhrəmankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir”, - deyə məlumatda bildirilir.