
Tramp Təhsil Departamentinin ləğvi barədə fərman imzalayıb
22 Mart 2025
ABŞ prezidenti Donald Tramp martın 20-də Ağ Evdə Tələbə və müəllimlərin əhatəsində keçirilən mərasimdə Federal Təhsil Departamentinin (DoE) faktiki ləğvi ilə bağlı fərman imzalayıb.
“Reuters” yazır ki, bu qərar Trampın seçkiqabağı təşviqat vədlərinin bir hissəsi idi. O, düz iki ay əvvəl – yanvarın 20-də prezident vəzifəsinin icrasına başlayıb.
Fərmanla təhsil sahəsinin idarəçiliyi demək olar, tamamilə ştatlara və yerli şuralara verilir. Departamentin tamamilə bağlanması üçün konqresin
müvafiq aktı tələb olunacaq. “Reuters” Trampın bundan ötrü konqresmenlərdən yetərli səs ala bilməyəcəyini qeyd edir.
"Biz təhsili sadəcə, ştatlara qaytaracağıq, bu, məhz onlarda olmalıdır", – Tramp vurğulayıb. O, qərarı düzgün adlandırıb, onun mümkün qədər tez icrasının vacib olduğunu bildirib.
Ağ Ev, departamentin ləğvinin tələbə test nəticələrini yaxşılaşdıracağını, pula qənaət edəcəyini bildirir. Ancaq Demokratlar, digər tənqidçilər deyirlər ki, bu addım ən həssas tələbə kateqoriyalarını, o cümlədən aztəminatlı ailələrdən və ya sağlamlıq imkanları məhdud olanları çətin vəziyyətə salacaq.
Təhsil Departamenti ötən həftə işçilərinin təxminən yarısının işdən çıxarılması ilə bağlı bəyanat vermişdi.