Logo
news content
User
Kateqoriyalar

Xəbər

Texas "müharibəsi": Federal hakimiyyət və ştat rəhbərliyi arasında qarşıdurma

Texas qubernatoru Qreq Abbott Meksika ilə sərhəddə maneələrin sökülməsi ilə bağlı ABŞ federal hakimiyyət orqanları ilə potensial münaqişəyə hazırdır.

Bu barədə o, jurnalist Taker Karlsona müsahibəsində bildirib.

“Bu gözlənilməz hadisə baş verərsə, biz son bir ayda gördüyümüz işi görməyə, yəni bu maneələri qurmağa hazırıq. Mən inanıram ki, gələn il yanvarın 20-nə kimi ABŞ-ın növbəti prezidenti and içərək, sərhədləri təmin edəcək, bu vəziyyət öz həllini tapacaq”, - deyə o qeyd edib.

Xatırladaq ki, Texas Milli Qvardiyası qeyri-qanuni miqrasiya ilə mübarizə üçün bir müddət əvvəl Meksika ilə sərhədə tikanlı məftilli hasar çəkmişdi.

Hadisələrin fonunda Co Bayden administrasiyası Ali Məhkəməyə şikayət edib, o da öz növbəsində bu həftənin əvvəlində hasarın sökülməsi barədə qərar qəbul edib. Lakin ştatın təhlükəsizlik qüvvələri federal patrullara girişi əngəlləyib.

Bundan sonra ABŞ-ın 25 ştatı Texas qubernatoru Qreq Abbottu dəstəkləyib. Bəzi ştatların qubernatorları şəxsən Texasa səfər edib, digərləri ştat Milli Qvardiyasını kömək olaraq Texasa göndərib.

Bundan sonra ABŞ prezidenti Cozef Bayden Konqresin razılığı ilə ölkəyə qeyri-qanuni miqrasiyaya qarşı sərt tədbirlər görməyə razı olduğunu açıqlayıb. Bu barədə Ağ Evin saytında dərc edilmiş bəyanatda bildirilib.

Bayden qeyd edib ki, Meksikadan yüz minlərlə və milyonlarla qeyri-qanuni miqrantın gəldiyi cənubda ABŞ sərhədlərinin sistematik pozulması ilə bağlı vəziyyəti düzəltməyin vaxtı çoxdan çatıb.

ABŞ prezidenti vurğulayıb ki, onun komandası bu problemi həll etmək üçün iki aydır ABŞ Senatında hər iki partiya ilə məsləhətləşmələr aparır.

Bundan əlavə, Bayden Konqresə hökumətin sərhəd təhlükəsizliyi üçün əlavə vəsait tələbini təsdiq etməyi təklif edib.