Logo
news content
User
Kateqoriyalar

Analitika

İlin sonun qədər sülh?
Kazan görüşü və Baydenin məktubu nədən xəbər verir...

Kazanda BRICS sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında əvvəlcədən elan olunmamış görüş baş tutdu. Liderlər öncə qısa təkbətək görüş keçirdilər. Daha sonra geniş tərkibdə danışıqlar apardılar. Ermənistan tərəfindən görüşdə baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycan tərəfdən baş nazirin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov iştirak edirdilər.

Görüş başlamazdan əvvəl Paşinyan sammitdə çıxış edərək bir sıra mühüm bəyanatlar verdi. Məsələn, o, bəyan etdi ki, İrəvan və Bakı sülhün əsasının qoyulması üçün bütün fundamental məsələlərdə razılığa gəliblər.

Paşinyan vurğuladı ki, Ermənistan hökumətinin təklif etdiyi “Sülh kəsişməsi” layihəsi sammitin mövzusuna - “BRICS və qlobal cənub: birlikdə daha yaxşı dünya qurmaq” mövzusuna çox uyğun gəlir.

Layihənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan öz ərazisindən nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin və kabel yollarının keçidini təşkil etməyə hazırdır və maraqlıdır. Bu, həm İran, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə Qara dənizlə Fars körfəzi arasında, həm də Azərbaycan, Ermənistan və Türkiyədən keçməklə Xəzər və Mərmərə dənizləri arasında ən qısa yoldur.

Bu istiqamət Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya əlaqələrində üçün də istifadə oluna bilər. Bunu nəzərə alaraq, Azərbaycana sərhəd və gömrük nəzarəti prosedurlarının sadələşdirilmiş mexanizmlərini, habelə iki ölkələrin yurisdiksiyası və suverenliyinə tam hörmət edilməklə əlavə təhlükəsizlik tədbirlərinin təmin edilməsini təklif etdik”, - Paşinyan bildirib.

Paşinyan Ermənistanın öz ərazisindən keçəcək malların, resursların, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin etməyə imkanı olduğunu da vurğuladı və kommunikasiyaların təhlükəsizliyini üçüncü tərəfin təmin edəcəyi barədə yayılan xəbərləri təkzib etdi.

Azərbaycanla sülh müqaviləsi barədə danışan Paşinyan bildirdi ki, artıq əsas məsələlər, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarından imtina və gələcəkdə ərazi iddiası irəli sürməmək öhdəliyi ilə bağlı razılıq əldə olunub.

Onun sözlərinə görə, Bakı ilə sülh müqaviləsi layihəsi ən azı 80-90 faiz razılaşdırılıb.

Müqavilə layihəsi bizim respublikalarımız arasında münasibətləri normallaşdırmaq və sülhə möhkəm zəmin yaratmaq üçün zəruri olan bütün fundamental məsələləri formalaşdırır və həll edir. Biz Azərbaycanı bu sazişi imzalamağa dəvət edirik”, - Paşinyan bildirdi.

Bundan əvvəl İlham Əliyevlə Nikol Paşinyan Kazanda keçirilən “BRIC+” sammitinin iclası zamanı qızğın şəklidə söhbət ediblər. Bu, hamının diqqətini çəkib. Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, onların söhbəti sammitin ümumi müzakirəsinə mane olmayıb.

Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında danışıqlar bir saat davam edib. Tərəflər ikitərəfli sülh gündəliyi, o cümlədən sülh müqaviləsi, sərhədlərin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xarici işlər nazirlərinə sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin ən qısa zamanda yekunlaşdırılması və imzalanması məqsədilə ikitərəfli danışıqların davam etdirilməsi ilə bağlı tapşırıqlar verilib.

Maraqlıdır, bu planlaşdırılmamış görüş nədən xəbər verir? Yaxın vaxtlarda sülh müqaviləsi məsələsində maraqlı nəsə gözlənilirmi? Yoxsa bu gözləntiləri əbəsdir?

Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Pressklub.az-a açıqlamasında bildirib ki, Kazan görüşü böyük ehtimalla Rusiyanın təşəbbüsü ilə baş tutub.

Böyük ehtimalla bu, ABŞ prezidenti Cozef Baydenin münaqişə tərəflərini - Azərbaycan və Ermənistan liderlərini ilin sonuna qədər sülh sazişi bağlamağa çağırdığı məktublarına cavab olaraq edilən təşəbbüsdür. Baydenin məqsədinin nə olduğunu söyləmək çətindir, lakin çox güman ki, iki məqsəd var. Əvvəla, bu, Cənubi Qafqaz regionunda davamlı sülhün əldə olunmasıdır. Bu regionun artıq həm kommunikasiyaların açılması, həm də Yaxın Şərqə giriş qapısı kimi geosiyasi əhəmiyyəti var. Qlobal və regional oyunçuların aktivləşməsi səbəbindən vəziyyət daha da mürəkkəbləşir. Həll olunmamış münaqişələr regionda maraqları olan qüvvələrin istifadə etdiyi çox mühüm alət olaraq qalır. Gördüyümüz kimi, ən azı altı ölkə regionda öz təsir imkanlarını genişləndirmək məqsədi güdür. Bunlar, ilk növbədə Qərb, Çin, Rusiya kimi qlobal və Türkiyə, İran, İsrail kimi regional oyunçulardır.

Düşünürəm ki, buna görə də Baydenin çağırışı Putini BRICS sammiti çərçivəsində Paşinyanla Əliyev arasında görüş təşkil etməyə məcbur etdi və eyni zamanda ona bir növ beynəlxalq əhəmiyyət verməyə çalışdı. Sonuncu məsələ alındımı? Məncə, yox” – araşdırmaçı deyir.

O qeyd edir ki, Paşinyan geniş formatlı məsələlər təklif edib və detallara diqqət yetirilsə, o, konkret olaraq kommunikasiyaların üçüncü tərəfin iştirakı olmadan açılması şərtini qoyub. “Bu, heç bir halda Rusiyanın maraq və tələblərinə uyğun gəlmir. Çünki sülh müqaviləsi bağlamaq yolunda maneə olan Zəngəzur dəhlizi Rusiya üçün həyati əhəmiyyət kəsb edir və Paşinyan başa düşür ki, bu şərtlər altında Moskva sülh müqaviləsi imzalamağa razı olmayacaq. Yəni o, özünü konstruktiv tərəf kimi nümayiş etdirir və eyni zamanda oyunu Moskva meydanında aparmır, onun üçün qəbuledilməz şərt qoyur. Beləliklə, Paşinyan faktiki olaraq Azərbaycanı pis vəziyyətdə qoyur. Belə çıxır ki, Paşinyan prinsipcə məqbul şərtlər təklif edir, lakin Əliyev razılaşmır.

Belə şəraitdə sülh bağlanacaqmı? Məncə yox. Çox güman ki, bu il müqavilə imzalanmayacaq. Əgər ilin sonuna qədər tərəflər heç olmasa çərçivə sazişi imzalaya bilsələr, bu, ciddi sürpriz olacaq.

Amma böyük ehtimalla, bu da baş verməyəcək. Çünki Baydenin təklifi ABŞ-ı sadəcə vasitəçi etmir, uzun müddətdir gözlənilən sülh sazişinin təşəbbüskarına çevrilməsinə şərait yaradır. Rusiya bu məsələdə həmişə Qərbdən sonra fəallaşıb. Ya özünə sərfəli şərtlərlə sülhə nail ola bilmədiyi, ya da başqa səbəblərdən onun imzalanmasını istəmir. Bu görüş də sadəcə imitasiyadır. Ona görə də, təəssüf ki, sülh prosesinin irəliləyəcəyi və öz məntiqi nəticəsinə çatacağı ilə bağlı gözləntilər əbəsdir.

Tərəflər arasında vasitəçi olmadan müqavilə bağlamaq üçün fürsət var idi, lakin bu şans əldən verildi. Yadınızdadırsa, əvvəlcə Brüssel bu prosesdə vasitəçi kimi çox fəal iştirak edirdi və sonra Moskva bir neçə dəfə müdaxilə etdi. Son nəticədə Brüssel formatı rədd edildi”, - ekspert xatırladıb.

Onun sözlərinə görə, ziddiyyətli vəziyyət yaranıb. “Bu gün Rusiyanın təsiri altında olan Azərbaycan Qərbin təşəbbüsü ilə sülhün bağlanmasını qəbuledilməz hesab edir, Ermənistan isə əksinə, sülhün Moskvanın diktəsi ilə olmasını istəmir. Mən hətta Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin prinsip etibarı ilə Rusiyanın müttəfiqi olan İran tərəfindən dəstəkləndiyini demirəm. Belə şəraitdə sülh müqaviləsi bağlamaq sadəcə olaraq mümkün deyil. Və çox güman ki, müzakirələr davam edəcək. Üstəlik, Rusiyanın Qərb tərəfindən təcrid olunması getdikcə dərinləşir. Biz bilirik ki, artıq Türkiyə də Rusiyanın maraqlarına uyğun gəlməyən bəzi proseslərə qoşulub. Bu, ikili təyinatlı malların Rusiya Federasiyasına tədarükü, eləcə də Türkiyə ilə Ukrayna arasında hərbi məhsulların istehsalı sahəsində əməkdaşlıq məsələləridir.

Göründüyü kimi, proses uzandıqca mənzərə daha da mürəkkəbləşir. Belə çıxır ki, qapalı dairə yaranıb. Sülhün əldə olunması nə qədər gecikirsə, bir o qədər çox iştirakçı bu prosesə daxil olur və yeni oyunçuların meydana çıxması müqavilənin imzalanmasını daha da çətinləşdirir. İndi belə bir tendensiyanı görürük. Və hesab edirəm ki, belə bir şəraitdə Bakı ilə İrəvan arasında sülhün imzalanması faktiki olaraq istisna edilir. İtirdiyimiz yeganə şey odur ki, Ermənistan ən azı dünya ictimaiyyətinin əksəriyyətinin nəzərində Azərbaycandan daha mütərəqqi görünür və bunu çox məharətlə manipulyasiya edir. Təəssüf ki, belədir”, - deyə Ə.Oruclu bildirib.

Rauf Orucov