Sentyabrın 25-dən şəhərətrafı qatarların gediş haqqı artırılacaq
23 Sentyabr 2024
Sentyabrın 25-dən Bakı Dairəvi Dəmir yolu xəttində qiymətlər artırılacaq.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-dən təsdiqləyiblər.
Bildirilib ki, Abşeron dairəvi marşrutu üzrə qiymət minimum 40 qəpik olacaq: "Bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 10-20 qəpik artırılacaq".
Qurumdan vurğulanıb ki, bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və keyfiyyətin artımına yönəlib.
ADY-dən əlavə olunub ki, ölkədaxili səyahət edən sərnişinlər üçün qiymət endirimləri da nəzərdə tutulub: "Biz 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçirik. Səfərə 25-30 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 faiz endirimdən yararlana biləcəklər".
Eyni zamanda sabahdan "Azərbaycan Dəmir Yolları" QSC bir sıra vağzal və stansiyalarda ödənişsiz "Wi-Fi" şəbəkəsi təqdim edəcək. Şəbəkə Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında əlçatan olacaq.