Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada dövlət çevrilişi gözləyənlər var, sayları da az deyil

Rusiyalıların 22 faizi 2022-ci ildə ölkədə dövlət çevrilişi olacağını gözləyir. Bunu “Levada” mərkəzinin keçirdiyi sorğu göstərib.

Sorğu 2021-ci il dekabrın 16-dan 22-dək Rusiya Federasiyasının 50 subyektini əhatə edən 137 yaşayış məntəqəsində, 1640 nəfər arasında keçirilib.

“Levada” oxşar rəy sorğularını əvvəllər də aparıb. Mərkəzin mütəxəssisləri deyirlər ki, son sorğunun nəticəsi ölkədə yaxın zamanda dövlət çevrilişi olacağını gözləyənlərin sayının artmasından xəbər verir. 2006-cı ildən bəri təşkil olunan sorğularda bu gözləntinin sayı heç vaxt 22 faizə çatmayıb. 2020-ci il sorğusu zamanı yaxın gələcəkdə dövlət çevrilişi olacağını deyən respondentlərin sayı 10 faizdən bir qədər çox olub.

2021-ci ilin dekabr sorğusu ölkədə iqtisadi böhran, texniki qəza, kütləvi epidemiya gözləntilərinin də artdığını üzə çıxarıb. 2022-ci ildə iqtisadi böhran olacağını gözləyənlərin sayı 14 faizə, texniki qəzaların baş verəcəyini gözləyənlərin sayı 13 faizə qalxıb. Kütləvi epidemiya gözləntisi isə daha çox artaraq 47 faiz təşkil edib.

“Levada”nın 2021-ci ilin dekabrında apardığı sorğu 2022-ci ildə Rusiyada milli zəmində münaqişələrin düşəcəyindən, qonşu dövlətlərlə və ya NATO ilə müharibənin baş verəcəyindən ehtiyatlanan rusiyalıların sayının da artdığını göstərib. (Novator.az)