Ölkədən qaçdı, milyoner oldu, qorxu içində yaşadı, səfil kimi öldü...
Sovet diplomatının ölkəni şoka salan qaçışının tarixçəsi
06 Aprel 2026
48 il əvvəl sovet diplomatı Arkadi Şevçenko ABŞ-a tərəf keçdi. O, BMT baş katibinin siyasi məsələlər üzrə müavini və müharibədən sonrakı dövrün ən nüfuzlu sovet qaçaqlarından biri idi. O, parlaq karyera quraraq, 40 yaşında xarici işlər naziri Andrey Qromıkonun müşaviri olmuşdu. Onun himayəsindən istifadə edən Şevçenko Nyu-Yorka köçdü və CIA ilə əməkdaşlığa razılaşaraq, amerikalılara SSRİ barədə mühüm məlumatlar ötürdü. Sovet diplomatik korpusunun “ulduzu” bir neçə il ABŞ xeyrinə casusluq etdi və SSRİ XİN-də ona olan etimad o qədər yüksək idi ki, xarici kəşfiyyatın bütün xəbərdarlıqları gözardı edilirdi. Şevçenkonun xəyanəti yalnız 1978-ci ilin aprelində, onun Moskvaya qayıtmaqdan imtina etməsindən sonra üzə çıxdı. ABŞ-da o, milyonçuya çevrilsə də, ömrünün qalan hissəsini qorxu içində keçirdi, bu qorxunu spirtli içkilərlə boğmağa çalışdı və sonda səfalət içində vəfat etdi.
Nyu-York, 6 aprel 1978-ci il, gecə saatları. BMT baş katibinin müavini Arkadi Şevçenko yanğın pilləkəninə gedən qapını açdı və alnındakı təri silə-silə işıqsız pillələrlə aşağı qaçmağa başladı. Liftdən istifadə etməyə cəsarət etmədi — həmyerlilərindən biri ilə qarşılaşa bilərdi. 47 yaşlı kişinin ayaqları qeyri-adi gərginlikdən əsirdi, ürəyi sinəsindən çıxacaq kimi döyünürdü, portfeli dizlərinə dəyirdi. Şevçenko büdrəyir, bir neçə dəfə dayanıb nəfəsini dərirdi, nəhayət, binanın arxa tərəfindən küçəyə çıxdı. Qaranlıqda gözünə xəyanətkarı izləyib məhv etmək üçün gizlənmiş KQB əməkdaşları görünürdü. Amma hər şey sakit idi, yüksək vəzifəli diplomatın qaçışından hələ kimsə xəbər tutmamışdı.
Emosiyalarını cilovlaya bilməyən Şevçenko onu gözləyən maşına doğru qaçdı. Salona oturan kimi Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agenti sona qədər qaza basdı və avtomobil Nyu-Yorkun gecə küçələri ilə irəli atıldı. İstiqamət Pensilvaniya idi — Şevçenkonu orada etibarlı yerdə gizlətməyi planlaşdırırdılar.
“Bir neçə sakitləşdirici həb qəbul etdim, — deyə o sonradan xatırlayırdı, — amma heç nə kömək etmirdi. Bundan sonra haradasa özümü ümumiyyətlə təhlükəsiz hiss edə biləcəyəmmi? Doğrudanmı KQB artıq təqibi dayandırıb? Daxili səs etiraz edirdi: panikaya düşmə, sən azadsan. Azadsan! Yaxşı, azadam, bəs bundan nə çıxır? Mən Amerikaya heyranam, onu sevirəm, amma başa düşürəm ki, buradakı həyata uyğunlaşmaq asan olmayacaq və yerləşib dostlar qazanmağım üçün xeyli vaxt lazım olacaq”.
Diplomatiya və brilyantlar
Sovet İttifaqından onun mövcudluğunun ilk illərindən qaçırdılar. 1930-cu illərə doğru bu hadisə o qədər adi hala çevrilmişdi ki, xaricdə olduqdan sonra vətənə qayıtmaqdan imtina edən sovet vətəndaşları üçün xüsusi ad da yaranmışdı — “qayıtmayanlar”. Qaçanlar arasında aktyorlar da vardı, hərbçilər də, çekistlər də, mədəniyyət xadimləri də. Hətta İosif Stalinin köməkçisi Boris Bajanov belə kommunizmdən məyus olub, Qərbə qaçmışdı.
Diplomatik korpusun nümayəndələri isə xüsusi diqqətlə yoxlanılırdı. Diplomatların hər bir qaçışı, onların xarici kəşfiyyatlarla əlaqəsi isə SSRİ-nin nüfuzuna ciddi zərbə vururdu. İkinci Dünya müharibəsinə qədər ən məşhur “qayıtmayan” diplomatlardan biri Fyodor Raskolnikov idi — o, SSRİ-nin Əfqanıstan, Estoniya, Danimarka və Bolqarıstanda səfiri olmuşdu. 1938-ci ildə o, həbs olunmaqdan ehtiyat edərək Moskvaya qayıtmaqdan imtina etdi, bir il sonra isə müəmmalı şəraitdə həlak oldu.
Müharibədən sonrakı dövrdə Qərbə qaçan ən yüksək rütbəli məmur məhz Şevçenko oldu. Ukraynanın Qorlovka şəhərindən olan bu şəxsin qaçışa qədərki karyerası parlaq idi. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdi. 1954-cü il idi — “yumşalma” dövrü, böyük ümidlər və yeni imkanlar. “Dəmir pərdə” bir qədər qalxmağa hazırlaşır, Şərq və Qərbə daha bir şans verirdi. Həmin dövrdə SSRİ-yə hər zamankından daha çox istedadlı diplomatlar lazım idi.
Aspiranturada Şevçenko SSRİ xarici işlər nazirinin müavininin oğlu Anatoli Qromıko ilə yaxınlaşdı. Onlar tərk-silah məsələləri ilə maraqlanır, birlikdə elmi məqalə yazırdılar. Bir müddət sonra Şevçenko Andrey Qromıkonun evinə ayaq açdı və tanınmış sovet diplomatında müsbət təəssürat yarada bildi. 1957-ci ildə Qromıko SSRİ Xarici İşlər Nazirliyinə rəhbər təyin olundu və eyni vaxtda Şevçenkonun karyerası sürətlə yüksəlməyə başladı. 1963-cü ildə o, ailəsi ilə birlikdə Nyu-Yorka — SSRİ-nin BMT yanında nümayəndəliyinə birinci katib kimi göndərildi.

Onun həyat yoldaşı Leonqina isə Qromıkonun həyat yoldaşı Lidiya ilə dostlaşdı. Deyilənlərə görə, qadınları işgüzar münasibətlər də birləşdirirdi: guya Şevçenko Amerikada xəz paltarlar, dublyonkalar və zinət əşyaları alır, onun böyük rəfiqəsi isə bunları SSRİ-də sərfəli şəkildə yenidən satırdı.
1964-cü ilin oktyabrında Nikita Xruşşovun bütün vəzifələrdən uzaqlaşdırılması və hakimiyyətə Leonid Brejnevin gəlməsi də Şevçenkoya təsir etmədi. Əksinə, onun mövqeləri daha da möhkəmləndi. ABŞ-dakı ezamiyyət başa çatdıqdan sonra Qromıko onu özünə müşavir təyin etdi. Şevçenko gecə ərzində daxil olan teleqramları və məlumatları işləyir, səhər isə ən vacib informasiyanı şəxsən nazirə məruzə edirdi. Yeni statusunda o, Sov.İKP MK Siyasi Bürosunun iclaslarında iştirak edir və partiya ilə dövlətin rəhbərlərinin nə barədə danışdıqlarını bilirdi.

“Üç il ərzində Arkadi Şevçenko Andrey Qromıko ilə çiyin-çiyinə yaşayıb işlədi, — yazıçı Boris Sopelnyak qeyd edirdi. — O, bütün səfərlərdə naziri müşayiət edir, onun üçün məruzələr yazır, çıxış mətnləri hazırlayır, şəxsi nümayəndə kimi dəfələrlə Afrika ölkələrinə və Yaxın Şərqə uçur, kimyəvi və bioloji silahların ləğvi haqqında müqavilənin hazırlanmasını koordinasiya edirdi. Başqa sözlə, Xarici İşlər Nazirliyinin az-çox əhəmiyyətli heç bir işi Şevçenkodan kənar keçmirdi”.
Üç il sonra Qromıko ona yenidən Nyu-Yorka getməyi təklif etdi — bu dəfə BMT baş katibi Kurt Valdhaymın müavini kimi.
Şevçenkonun oğlu Gennadi Şevçenkoya inanmaq olarsa, atası BMT-dəki təyinatını həyat yoldaşı Leonqinaya borclu idi — o, bunun müqabilində Qromıkonun həyat yoldaşı Lidiyaya 56 brilyantla bəzədilmiş broş hədiyyə etmişdi. Kiçik Şevçenkonun fikrincə, o dövrdə yüksək diplomatik rütbəyə çatmaq və yaxşı ölkəyə ezam olunmaq üçün ya güclü himayədarlar, ya da bahalı hədiyyələr lazım idi.
“Şevçenkonu amerikalılar özləri ələ verdilər”
Hər nə olursa-olsun, 1973-cü ildə Şevçenko yenidən Nyu-Yorka yollandı, lakin bu dəfə SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri rütbəsində. ABŞ-dakı sovet səfirliyinə uzun illər rəhbərlik etmiş Anatoli Dobrınin də vaxtilə bu vəzifəni tutmuşdu, buna görə Qromıkonun himayədarını oxşar karyera gözlədiyi düşünülürdü.
Lakin Şevçenko başqa cür hərəkət etməyi seçdi və CIA ilə əməkdaşlığa razılaşaraq, Sovet İttifaqı haqqında məxfi məlumatlar ötürməyə başladı. O, hələ 1975-ci ildə ABŞ-ın BMT-dəki missiyasının rəhbərindən siyasi sığınacaq istəmişdi, lakin amerikalılara qaçqın yox, rəqib düşərgəsindən məlumat verən informator lazım idi.
Sızmanı vaxtında aşkar edə bilməyən KQB əməkdaşları illər sonra Şevçenkonun xəyanətini “amerikan xüsusi xidmət orqanlarının böyük uğuru” adlandırdılar. Onlar gizlətmirdilər ki, səfirin 32 ay davam edən “könüllü, təşəbbüskar və şüurlu” əməkdaşlığı SSRİ-yə ciddi ziyan vurdu. Belə ki, Şevçenkonun köməyi ilə amerikalılar sovet rezidenturasının bir neçə əməkdaşının adını öyrənmiş, FBI isə onları daimi nəzarətə götürmüşdü. O, həmçinin BMT-də çalışan KQB əməkdaşları və müxtəlif ölkələrdəki sovet səfirlərinin məxfi şifroqramları barədə məlumatlar ötürürdü.
1976-cı ildə SSRİ-nin BMT-də daimi nümayəndəsi Oleg Troyanovski oldu. Qromıko ondan digər ölkələrin nümayəndələri ilə polemikaya girməməyi qəti şəkildə xahiş etmişdi. Troyanovskinin müavini vəzifəsi Yuri Drozdova həvalə olundu; onun üçün diplomatik fəaliyyət sadəcə örtük idi — əslində o, KQB əməkdaşı idi və Nyu-Yorkdakı sovet kəşfiyyat rezidenturasına rəhbərlik edirdi. Təqaüdə çıxdıqdan sonra bir neçə kitab yazdı. Drozodova inanmaq olarsa, o, ABŞ-da işlədiyi ilk gündən xəyanətkarın varlığını hiss etmiş və onu fəal şəkildə axtarmışdı. Şevçenko şübhə altına düşənlərdən biri idi.
“Şevçenkonu bizə amerikalıların özləri, hələ o, onların tərəfinə keçməmişdən xeyli əvvəl “ələ verdilər”, — deyə Drozodov danışırdı. — Çünki onlar agentlərlə işləmək qaydalarını pozaraq onun həyat tərzini dəyişdirdilər: maliyyə intizamını pozmasına şərait yaratdılar, bir neçə günlüyə Mayamidə bahalı hotel nömrəsində yerləşdirdilər — bu isə onun imkanlarından açıq-aşkar kənar idi. O, içkiyə qurşandı, işdən yayınmağa başladı, müşavirələrdə özünü aqressiv aparırdı, bəzən səbəbi anlaşılmaz qorxu və depressiya halına düşürdü”.
Şevçenkonun özü sonradan alkoqolizm və amerikalı qadınla münasibəti barədə şayiələri təkzib edir, bunu KQB-nin onu gözdən salmaq üçün istifadə etdiyi adi üsul adlandırırdı — guya SSRİ-dən yalnız mənəvi cəhətdən pozulmuş, aşağı instinktlərinin əsiri olan bir insan qaçıb. Amerikalı jurnalist Ted Şultsun fikrincə isə, Şevçenkonun qaçışı Kreml üçün açıq-aşkar “siyasi və təbliğat baxımından gözlənilməz hadisə” olmuşdu. Analoji hadisələrin çoxluğuna baxmayaraq, Kreml baş verənlərə necə reaksiya verəcəyini tam bilmirdi.
Drozdovun sözlərinə görə, Şevçenkonun davranışında çoxlu şübhəli məqamlar vardı. Məsələn, Troyanovskinin yanında keçirilən müşavirələrin birində o, 1977-ci ilin sonlarında BMT sessiyası üçün sovet nümayəndə heyətinə Moskvadan verilmiş direktivləri tənqid etmişdi ki, bu da “açıq-aşkar ABŞ-ın əlinə oynayırdı”. Kəşfiyyat öz şübhələri barədə Lubyankaya məlumat verir və Şevçenkonun SSRİ-yə geri çağırılmasını təklif edirdi, lakin XİN diplomatın tərəfini tutaraq, ona qarşı izləmənin dayandırılmasını tələb etdi. O vaxt KQB-də məsul vəzifə tutan Viktor Çerkaşinın sözlərinə görə, Drozdovun əlində sənədləşdirilmiş sübutlar yox idi, çünki Şevçenkonun ABŞ xüsusi xidmət orqanları tərəfindən ələ alındığını təsdiqləyən məlumatları yalnız FBI vasitəsilə əldə etmək mümkün idi.
“Qalan məlumatlar isə əməliyyat xarakterli ola bilərdi, — Drozdov “Zavtra” qəzetinə deyirdi. — İnsan kollektivdə olanda onun bir çox hərəkətləri görünür və təhlilə açıq olur. Şevçenko ölkəmizin hakimiyyət strukturlarında yaxşı əlaqələrə, Vaşinqtonda isə çox yaxşı kontaktlara malik idi. Onun müəyyən xarakterli maraq və meylləri əməkdaşlarımıza məlum idi, eləcə də ABŞ xüsusi xidmət orqanlarının ona maraq göstərdiyi bilinirdi. Onun ABŞ əks-kəşfiyyatı tərəfindən cəlb edildiyi və amerikalı xüsusi xidmət nümayəndələri ilə konspirativ mənzillərdə görüşərək onlara lazım olan məlumatları ötürdüyü, onların isə onun istirahətinin təşkilinə kömək etdiyi müəyyən vaxta qədər məlum deyildi”.
“Gecələr oyanır, yataqdan qalxıb araq içməyə gedirdi”
1978-ci ilin mart ayının sonunda Şevçenkonu BMT Baş Assambleyasının yaxınlaşan tərk-silah üzrə xüsusi sessiyası ilə bağlı məsləhətləşmələr, eləcə də “bəzi digər məsələlərin müzakirəsi” üçün təcili olaraq Moskvaya çağırdılar. Teleqram Şevçenkonu vahiməyə saldı: çağırışın səbəblərinin qeyri-müəyyənliyi onu şübhələndirdi, hətta Moskvada onun CIA ilə əməkdaşlığından xəbər tutduqlarını düşünməyə başladı. Diplomat SSRİ-nin Kolumbiyadakı səfirliyinin ikinci katibi Aleksandr Oqorodnikin taleyini xatırlayırdı — o, bir neçə il amerikalılara qiymətli məlumatlar ötürmüş və 21 iyun 1977-ci ildə Moskvada saxlanılarkən qəfil ölmüşdü. Belə nümunələr az deyildi.
Artıq sonralar diplomatın oğlu Gennadi “Satqınlar” filmində qeyd edirdi ki, atası Moskvaya gəlib “spirtli içkilərdən sui-istifadəyə görə Qromıkodan irad eşitmək” üçün geri dönsəydi, Drozdovun Şevçenkoya qarşı sübutları olmazdı — və xarici kəşfiyyat rezidenti böhtana görə cəzalandırıla bilərdi.
Şevçenkonu tanıyanlar hesab edirdilər ki, ona BMT baş katibinin müavini kimi həyat tərzi, bu vəzifənin gətirdiyi hörmət, imtiyazlar və rahatlıq xoş gəlirdi. O özü də xatirələrində Amerikaya heyranlığını gizlətmirdi.
Nəticədə Şevçenko heç bir halda Moskvaya qayıtmamaq qərarına gəldi — hətta bunun ailə üzvləri üçün təhlükəli nəticələr doğura biləcəyini bilə-bilə. Qərarını CIA-dakı tanışlarına çatdırdıqdan sonra diplomat qaçışa mənəvi cəhətdən hazırlaşmağa başladı — çünki planlaşdırılan uçuşa az vaxt qalırdı. 6 aprel 1978-ci il gecə saatlarında Leonqinanın yatmasını gözlədi, əşyalarını çantaya yığdı, portfelini götürdü və gizlicə yanğın pilləkəninə tərəf keçdi.
Pensilvaniyaya çatdıqdan sonra Şevçenko özünü yenidən toparladı və ilk növbədə Brejnevə məktub yazmaq qərarına gəldi. O, quru və rəsmi dillə bildirirdi ki, Sov.İKP üzvlüyündən imtina etməyə onu SSRİ-də baş verənlər — “Oktyabr inqilabı ideallarına xəyanət” və “KQB tərəfindən insan hüquqlarının dəhşətli şəkildə pozulması” məcbur edib. Bununla belə, qaçqın BMT baş katibinin müavini postunu tərk etmək niyyətində deyildi — ən azı ailəsi onun yanına gətirilənədək. Tezliklə amerikalıların vasitəçiliyi ilə Şevçenkonun Dobrınin və Troyanovski ilə görüşü baş tutdu; onlar qaçqının motivlərini anlamağa çalışırdılar. Söhbət nəticəsiz qaldı, halbuki Şevçenkonu ABŞ-dakı sovet səfiri ilə dostluq münasibətləri bağlayırdı. Maraqlıdır ki, Dobrınin 1990-cı illərdə nəşr olunan xatirələrində Şevçenkonun adını bir dəfə də çəkməmişdi.
Qəzetlər hadisədən yalnız bir neçə gün sonra xəbər tutdu. 11 aprel 1978-ci ildə “The New York Times” qəzetinin birinci səhifəsində Valdhaymın müavininin qaçışı barədə xəbər dərc olundu.
“Demək olar ki, bütün məlumatlarda həmkarlarımın şoka düşdüyü deyilirdi, — Şevçenko xatırlayırdı. — Məni ortodoks sovet funksioneri, itaətkar və sadiq kommunist, sərt xətt tərəfdarı kimi tanıyırdılar. Mənim SSRİ-nin ən gənc səfirlərindən biri olduğum vurğulanır, Qromıkonun müşaviri kimi xidmətim qeyd olunurdu — bu da həm parlaq karyeramın, həm də siyasi etibarlılığımın sübutu kimi təqdim edilirdi. Bəzi jurnalistlər ehtimal edirdilər ki, mən zamanla xarici işlər nazirinin müavini ola bilərdim”.
Şevçenkonun qaçışı böyük beynəlxalq qalmaqala səbəb oldu və Qromıkonu çətin vəziyyətə saldı — o, “satqın yetişdirdiyinə” görə özünə haqq qazandırmalı oldu. Deyilənə görə, nazir bildirirdi ki, onun o qədər köməkçisi və müşaviri var ki, hamısını soyadla xatırlamır və işdən kənar onlarla ünsiyyət saxlamır. Lakin Şevçenko ilə Qromıkonun çoxsaylı birgə fotoları bu sözlərin bir qədər riyakar olduğunu göstərirdi.
Artıq yenidənqurma dövründə çoxları bu hadisənin XİN rəhbəri üçün niyə heç bir nəticəsi olmaması ilə maraqlanırdı. Müqayisə üçün, AFR kansleri Villi Brandt yaxın ətrafında Ştazi agenti aşkar edildikdən sonra istefa vermişdi. Gennadi Şevçenkonun fikrincə, Brejnev həmişə daha çox xarici işlər nazirinin rəyinə qulaq asırdı, nəinki Sov.İKP-nin Beynəlxalq şöbəsinə.
“Bundan başqa, Qromıko Yuri Andropov ilə çox yaxşı münasibətlərə malik idi; onun oğlunu XİN-də işə götürmüş və səfir rütbəsini kifayət qədər tez əldə etməyə “mane olmamışdı”, — deyə o, “AiF” qəzetinə bildirirdi. — Bu da Qromıkoya, irəli çəkdiyi Şevçenkonun “nankorluğuna” baxmayaraq, öz vəzifəsində qalmağa imkan verdi”.
6 may 1978-ci ildə Moskvada Leonqina Şevçenko yoxa çıxdı. Qohumları onu axtarmaqdan yoruldular, axtarışlara KQB əməkdaşları da qoşuldu, lakin nəticə olmadı. 8 mayda qızı Anna Frunzenskaya sahilindəki mənzildə qəribə qoxu hiss etdi və milisi çağırdı. Gələn sahə müvəkkili isə heç nə qeyri-adi hiss etmədi və dedi ki, bu naftalin qoxusudur. Bundan sonra oğlu Gennadi pis qoxunun mənbəyini özü tapmaq qərarına gəldi. Məlum oldu ki, qoxu divar şkafından gəlir. O, şkafın qapısını açdı, şubalarla dublyonkaları araladı və anasının soyuq əlini gördü. Az sonra mənzilə artıq KQB müstəntiqləri gəlmişdi.
Arkadi Şevçenko həyat yoldaşının ölüm xəbərini yalnız 11 mayda aldı. O, Leonqinanın intihar etdiyinə inanmadı və onun ölümündə yenə də KQB-nin əli ola biləcəyini düşündü. Şevçenko öz kitabında hadisənin versiyasını belə izah edirdi: Leonqina yüksək vəzifəli sovet məmurlarının həyatına dair bildiyi xoşagəlməz sirləri açıqlamaqla hədələyib, “kimlərinsə karyerası üçün təhlükəyə” çevrilib və nəticədə aradan götürülməli şəxs kimi seçilib.
Görünür, bu xəbəri aldığı vaxt Şevçenko artıq başqa bir qadınla yaşayırdı — ABŞ xüsusi xidmət orqanları onun yanına Cudi Çaves adlı fahişə yerləşdirmişdilər; o, yalnız öz “birbaşa vəzifələrini” yerinə yetirmir, həm də müştərisi barədə məlumat ötürürdü. Qadın sonralar yazdığı xatirələrində sovet diplomatının intim münasibətlərdə təcrübəsizliyindən şoka düşdüyünü etiraf etmişdi: “Mən Arkadi ilə onun ABŞ-da qalmasından üç həftə keçməmiş tanış oldum. Qarşımda tam çökmüş adam görürdüm. O, həm fiziki, həm də psixoloji baxımdan dəhşətli vəziyyətdə idi və sutkalarla ayıq olmurdu. Bəzən gecə oyanır, yataqdan qalxıb araq içməyə gedirdi. İnanmaq çətin idi ki, bu adam vaxtilə belə yüksək vəzifə tutub. “İçməsəm, kabuslar görəcəyəm”, — deyirdi”.

Bu arada Şevçenko Moskvada qiyabi şəkildə mühakimə olunaraq ölüm cəzasına məhkum edildi. O isə təbii ki, sovet hakimiyyətinə hökmü icra etmək imkanı vermək niyyətində deyildi və ABŞ-da həyata uyğunlaşmağa çalışırdı — Harvard Universitetində SSRİ-nin xarici siyasəti üzrə mühazirələr oxuyur, məqalələr yazır, diplomatik xidmətdə yaşaya bilmədiyi həyatın “zövq”ünü dadırdı.
Tam uyğunlaşdıqdan sonra Şevçenko kriminal mövzular üzrə yazan jurnalist Ellenlə yaxınlaşdı və hətta onunla evlənmək qərarına gəldi. Lakin bu nikah uzun sürmədi — qadın 1990-cı ildə xərçəngdən vəfat etdi.
Onun ölümündən sonra Şevçenko dinə yönəldi, pravoslav kilsəsinə getməyə başladı və mühacir Nataliya Osinina ilə tanış oldu. Aralarındakı 20 ildən çox yaş fərqinə baxmayaraq, o, keçmiş diplomatın növbəti həyat yoldaşı oldu. Deyilənlərə görə, bu evlilik sonda Şevçenkonu tam müflis vəziyyətə saldı və o, vaxtilə kitabına görə milyonluq qonorar almasına baxmayaraq, 1996-cı ildə özünü müflis elan etdi.
Son illərini o, Vaşinqtonun ucqarında sadə birotaqlı mənzildə keçirdi. 28 fevral 1998-ci ildə 67 yaşında qaraciyər sirrozundan vəfat etdi.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada