Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ordusu Limana gedir - İstiqamət dəyişdi

Rusiya ordusu Donetsk vilayətində hücumun istiqamətini dəyişib.

İngiltərənin “Röyter” agentliyi rusların növbəti hədəfinin Liman şəhəri olduğunu iddia edir.

Fevralın əvvəlindən Rusiyanın bu istiqamətdə 50-yə yaxın hücumu Ukrayna qoşunları tərəfindən dəf edilib.

“Bu, Baxmutdan sonra düşmən üçün çox maraqlı olan ikinci əsas istiqamətdir. Çünki Limana yaxınlaşsanız, Kramatorsk və Slavyanska yol açılacaq. Bu, həmin istiqamətdə “son” təhlükədir, ona görə də bu ərazi uğrunda bu qədər mübarizə aparmağa çalışırlar. Liman Baxmutdan az əhəmiyyət kəsb etmir”, - Ukraynalı hərbi mənbə “Röyter”ə deyib.

Onun fikrincə, rusların Limana doğru irəliləməsi Ukrayna müdafiə qüvvələrinin Siverskdə mühasirəyə alınması təhlükəsi yarada bilər. Bu qəsəbə Soledardan yuxarı, Limandan aşağıda yerləşir.

Eyni zamanda, Liman Kreminnanın qərbində yerləşir. Donetsk və Luqansk vilayətlərinin bu şəhərləri arasında müvafiq olaraq 30 kilometr uzunluğunda yol var. Liman artıq bir dəfə Rusiya qoşunları tərəfindən işğal edilib, amma Ukrayna Silahlı Qüvvələri ötən il oktyabrın əvvəlində oranı azad edib.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu isə iddia edir ki, rusların Baxmut yaxınlığında hələ şəhər uğrunda döyüşlərdə iştirak etməyən bölmələri var. Bu yaşayış məntəqəsini ələ keçirmək üçün işğalçılar çoxlu sayda ehtiyat qüvvədən istifadə etməli olacaqlar.