Borreldən Azərbaycana, Hacıyevdən Borrelə ittiham...
15 Noyabr 2024
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Jozep Borrel Azərbaycan rəhbərinin COP29 konfransında Avropa ölkələrinə və şəxsən Borrelə qarşı səsləndirdiyi ittihamları rədd edib.
“Prezident Əliyevin Aİ, Fransa və Hollandiyaya qarşı ittihamları dərin təəssüf doğurur.
Bu cür qəbuledilməz bəyanatlar konfransın mühüm iqlim məqsədlərinə və Azərbaycanın COP29-da sədrliyinə inamı sarsıtmaq riski daşıyır.
Biz Fransa və Hollandiyanı dəstəkləyirik.
Aİ və onun ölkələri qlobal iqlim maliyyələşdirməsinə ən böyük töhfə verənlər və iqlim dəyişikliyi ilə mübarizədə dünya üzrə tərəfdaşları dəstəkləyirlər.
Biz həmçinin Azərbaycan hakimiyyətinin ölkədəki agır insan haqları vəziyyəti fonunda mediaya və QHT-lərə hücumlarını rədd edirik”.
Borrell bu barədə cümə axşamı X platformasındakı hesabında yazıb.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə Borrellin bəyanatlarına cavab olaraq “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib: "Avropa İttifaqının "bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təsvir edilməsi son dərəcə təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün "biz və barbarlar" narrativindən başqa bir şey deyil".
"İnkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də Aİ üzv ölkələrinin dənizaşırı regionları iqlim dəyişikliyindən çox əziyyət çəkirlər. Lakin özünüidarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onlara məhəl qoyulmur. COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir. Aİ-yə üzvlük neo/müstəmləkə idarəçiliyini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir və nəzərə almaq lazımdır ki, Aİ-nin bəzi üzv-ölkələrinin acınacaqlı müstəmləkə idarəçiliyi və utancverici qul ticarəti təcrübəsi var", - paylaşımda qeyd edilib.
Onun sözlərinə görə, Azərbaycan COP29-un təşkilatçısı kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Lakin EEAS-ın Avropa İttifaqına üzv ölkələrə COP29-da iştirak etməməklə bağlı təlimat göndərməsi tamamilə qəbuledilməzdir.
"Eyni qaydada bəzi Aİ ölkələri diplomatik kanallarından istifadə edərək digər dövlətləri COP29-da iştirak etmək fikrindən daşındırmağa çalışdınız. Bunu etməklə siz COP prosesini pozmağa çalışırdınız. Lakin bütün bu cəhdlər uğursuz oldu. COP-da 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. 70 000-dən çox iştirakçı qeydiyyatdan keçib. Sadəcə xatırlatmaq istəyirəm ki, COP prosesi BMT-yə və dünyaya məxsusdur", - H.Hacıyev yazıb.
"Bütün bu səmərəsiz hücumlara baxmayaraq, Azərbaycan COP29-un təşkilatçısı və sədri kimi COP-un inklüzivliyini təmin etmək üçün əlindən gələni etməyə və qlobal iqlim gündəliyində gözlənilən nəticələrə nail olmaq məqsədilə tərəflərlə konstruktiv şəkildə işləməyə davam edəcək", - paylaşımda vurğulanıb.