Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya müdafiəni gücləndirib - Ukraynanın əks-hücumuna hazırlaşır

Rusiya Ukrayna qüvvələrinin çoxdan gözlənilən əks-hücum əməliyyatı ərəfəsində müdafiəsini gücləndirib.

“Agence France-Presse” (AFP) ilhaq edilmiş Ukrayna ərazilərini qoruyan 800 km Rusiya hüdudlarının üç dəfə möhkəmləndirildiyini və canlı qüvvə ilə doldurulduğunu bildirib.

Belə ki, Rusiyanın müdafiə xətti Ukraynanın cənubundakı Xersondan ölkənin şimal-şərqinə qədər 500 mildən çox uzanır.

“Bu müdafiə xətləri çoxsəviyyəli istehkamlardan və səngərlərdən ibarətdir”, - Amerikanın analitik mərkəzi olan “American Enterprise Institute”un əməkdaşı Bredi Afrik deyib.

O, AFP-yə bildirib ki, bunlara tank əleyhinə xəndəklər, yüksək maneələr, “əjdaha dişləri” kimi tanınan yığma müdafiə xətləri, quru minaları və şəxsi heyət səngərləri daxildir.

Onun sözlərinə görə, Rusiyanın məqsədi “işğal olunmuş əraziyə nəzarəti saxlamaq və Ukraynanın əks-hücum əməliyyatına başlamaq imkanlarını məhdudlaşdırmağa çalışmaqdır”.

Fransanın Aralıq Dənizi Strateji Araşdırmalar Fondundan Pyer Razu söyləyib ki, Moskvanın strategiyası “istənilən hücumu” dəf etməkdir.

“Hücum edənlər, çox güman ki, ikinci səviyyəyə çatdıqda ilişib qalacaqlar və hətta onu keçsələr belə, üçüncünü qırmaq çox çətin olacaq”, - o qeyd edib.