Zəngəzur dəhlizi Rusiyasız açılır?
Bakı Ermənistan rəhbərliyinin qərarını gözləyir
06 Noyabr 2024
Azərbaycan və Ermənistan 4 ildir, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı danışıqlar aparır, lakin heç bir nəticə yoxdur. Azərbaycan bu illər ərzində Zəngəzur dəhlizinin açılmasını və Naxçıvan eksklavına yoxlamasız keçməyi tələb edir. Məhz bu fikir ayrılıqlarına görə avqustda tərəflər məsələni sülh sazişindən çıxararaq, daha sonra müzakirə olunması barədə razılığa gəliblər.
Xatırladaq ki, ötən ilə qədər regional nəqliyyat yollarının açılması ilə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupu məşğul olurdu. Lakin üçtərəfli işçi qrupu bir ildən artıqdır ki, görüş keçirmir. Ötən ayın 20-də Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, buna səbəb konsensusun olmamasıdır. "Konsensus əldə olunmayana qədər detallar üzrə müzakirələrin davam etdirilməsinin mənası yoxdur", - Qriqoryan qeyd edib.
Ermənistan və Azərbaycanın Rusiya tərəfinin iştirakı olmadan konsensusa gəlib-gəlmədiyi, müzakirələrin davam etdiyi bəlli deyil, ancaq məlumdur ki, Kazan danışıqlarında konkret yükdaşımaların bərpası məsələsi müzakirə olunub. Dünən Ermənistan parlamentinin sədri Alen Simonyan bu barədə jurnalistlərə təfərrüatlı açıqlama verməkdən imtina edib.
“Sizdən xahiş edirəm ki, anlayışla yanaşasınız və nə məndən, nə də digər rəsmilərimizdən çox məlumat gözləməyəsiniz, çünki bu məlumat prosesin özünə zərər verə və prosesi poza bilər”, - Simonyan vurğulayıb. O, istisna etmir ki, İrəvan və Bakı regional marşrutların açılması məsələsini baş nazirin müavinləri Mher Qriqoryan və Şahin Mustafayev arasında keçirilən sonuncu görüşdə ikitərəfli formatda müzakirə edirlər. “Hər şey mümkündür, deməliyəm ki, biz kiçik, çox kiçik addımlarla ikitərəfli şəkildə müsbət nəticəyə doğru irəliləyirik və hər şey mümkündür”, - o qeyd edib.
Beləliklə, məlum olur ki, Zəngəzur dəhlizinin sülh müqaviləsinin mətnindən kənarda saxlanılması barədə razılaşmaya baxmayaraq, bu istiqamətdə proses dayanmayıb. Sərhədin demarkasiyası komissiyasının koordinatorları Şahin Mustafayev və Mher Qriqoryan bəyan ediblər ki, nəqliyyat əlaqələrinin bərpa olunmasını ayrıca müzakirə ediblər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da ötən həftə parlamentdə blokadanın ləğvi ilə bağlı təklifləri Bakıya göndərdiklərini bəyan edib. Amma bu addımın məsələnin sülh sazişindən çıxarılmasından əvvəl, yoxsa sonra etdiklərinə aydınlıq gətirməyib. Nazir təkliflər paketinin məğzini də açıqlamayıb, sadəcə bildirib ki, söhbət sərhəd-keçid və gömrük prosedurlarının sadələşdirilməsindən gedir.
Ermənistanın Ərazi idarəetmə naziri Qnel Sanosyan isə yerli mətbuata açıqlamasında hazırda dəmir yolunun hansı hissəsinin müzakirə edildiyini dəqiqləşdirməyib və qeyd edib ki, söhbət “Sülh qovşağı” layihəsinin tam həyata keçirilməsindən gedir.
“Söhbət Meğri dəmir yolu, Yerasx hissəsi, İcevan dəmir yolu, yəni fəaliyyət göstərən və olmayan infrastrukturlardan gedirdi. Müzakirələr onların yenidən işə salınması imkanlarını əhatə edir”, - nazir bildirib.
Sanosyan onu da qeyd edib ki, aydın razılaşmalar əldə olunarsa, Ermənistanın yeni dəmir yolu, avtobanlar tikməyə maliyyə imkanları var. “İlk növbədə hesablamalar yekunlaşdırılacaq, tikinti tarixləri dəqiqləşdiriləcək və layihə sifariş olunacaq”, - o, vurğulayb.
“Büdcə tutacağıq, nə qədər pul lazımdırsa, illərə böləcəyik və edəcəyik. Biz heç bir problem görmürük, Ermənistan hökumətinin belə böyük layihələri həyata keçirmək imkanı var. Bu cür layihələri həyata keçirərkən ölkələr tez-tez kredit vəsaitlərini də cəlb edirlər”, - deyə ərazi idarəetmə naziri bildirib.
Bu barədə Bakıda nə düşünürlər? Rusiyanın prosesdən kənarda qalması, nəqliyyat yollarının açılması barədə danışıqların ikitərəfli qaydada aparılması mümkündürmü?
Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, sərhədlərin delimitasiya komissiyasının üzvləri olan baş nazirin müavinləri həm də nəqliyyat kommunikasiyaları ilə bağlı üçtərəfli (Rusiya, Azərbaycan, Ermənistan) komissiyanın üzvlərdir: “Onlar bu məsələlər haqda tam məlumatlıdırlar və lazım olan fəaliyyətləri işləyib hazırlayıblar. Qalır, Rusiya və Ermənistan arasında razılaşma və Azərbaycanın əsas tələbi olan Naxçıvana maneəsiz keçidin təmin edilməsi. Bu iki istiqamətdə də razılaşma əldə olunaraq qərar qəbul olunarsa, o zaman nəqliyyat kommunikasiyalarının açılması da mümkündür”.
Beləliklə, hər iki tərəfdən verilən cavablardan aydın olur ki, əsas məsələ Azərbaycan və Ermənistanın razılığa gəlməsidir, bu zaman Rusiyanın nəqliyyat dəhlizlərində iştirakı gündəlikdən çıxa bilər.
İrəvan Azərbaycanın Naxçıvanla əlaqənin hüquqi-siyasi mexanizmləri barədə tələblərini yerinə yetirsə, Moskvanın 10 noyabr bəyanatına istinad edərək öz qoşunlarını bölgədə yerləşdirməsi faktiki mümkünsüz olacaq. Əlbəttə, Ermənistanın hazırkı şəraitdə belə bir riskə gedib-getməyəcəyi də sual doğuran məsələdir. Çünki Rusiya rəsmiləri Zəngəzur dəhlizində iştirak məsələsini regional maraqlarını prioriteti elan edib. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun oktyabrda İrəvanda səsləndirdiyi birmənalı mövqe yaddan çıxmayıb. O, bildirmişdi ki, regionda nəqliyyat əlaqələri 10 noyabr 2020, 11 yanvar 2021-ci ildə qəbul edilmiş üçtərəfli razılaşmaya əməl olunaraq bərpa edilməlidir.
Beləliklə, top Ermənistanın meydanındadır, Azərbaycan Paşinyan hökumətinin hansı qərarı verəcəyini gözləyəcək.
Turqut