Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya işğal etdiyi ərazilərə sovet simvollarını qaytarır - FOTO

Rusiya-Ukrayna müharibəsinin ilk günündən – fevralın 24-dən işğal altında olan Geniçesk şəhərində bolşevik inqilabının lideri, sovet Rusiyasının və SSRİ-nin ilk rəhbəri Vladimir Leninin heykəli peyda olub.



Geniçesk şəhəri Ukraynanın Xerson vilayətində, Azov dənizi sahilində, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasının şimalında yerləşir.

Geniçeskdə hökumət binası qarşısında Leninin heykəli sovet dövründə olub. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra müstəqillik qazanmış keçmiş sovet respublikalarının hər birindəki kimi Ukraynada da Leninin heykəllərinin sökülməsinə başlanıb. Geniçesk bu prosesdə sonuncu şəhər olub. Leninin heykəli burada 2015-ci ilədək qalıb.

2015-ci il iyulun 16-da Geniçesk Şəhər Şurası Leninin heykəlinin sökülüb götürülməsinə qərar verib.

2022-ci il aprelin 18-də, Rusiya ordusu şəhəri işğal edəndən 54 gün sonra sosial şəbəkədə Geniçesk şəhər administrasiyasının binası qarşısında yenidən Leninin heykəlinin peyda olduğunu təsdiqləyən foto paylaşılıb. Heykəl əvvəlki yerdə qoyulsa da, əvvəlkinə oxşasa da, əvvəlki abidənin özü deyil. Başqa abidədir. Hazırkı heykəlin haradan gətirildiyi bilinmir.

Bundan başqa, işğal edilmiş şəhərin administrasiya binasının damına Rusiya Federasiyasının üçrəngli dövlət bayrağı və “Qələbə bayrağı” adlanan qırmızı bayraq (1945-ci ilin mayında sovet əsgərlərinin Berlində Reyxstaq binası üzərinə qaldırıdığı, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayrağın prototipi) sancılıb.

Ukraynanın Xerson vilayətindən olan deputatı Yuri Sobolevski Geniçeskdə bolşevik simvollarının bərpasına “Facebook” şəbəkəsində belə reaksiya verib: “İdbarlar keçmişə səyahət yönündə eksperimentlərini davam etdirirlər. Qırmızı bayraq, sovet abidələri… Və bütün bunlar humanitar böhranın kəskinləşdiyi, fərqli baxışlara, vətəndaş mövqeyinə qarşı sərt repressiyaların həyata keçirildiyi dövrdə baş verir. Məqsəd aydındır. Onlar əhalidə nostalji ovqat parazitini yaymaqla məşğuldurlar”.