Rusiyanın neft daşıyan tanker donanması iflic edilib
15 Yanvar 2025
Yanvarın 10-da ABŞ-nin yeni sanksiyalar paketini elan etməsindən sonra Rusiya neftini daşıyan ən azı 65 tanker lövbər salıb.
"Reuters" agentliyi "MarineTraffic" və LSEG gəmilərin hərəkət monitorinqi xidmətlərinin məlumatlarına əsasən bildirir ki, həmin tankerlərdən beşi Çin limanlarında, daha yeddisi Sinqapurda "ilişib". Digərləri isə Baltik dənizi və Uzaq Şərqdə Rusiya yaxınlığında dayanıb. İran limanları və Süveyş kanalına yaxın sularda da dayanmış daha 25 neft tankeri qeydə alınıb.
Yanvarın 13-də iki milyon bareldən çox Rusiya nefti daşıyan üç tankerin isə Çinin şərq sahillərindəki sularda lövbər saldığı müəyyən olunub. "Bloomberg" bildirib ki, bu tankerlərə yaxın ərazilərdəki limanlara giriş icazəsi verilməyib. Şandun əyalətindəki limanları idarə edən şirkət sanksiyaya düşmüş tankerlərin girişinə qadağa qoyub.
"Reuters"in məlumatına görə, Rusiya neftinin digər əsas alıcısı Hindistan da ABŞ sanksiyalarına məruz qalmış tankerləri boşaltmaqdan imtina edəcək. Yalnız yanvarın 10-dan əvvəl icarəyə götürülmüş gəmilər, martın 12-dən əvvəl boşaldılması şərti ilə, istisna olacaq. Bundan əlavə, Hindistan bankları neftin sanksiya qoyulan tədarükçülərdən gəlmədiyinə əmin olmaq üçün onun mənşə sertifikatlarını tələb edəcək.
ABŞ Maliyyə Nazirliyi ötən həftə Rusiyanın neft hasilatçıları "Qazprom Neft" və "Surqutnefteqaz"a sanksiyalar tətbiq edib. Bu şirkətlərlə dollar və ya Amerika maliyyə sistemindən istifadə etməklə maliyyə əməliyyatları aparmaq qadağan olunub. Rusiyanın ən böyük gəmiçilik şirkəti "Sovkomflot"a qarşı sanksiyaların müddəti növbəti dəfə uzadılıb. Məhdudiyyətlər Qərbin sanksiyalarını pozaraq müxtəlif ölkələrin bayraqları altında Rusiya neftini və neft məhsullarını daşıdığı iddia edilən 183 tankerə şamil olunub.