Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

2025-ci ildə Avropa İttifaqından nələr gözlənilir

Mənbə: Azadlıq Radiosu 

2025-ci ildə Avropa İttifaqında (Aİ) baş verəcək hadisələrin böyük bir qismi Donald Trampın ABŞ prezidenti kimi vəzifəyə gəlməsindən asılı olacaq. Aİ rəsmiləri Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimini və onun yeni administrasiyasının yaradacağı problemləri maraqla izləyirlər.

AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyakın yazdığına görə, qeyri-müəyyənliklə yanaşı, Aİ rəsmilərinin qarşılaşmağa hazır olduğu konkret məqamlar da var. Bunlardan biri tariflərdir. Trampın seçki kampaniyasında idxal məhsullarına tariflərin tətbiq olunması vədi real görünür. O, bütün idxal məhsullarına 10-20 faiz universal tarif tətbiq olunacağını bildirib. Bununla belə, bəzi məhsullara daha yüksək tariflərin tətbiqi ilə bağlı narahatlıqlar da var.

Digər konkret məsələ isə müdafiə xərclərinin artırılması ilə bağlı təzyiqlərin olacağıdır. ABŞ-nin yeni seçilmiş prezidenti son vaxtlar bu mövzuda təzyiqi artırıb. O, NATO-nun avropalı müttəfiqlərindən ümumi daxili məhsulun (ÜDM) 5 faizinin hərbi müdafiəyə ayırmağı tələb edir. Halbuki, NATO-nun Avropadakı üzvlərinin çoxu əvvəlki 2 faiz hədəfini çətinliklə yerinə yetirir.

Ukrayna məsələsində sanki Aİ-nin ideyaları tükənib

2025-ci ildə hansısa sülh və ya atəşkəs razılaşmasının əldə olunacağı təqdirdə, Ukraynanın gələcəyi ön planda olacaq. Yenə də, bu məsələ Trampdan asılıdır. Aİ üçün əsas hədəf ən azından danışıqlar masasında yer almaqdır. Bu isə heç də qətiləşməyib.

Ukrayna məsələsində Aİ sanki yalnız kənardan hərəkət edir. Ukrayna prezidenti Volodimir Zelenskinin ən son təklifi buna nümunədir: Qərbdə dondurulmuş milyardlarla Rusiya aktivlərinin Ukraynaya verilməsi və bu pullarla ABŞ silahlarının alınması. Belə bir razılaşmadan Aİ-nin əldə edəcəyi fayda olduqca məhduddur. Birincisi, bu pullar Avropa əvəzinə ABŞ xəzinəsinə yönələcək. İkincisi isə, həmin Rusiya aktivlərinin böyük hissəsi Aİ-də yerləşdiyi üçün bu addım avrozonanın etibarlılığını zədələyə bilər. Üçüncü ölkələr avrozonanı biznesləri üçün təhlükəsiz məkan kimi qəbul etməyə bilər.

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya verilən son G7 kreditinin təminatı kimi istifadə edib. Bu vəsait ən azı 2025-ci il üçün Kiyevin xərclərini ödəməyə kifayət edəcək. Lakin hazırda ideyalar və təşəbbüslər baxımından Avropa irəliləməyə hazır deyil.

Rusiyaya qarşı sanksiyalarla bağlı konsensus axtarışı

Aİ sanksiyalar vasitəsilə Rusiyaya daha çox zərər vurmaq cəhdinə davam edəcək. Keçən ilin ikinci yarısında Macarıstanın Aİ Şurasına sədrliyi dövründə Brüssel bu istiqamətdə çox zəif addımlar atıb. İndi Aİ Şurasına sədrlik edəcək Polşanın daha sərt mövqeyinə uyğun olaraq Brüsseldə 24 fevraladək yeni bir sanksiya paketinin hazırlanmasına ümid edilir. Həmin tarixdə Rusiyanın Ukraynaya qarşı bağlatdığı işğalçı müharibənin üçüncü ildönümüdür.

Rusiyanın maye təbii qaz (LNG) və nüvə sənayesini hədəf almaq kimi fikirlər bəzi üzv dövlətlər tərəfindən irəli sürüləcək, amma bunun Aİ-yə üzv 27 dövlət tərəfindən qəbul olunacağı şübhəlidir.

Macarıstan hələ də Rusiyaya qarşı mövcud Aİ iqtisadi sanksiyalarının daha altı ay uzadılmasını təsdiqləməyib. Son tarix yanvarın 31-dir və diplomatik mənbələr bildirir ki, rəsmi Budapeşt blokun bu qərarı Trampın andiçmə mərasimindən sonra qəbul etməsini istəyib.

Aİ üzvləri arasında Rusiyanı, bəlkə də, ən çox dəstəkləyən Macarıstanın sanksiyaların uzadılmasını təsdiqləməsi müqabilində nə istədiyi aydın deyil. Mümkündür ki, Budapeşt sanksiyaların yumşaldılmasını və ya demokratiya sahəsindəki zəif göstəricilərinə görə dondurulmuş Aİ fondlarına çıxış əldə etmək istəyir. Aİ diplomatları bu məsələnin yanvarın son həftəsinə qədər uzanmasından narahatdırlar. Mümkün həll yanvarın 27-də Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündə və ya həmin həftəki təcili sammitdə ola bilər.

Aİ-nin genişlənməsi dayanıb

Aİ Şurasına Polşanın sədrlik edəcəyi müddətdə blokun genişlənməsi ilə bağlı 33 fəslin açılması ilə bağlı tarixi qərarın qəbulu gözlənilir. Bu genişlənmə fəsilləri blokun üzvlüyünə namizəd ölkələrin Aİ standartlarına uyğunlaşmalı olduğu əsas siyasət sahələri ilə bağlıdır. Lakin bu qərarın qəbul ediləcəyi tamamilə dəqiqləşmiş bir məsələ deyil.

Genişlənmə ilə bağlı qərarlarda bütün üzv dövlətlərin razılığı alınmalıdır ki, bura Macarıstan və Slovakiya kimi skeptik ölkələr də daxildir. Bu iki ölkə Ukraynanın Aİ-yə inteqrasiya planlarını tənqid edir.

Ehtimal var ki, Serbiya əlavə genişlənmə fəsillərini açmağa icazə alacaq. Bu, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğalçı müharibədən sonra ilk dəfə baş verəcək. Lakin ehtimal olunur ki, Baltikyanı ölkələr, Polşa və Niderland buna narazı qalacaqlar. Onlar Belqradın Rusiyaya yaxınlığından və Serbiyanın demokratik göstəricilərindən narahatdırlar.

Digər namizəd ölkə Gürcüstanın Aİ-yə üzvlük prosesi isə, hələlik, dondurulmuş vəziyyətdə qalacaq. Aİ-nin Tbilisi ilə necə davranacağı barədə indi ümumi bir mövqeyi yoxdur. İqtidarda olan "Gürcü arzusu" hökuməti dövründə Tbilisi demokratik geriləmədə ittiham olunur.

Hakim partiya ilə əlaqəli şəxslərə qarşı sanksiyalarla bağlı konsensus azdır. Bununla yanaşı, diplomatik pasport sahibləri üçün viza rejiminin liberallaşdırılmasının dayandırılması ilə bağlı rəmzi addımın atılması gözlənilir.

2024-cü ilin oktyabrında baş tutmuş mübahisəli parlament seçkilərinin təkrar keçirilməsi üçün Aİ ölkələrinin birgə təşəbbüs göstərməsi ehtimalı da azdır. Bunun sübutu kimi, adətən açıq danışan Şimal-Baltik xarici işlər nazirlərinin bəyanatına baxmaq olar. Vəzifəsindən ayrılan Gürcüstan prezidenti Salome Zurabişvilinin istefası ilə bağlı nazirlərin birgə bəyanatında deyilir: "Gürcüstan təcili olaraq böhrandan çıxış yolu tapmalı və öz demokratik institutlarına olan ictimai etimadı bərpa etməlidir. Biz Gürcüstan hökumətini ATƏT-in seçkilərlə bağlı tövsiyələrini reallaşdırmağa və bu tövsiyələrə əsaslanaraq yeni seçkilərin keçirilməsi imkanını nəzərdən keçirməyə, bu istiqamətdə dərhal tədbirlər görməyə çağırırıq".

Hazırda Brüsseldəki ümumi fikir ondan ibarətdir ki, Gürcüstan Türkiyə ilə oxşar vəziyyətdə olacaq. Bu isə o deməkdir ki, Gürcüstan rəsmi olaraq Aİ-yə namizəd ölkə olsa da, üzvlük yolunda proseslər faktiki olaraq dayandırılmış olacaq.

Serbiya və Kosovo arasında fikir ayrılıqları davam edir

Qərbi Balkanlarda Aİ-yə üzvlük arzusunda olan ölkələr arasında Albaniya 2024-cü ilin ikinci rübündə yeddi müzakirə fəslini açıb. Gözlənilir ki, Albaniya bu il də daha çox fəslin açılması ilə üzvlük yolunda sürətli irəliləyişini davam etdirəcək.

İslahatların çatışmazlığı səbəbindən Şimali Makedoniya və Bosniya və Herseqovinanın üzvlük prosesi ilə bağlı, ehtimal ki, irəliləyiş olmayacaq. Ancaq regionun digər ölkəsi, artıq bütün fəsilləri açmış Monteneqro 2025-ci ildə bəzi fəsilləri bağlamağı ümid edir. İndiyə qədər Monteneqro təxminən öz fəsillərinin beşdə birini bağlamağı bacarıb. Brüsseldə də bu ölkənin 2030-cu ilə qədər Aİ-yə 28-ci üzv ölkə olması üçün müsbət niyyət mövcuddur. Bununla Aİ genişlənmənin hələ də mümkün olduğunu nümayiş etdirmək istəyir.

Avropa Komissiyasının genişlənmə və qonşuluq siyasəti üzrə yeni komissarı Marta Kosun bu ilin əvvəlində Podqoritsanı regionda ilk səfər nöqtəsi seçməsi təsadüfi deyil. Region üçün hələ də ən önəmli məsələ, həmişə olduğu kimi, 2011-ci ildən bəri davam edən Belqrad və Priştina arasındakı normallaşma prosesidir.

Kosovoda fevralın 9-da keçiriləcək parlament seçkilərindən sonra ən yüksək səviyyədə bu danışıqları yenidən canlandırmağa cəhdlər olacaq. Seçkilərdə hazırkı baş nazir Albin Kurtinin qalib olacağı gözlənilir.

Aİ-nin yeni top diplomatı Kaya Kallas ilk səfərini Qərbi Balkanlara, ehtimal ki, Kosovodakı seçkilərdən sonra edəcək. Baş nazir Kurti və Serbiya prezidenti Aleksandar Vuçiç indiyə qədərki danışıqlarda uğurun əldə olunmasına az maraq göstəriblər. Bu, xanım Kallasın işini çətinləşdirəcək.

Populistlər irəliləyir

2025-ci ildə populist partiyaların və siyasətçilərin Aİ-də mövqelərini gücləndirəcəyi ehtimal olunur. Fevralın 23-də Almaniyada parlament seçkiləri keçiriləcək. Seçkilərin nəticəsində mərkəz-sağçı Xristian Demokrat İttifaqı və mərkəz-sol Sosial Demokrat Partiyasının böyük koalisiya formalaşdıracağı ən ehtimal olunan nəticədir. Ancaq, eyni zamanda, radikal sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının 20 faiz civarında səs toplayaraq ikinci yerə çıxacağı ehtimal olunur. Bu, partiyanın seçkilərdə indiyə qədərki ən yüksək nəticəsi olacaq.

Fransada isə hökumət radikal sağçı partiyanın səssiz dəstəyi ilə çətinliklə irəliləyir, yeni növbədənkənar seçkilərin iyulda çağırılması gözlənilir.

İspaniya və Niderland hökumətləri qeyri-sabitdir və bu il istefa verə bilər.

Çexiyada isə milyarder populist Andrey Babişin oktyabrda keçiriləcək seçkiləri qazanması ehtimalı var, bu isə Praqanı siyasi mövqe baxımından Macarıstan və Slovakiya ilə daha da yaxınlaşdıracaq.

Avstriyada sağçı radikal Azadlıq Partiyası ilk dəfə hökumət formalaşdırmaq üçün tapşırıq alıb. Bu isə Vyananı böyüməkdə olan Mərkəzi Avropa populist blokuna yaxınlaşdıra bilər.

Polşa burada istisnadır və onun lideri, qərbyönlü Donald Tusk indi Aİ-də ən güclü siyasətçi hesab olunur. Bu yanaşma onun ölkəsinin Aİ sədrliyini həyata keçirməsi, Vaşinqtonla yaxın münasibətlərinin olması və NATO-da ÜDM-in faizi baxımından ən böyük hərbi xərclər ayırması ilə dəstəklənir. Lakin hətta Varşava da seçkilərlə məşğuldur. Belə ki, mayın 18-də ölkədə prezident seçkisi və iyunun 1-də potensial ikinci tur keçiriləcək. D.Tuskun müttəfiqi, Varşava meri Rafal Tşaskovski ilkin favoritdir. O, qalib gələrsə, Tuskun ölkədəki gücünü möhkəmləndirəcək. Mühafizəkar partiya "Hüquq və Ədalət"in namizədi Karol Navrotski də ciddi mübarizə aparacaq. Bu seçki mübarizəsi yazda ölkənin diqqətini tamamən özünə cəlb edəcək.