Qarşıdakı vəzifələr: 'Güclü ordu…'
25 Sentyabr 2024
Prezident İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb. Dövlət başçısı deyib ki, birinci nömrəli vəzifə hərbi gücün artırılmasıdır: "…Həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meylləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir".
Azərbaycan prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyib. O, sərhədlərin qorumasının vacibliyini və ideoloji təhlükəsizliyin də prioritet sahələrdən biri olduğunu bildirib.
İqtisadi məsələlərə də toxunub: "Bu ilin iqtisadi sahədə göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb, qeyri-neft sektorunda 7 faiz olub".
Prezident sosial islahatlardan bəhs edərkən gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını vurğulayıb.
Milli Məclisin deputatı Naqif Həmzəyev Turana bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi və 2023-cü ildə ölkənin suverenliyi tam bərpa olundu: “Azərbaycan Ermənistanla sülhün imzalanması üçün ən çox səy göstərən tərəfdir. Ancaq çox təəssüf ki, Ermənistan öz havadarlarının dəstəyi ilə silahlanır və danışıqlar prosesindən müəyyən dərəcədə yayınır və nəticə etibarilə səmimi deyil. Biz işğal dövründə öz hərbi gücümüzü artırmışıq və məhz onun və “xalq, ordu, lider” birliyi hesabına biz torpaqlarımızı işğaldan azad etdik. Yəni, güc olduğu təqdirdə hüquq işləyir. Bu gün Azərbaycan yaratdığı yeni reallıqlar fonunda öz gücünü artırır”.
Deputat qeyd edib ki, bu gün Azərbaycanın güclü ordusu olmasa sabah yenidən Azərbaycanın suverenliyi yenidən təhdid altında ola bilər: “Bu baxımından biz mütləq hərbi gücümüzü həmişə ən yüksək səviyyədə saxlamalıyıq. Bunun üçün də səylərimizi artırmalıyıq”.
N.Həmzəyev vurğulayıb ki, bununla paralel işğaldan azad olunmuş ərazilərdə bərpa işləri getməli və 1 milyona yaxın məcburi köçkünün öz torpaqlarına qayıtması məsələsi ən qısa müddətdə həll olunmalıdır: “Artıq 8 mindən çox məcburi köçkün öz dədə-baba torpaqlarına geri qayıdıb. Bu, həqiqətən də çox yaxşı göstəricidir. Müharibədən dərhal sonra öz hesabına bərpa-quruculuq işlərin belə sürətlə aparılması çox yaxşı göstəricidir”.
Onun sözlərinə görə, bütün bu sadalanan məsələlərlə yanaşı təbii ki, siyasi, sosial və iqtisadi sahədə də Azərbaycan bu günə qədər çox böyük işlər görüb: “Bu gün də bu sahədə işlər görülməkdədir. Biz bu gün Azərbaycanda siyasi dialoqun mövcudluğunu xüsusi qeyd etməliyik. Artıq yeni qəbul edilmiş qanunvericilikdən sonra siyasi partiyaların qeydiyyat prosesinin həyata keçirməsini və bu partiyalar arasında biz ümummilli məsələlərdə birlik görə və bu birliyi nəticəsində uğur görə bilirik. Bununla yanaşı yeni formalaşmış parlamentdə də biz çoxlu siyasi partiyaların nümayəndələrinin və müstəqil deputatlarının təmsilçiliyini görə bilirik”.
Deputatın fikrincə, Azərbaycan iqtisadiyyatı güclü olmasaydı hərbi gücü də olmazdı: “Bütün bu sadalanan uğurlar birbaşa olaraq iqtisadiyyata bağlıdır. Bu gün Azərbaycan höküməti çalışır ki, neftdən asılılığını azaltmaqla qeyri-neft sektorunu inkişaf etdirsin və eyni zamanda Azərbaycan uzun illərdir ki, loqistik şəbəkəni öz ərazisində qura bilir. Bu gün Şimal-Cənub dəhlizinin, eyni zamanda Şərqdən Qərbə doğru nəqliyyat dəhlizinin işə düşməsini Azərbaycan öz hesabına həyata keçirib. Biz Ələt azad iqtisadi zonasını da xüsusilə qeyd etməliyik ki, gələcəkdə o Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verəcək. Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının yenidən qurulması və yaxın illərdə ölkə iqtisadiyyatına inteqrasiya edilməsi nəticə etibarilə Azərbaycan gücünə güc qatacaq”.
N.Həmzəyev qeyd edib ki, bu günə qədər Azərbaycan sosial yönlü siyasətini həyata keçirib: “Dövlət büdcəsinə nəzər salsaq görərik ki, sosial xərclər ön cərgələrdədir. Düşünürəm ki, yaxın on illiklərdə Azərbaycan sosial yönümlü siyasəti davam etdirəcək və biz əhalinin sosial rifahının yaxşılaşdırılması üçün bütün mümkün alətləri işə salmışıq. Bir sözlə, güclənən Azərbaycanın məqsədi vətəndaşların sosial rifahıdır. Bu missiyanı yerinə yetirmək üçün biz milli təhlükəsizliyi məsələləri yüksək səviyyədə təmin etməliyik”.
Milli Məclisin deputatı Fazil Mustafa da Turana bildirib ki, Prezidentin parlamentdə çıxışı konseptual bir çıxış idi və ölkə başçısı bütün vətəndaşları və dövlət orqanları qarşısında duran vəzifələri vurğuladı: “Əslində bu vəzifələr sistemli şəkildə ona görə çatdırıldı ki, ölkənin gələcəyi ilə bağlı hansı prioritetlər daha çox diqqətə gəlsin. Prezident qeyd etdi ki, islahatlar davam edir. Eyni zamanda ölkə başçısı ölkənin iqtisadi inkişafı və işğaldan azad edilmiş torpaqları ilə bağlı həyata keçirilən dövlət proqramı ilə bağlı təfərrüatlı danışsaydı bu, saatlarla çəkəcəkdi. Ona görə də daha çox özətlərini təqdim etdi və bu onların içində daha çox təhlükəsizlik məsələsini önə çəkdi”.
Deputatın fikrincə, bütün bu məsələlər islahatların davam etməsi ilə bağlıdır: “Çünki bu islahatları davam etdirmədən iqtisadi inkişafdan, insanların mədəni dəyərlərindən və sosial rifah inkişafından danışmaq o qədər də əsaslandırılmış olmur. Prezident qeyd edib ki, bizim əsas uğurumuz sabitlikdir. Sabitlik olmasa heç bir islahatın uğur qazanma imkanı yoxdur. Ona görə də sabitliyə üstünlük verən siyasət izlənir. Bu da təhlükəsizliyə bağlıdır”.
Siyasi şərhçi Nəsimi Məmmədli AzadlıqRadiosuna xatırladıb ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra onun qarşısında duran bir neçə problem var idi: "Onlardan biri Qarabağ problemi, digəri isə ölkə əhalinin sosial-iqtisadi vəziyyətinin pis olması idi. Üçüncüsü isə daha çox korrupsiya və rüşvətxorluq problemi idi ki, o, cəmiyyətdə müəyyən inkişaf tendensiyasını ləngidən amil idi".
Ekspert Qarabağ probleminin həll olunduğunu bildirir: "Ona görə də düşünürəm ki, silahlanma, daha çox yenidən bu sahəyə investisiyaların yatırılması prioritet olmamalıdır. Azərbaycan regionda əksər dövlətlər ilə ya müttəfiqlik müqaviləsi imzalayıb, ya da ortaq layihələrdə iştirak edir. Ermənistan kiçik bir ölkədir və onun hərbi potensialı kifayət etmir ki, böyük təhdidlər olsun".
Onun fikrincə, bu gün ölkədə prioritetlərdən biri sosial-iqtisadi məsələlər olmalıdır: "Çünki, doğrudan da, əhalinin kifayət qədər gəlirləri azalıb, bahalaşmaya görə dolanışıq xeyli dərəcədə aşağı düşüb. Eyni zamanda, ölkədə şəffaflıq təmin edilməlidir, heç olmasa, korrupsiyanın qarşısının alınması üçün müəyyən addımlar atılmalıdır".
Politoloqun sözlərinə görə, ən nəhayət, insan hüquqları və demokratiya sahəsində də ciddi islahatlara ehtiyac var.