Logo
news content
User
Kateqoriyalar

Xəbər

Onlardan biri dünyanı idarə edəcək: ABŞ prezidentliyinə namizədliyini verənlər, götür-qoy edənlər... - FOTOLAR

ABŞ prezidenti Co Bayden (Joe Biden) aprelin 25-də yenidən seçki kampaniyasını elan edib. Respublikaçılardan namizədliyini irəli sürmək niyyəti olanlar isə hələ də keçmiş prezident Donald Trampla (Donald Trump) rəqabət aparmaqla bağlı bir qərara gəlməyiblər.

“Reuters” agentliyi həm Demokratlar, həm də Respublikaçılar partiyasından prezidentliyə namizədliyini elan edənlərin, eləcə də 2024-cü il seçkisinə potensial namizədlərin siyahısını hazırlayıb.


Co Bayden (Joe Biden)


80-yaşlı Bayden aylardır prezidentliyə ikinci dəfə namizədlik planıyla bağlı zarafatlar edirdi. Ancaq bu haqda rəsmi açıqlamasını 2020-ci ildəki namizədlik elanından düz dörd il sonra verdi. Hazırda ABŞ-ın ən yaşlı namizədi olan Bayden hiyləgərliklə hazırlanmış bir videoda ölkəsində demokratiyanın müdafiəsini öz vəzifəsi elan edir. Videogörüntü 2021-ci il yanvarın 6-da Tramp tərəfdarlarının Kapitoliə hücumuyla başlayır. Demokrat partiyasından Baydenə hansısa rəqib təhlükəsi yoxdur.


Tramp 2020-ci ildə Baydenə məğlubiyyətini qəbul etməyib, tərəfdarlarını yanvarın 6-da yürüşə çağırıb. Həmin gün Konqres səsvermənin nəticəsini təsdiqləməliydi. Kütlə Trampın çağırışı ilə Kapitoliyə doğru yürüyərək binaya basqın edib. Basqın zamanı və daha sonra azı beş nəfər həlak olub.


Donald Tramp (Donald Trump)


76-yaşlı Tramp Konqresə aralıq seçkilərində məğlub olan ifrat sağçı namizədləri dəstəklədiyinə görə Respublikaçılar Partiyasının daxilində böyük tənqidlə üzləşib. O, ötən ilin noyabrında seçki kampaniyasını elan etdi. Bayden kimi o da seçicilərin böyük əksəriyyəti arasında populyar deyil. Ancaq Nyu-York prokurorları onu porno ulduza susması üçün pul verməkdə ittiham edəndən sonra elektoratı arasında, eləcə də rəy sorğularında mövqeyini gücləndirdi. Respublikaçı namizədlər arasında liderlik Trampdadır.


Ron Desantis (Ron DeSantis)


Özünü Trampa oxşadan Florida qubernatoru hələ ki açıqlama verməyib, lakin prezidentliyə namizədin bütün ənənəvi hərəkətlərini edib. Əksər sorğularda Trampdan sonra ikinci yeri tutan 44-yaşlı DeSantis aborta yeni məhdudiyyətlər qoyan və silah qanunlarını daha da yüngülləşdirən qanun layihələrini imzalayıb. Bu, respublikaçıların ilkin seçimində onun dadına çata bilər, amma müstəqil seçicilər arasında ona mane olacağı mümkündür.


Nikki Heyli (Nikki Haley)


Cənubi Karolinanın keçmiş qubernatoru və Trampın BMT-dəki səfiri olan 51 yaşlı Heyli, Bayden və Trampla müqayisədə cavan, eyni zamanda iki hindistanlı mühacirin qızı olduğunu önə çəkir. Heyli Respublikaçılar Partiyasında gender və irqi problemləri həmkarlarının əksəriyyətindən daha etibarlı şəkildə həll etmək bacarığı ilə tanınır. Sadiq mühafizəkar kimi şöhrət qazanan Heyli həm də özünü xaricdə Amerika maraqlarının cəsur müdafiəçisi kimi təqdim edib. Respublikaçı seçicilər arasında təxminən 3% dəstək toplayır.



Asa Hatçinson (Asa Hutchinson)


Keçmiş Arkansas qubernatoru apreldə Ağ Evə namizədliyini irəli sürərək, Trampı ittiham aktıyla məşğul olmaq üçün kənara çəkilməyə çağırmışdı. 72-yaşlı Hatçinson mühafizəkar dövlətə rəhbərlik təcrübəsindən danışıb, vergilərin azaldılması və iş yerlərinin yaradılması təşəbbüslərini önə çəkərək, respublikaçı seçiciləri qayğılandıran siyasətləri gerçəkləşdrə biləcəyini deyib. Amma yenə də onun adı Arkansas xaricində çox da hallanmır.


Kris Kristi (Chris Christie)


Deyilənlərə görə, Nyu Cersinin keçmiş qubernatoru mümkün bir seçki kampaniyası haqqında fikirləşir. 2016-cı ildə prezidentliyə namizədliyini vermiş 60-yaşlı Kristi bir vaxtlar Trampın tərəfdarı olsa da, 2021-ci ildə ABŞ Konqres binasına hücuma görə ona qarşı çıxıb.

Kris Sununu (Chris Sununu)


Nyu-Hempşir ştatının qubernatoru da prezidentliyə namizədliyini sınaqdan keçirir. 2017-ci ildən kiçik Nyu England (Yeni İngiltərə) ştatının qubernatoru vəzifəsində çalışan 48-yaşlı Sununu deyir ki, Respublikaçılar Partiyasının yeni rəhbərliyə ehtiyacı var və Trampın Baydenə qalib gələ biləcəyinə inanmır.

Vivek Ramasvami (Vivek Ramaswamy)


Keçmiş biotexnologiya investoru və icraçı direktor, 37-yaşlı Ramasvami 2022-ci ildə şirkətlərin ətraf mühit, sosial və korporativ idarəetmə təşəbbüslərindən əl çəkmələri üçün bir firma yaratdı. O, fevralda Respublikaçılar Partiyasından namizədliyini irəli sürdüyünü açıqlayıb və Trampa potensial alternativ namizəd olaraq qalır.


Kiçik Robert Kennedi (Robert Kennedy Jr.)


Peyvəndə qarşı çıxan 69-yaşlı aktivist Kennedi namizədliyini Demokratlar partiyasından irəli sürür. Baydenin əsas rəqibi sayılan Kennedi, 1968-ci ildə prezidentliyə namizədlik kampaniyası zamanı öldürülən ABŞ senatoru Robert Kennedinin oğludur. Kennedi vaksinlər və COVID-19 pandemiyası haqqında dezinformasiya yaydığı üçün YouTube və Instagram-da bloklanıb.




Marianna Uilyamson (Marianne Williamson)


Məşhur yazıçı Ağ Ev üçün ikinci, uzunmüddətli namizədliyə start verdi. 2020-ci il prezident seçkilərində namizədliyini Demokratlar partiyasından irəli sürən Uilyamson səsvermədən əvvəl geri çəkilmişdi. Martın 23-də isə Demokratların namizədliyi yarışında Baydenə meydan oxumaq istədiyini söyləyərək kampaniyasına başlayıb.​