Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məhkəmə hökmü olmadan adamı "casus" adlandırmağın cəriməsi..

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə yeni cərimələr müəyyənləşib. Bu, prezidentin aprelin 25-də təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, həmin hala görə vəzifəli şəxslər 1000-1500, hüquqi şəxslər isə 2500-3500 manatadək cərimə ediləcəklər.

Əslində elə bu dəyişikliyə qədər də Azərbaycanda təqsirsizlik prezumpsiyasının pozulması qanuna zidd sayılıb. Amma bir sıra şəxslər saxlanılır, məhkəmə qərarı olmadan müxtəlif mətbu orqanlarında onlar günahkar kimi təqdim edilir, şəkilləri dərc olunurdu. Belə hallar xüsusilə son aylar dindar kəsimdən sayılan şəxslərin saxlanılması zamanı müşahidə edilib. Onlar məhkəmə qərarı olmadan "İran casusu" adlandırılıblar.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, təqsirsizlik prezumpsiyası beynəlxalq hüquqda var və Azərbaycan qanunvericiliyində də öz əksini tapıb: "Bu, mühüm hüquqi normalardan biridir. Ona görə də, əlbəttə ki, nə qədər ki, şəxs haqqında məhkəmə qərarı çıxmayıb və şəxs məhkum edilməyib, onun mümkün qanun pozuntuları öz təsdiqini tapmayıb, həmin şəxs günahsız hesab olunur".

Deputatın sözlərinə görə, məsələ burasındadır ki, Azərbaycan ictimai rəyində nəinki ittiham olunan şəxslər, ümumiyyətlə, hər bir vətəndaş haqqında hərdən çox iddialı fikirlər səsləndirilir: "Onların da əslində hüquqları pozulur. Ona görə də hüquq və qanun məsələsindən daha çox bu, savadlılıq məsələsidir. Əminəm ki, bu hüquqi savadlılıq, hüquqi maariflənmə hüquqi dövlətin tərkib hissələrindən biridir".

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçi Rüfət Səfərov da AzadlıqRadiosuna bildirib ki, təqsirsizlik prezumpsiyası milli və beynəlxalq qanunvericiliklə dəstəklənir: "İbtidai araşdırma aparılmadan, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan adamlara "qatil", "casus", "narkotacir", "terrorçu", "korrupsioner" və sair kimi damğalar vurulur".

Səfərov İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklərin müsbət nəticə verəcəyini düşünmür.

O hesab edir ki, cəmiyyətdə hüquq savadlılığının olmaması hakimiyyətinin dolayı məsuliyyəti və bəzi hallarda istəyidir: "Amma, digər tərəfdən, bütün məsuliyyəti də hakimiyyətinin üzərinə qoymaq ədalətsiz olardı".

Onun fikrincə, ayrı-ayrı hallarda məhkəmə qərarı olmadan siyasi fəallar, jurnalistlər haqqında "cinayətkar" fikrini səsləndirən vəzifəli şəxslər prezumpsiyadan xəbərdardırlar: "Hakimiyyətinin yuxarı qatından gələn təlimatlar əsasında bəzən heç ibtidai istintaq bitməmiş yüksək vəzifəli şəxslərin ictimai fəalları, jurnalistləri, keçmiş məmurları cinayətkar kimi təqdim etməsi problemi var. Bu da hüquq dövlətinin olmaması ilə bağlıdır".