Logo
news content
User
Kateqoriyalar

Xəbər

Media: cərimələr rəsmiləşdi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində yenilikləri imzalayıb. 381-ci maddədə dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimələnəcək.

Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Qanunla müəyyənləşdirilmiş hallardan başqa media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə düşür.

Media subyektlərinin təkzib, cavab və düzəliş verməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə olunacaq.

Reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslərə 2500 manatdan 3000 manatadək məbləğdə, hüquqi şəxslərə 8000 manatdan 10000 manatadək məbləğdə cərimə düşür.

Media subyektlərinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətləri təbliğ etməsinə görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 min manatadək məbləğdə cərimə olunacaq.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə cərimələnəcək.

388-ci maddədə yeniliyə əsasən, media subyektinin redaksiyasının (məsul redaktorunun) və jurnalistlərin media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməsi, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yayması və informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlaması fiziki şəxslər üçün 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər üçün 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər üçün 2000 manatdan 3000 manatadək məbləğdə cərimə deməkdir.