Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyev Azərbaycan qazının müvəqqəti olaraq Rusiya qazı ilə əvəz edilməsi zərurətini başa düşür və qəbul edir

Ukrayna hökuməti Rusiya qazının Azərbaycan vasitəsilə Avropaya nəqli ilə bağlı mövqeyini izah edib. Hər iki tərəf Bakının iştirakı ilə Rusiya qazının tranzitinin davam etdirilməsi və Azərbaycan qazının Rusiya və Ukraynadan keçməklə Avropaya tədarükü haqqında danışıqlar aparacaq.

“Avropa həqiqəti” ilə söhbət edən Ukrayna Nazirlər Kabinetindəki mənbənin məlumatına görə, Ukrayna hökumətinin Azərbaycan qazının tranziti adı altında əvəzetmə sxeminin həyata keçirildiyindən xəbəri var: Azərbaycan Aİ-yə ixrac həcmini artırmaq məqsədilə öz ehtiyacları üçün Rusiya qazı alır. Mənbə bildirib ki, Kiyev Avropaya Rusiyadan idxalın Azərbaycan qazı ilə əvəz olunmasının əhəmiyyətli dərəcədə Rusiyadan birbaşa qaz alınmasından yayınmağa imkan verən formallıq olduğunu və Rusiya qazının Azərbaycan qazı ilə qarışdırıla biləcəyini başa düşür.

“Biz başa düşürük ki, bu qazın ən azından bir hissəsi Rusiya qazı ola bilər. Və bu, bizim Rusiya qazının Avropaya tədarükünə qoyulmuş qadağanı təşviq etmək siyasətimizə ziddir. Lakin bu, məcburi addım idi və biz Avropa Komissiyasının xahişi ilə bu addımı atdıq”, deyə “Avropa Həqiqəti”nin mənbəyi bildirib. Mənbənin sözlərinə görə, Avropa Komissiyası üçün “Rusiyadan deyil, Azəraycandan qaz aldığını göstərmək daha əlverişlidir”.

Lakin Ukrayna bu güzəştə yalnız müvəqqəti tədbir kimi razılaşıb. “Biz başa düşürük ki, Aİ-nin Rusiya qazından tamamilə imtina etmək üçün vaxta ehtiyacı var. Və biz Aİ üçün bu keçidi asanlaşdırmaq məqsədilə bu addımı atırıq”, deyə hökumətdəki mənbə qeyd edib.

2024-cü ilin iyulunda Ukrayna və Avropa İttifaqı ilin sonunda Rusiya ilə qüvvədə olan tranzit müqaviləsinin müddəti başa çatdıqdan sonra Ukrayna vasitəsilə Avropaya təbii qaz tədarük etmək təklifi ilə Azərbaycana müraciət edib. Aİ-nin energetika üzrə komissarı Kadri Simson bu yaxınlarda bildirib ki, Aİ Moskvadan idxalı tamamilə dayandırmağa hazırdır.

Sentyabrda Azərbaycan prezidenti İlham Əliyev Rusiya qazının Avropaya nəqli ilə əlaqədar ölkəsinin ünvanına geniş yayılmış ittihamlarla bağlı çıxış edib. Çernobbioda Beynəlxalq Forumda çıxış edən Əliyev bildirib ki, Ukrayna, Rusiya və Aİ Rusiya və Ukrayna ərazisindən Rusiya qaznın tranzitini davam etdirmək xahişi ilə Azərbaycana müraciət edib.

“Məlumdur ki, dekabrda tranzit dayandıqdan sonra Avropa İttifaqının bir neçə ölkəsi təbii qaz əldə etməklə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz sadəcə olaraq bu ölkələri və Ukraynanı dəstəkləmək istəyirik, çünki qaz tranziti dayansa Ukraynanın qazpaylama sistemi tamamilə iflic olacaq”, deyə o, əlavə edib.

Bu bəyanatlar Azərbbaycanın Avropaya ixrac olunan qazı Azərbaycan yataqlarından hasil edilən öz qazı kimi qələmə verərək, Qərbi aldatdığını iddia edən erməni siyasətçilərin çoxsaylı ittihamlarına yekun cavab olub.

2024-cü ildə Azərbaycandan təbii qaz ixracı 25 milyard kubmetrə çatacaq, bunun 13 milyard kubmetri Avropaya tədarük olunacaq, deyə prezident Əliyev 2024-cü ilin iyulunda Oksfordda Avropa Siyasi Birliyinin 4-cü sammitində bildirib.