Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın Trampa qarşı sui-qəsd planı ifşa olundu
Dünya mediasında sensasion məlumatlar yayılır

İranın keçmiş prezident Donald Trampa qarşı sui-qəsd planı üzə çıxıb. Pressklub.az xəbər verir ki, bu barədə CNN ABŞ milli təhlükəsizlik xidmətinin anonim əməkdaşına istinadən xəbər yayıb. Xəbərdə bildirilir ki, ABŞ rəsmiləri İranın Trampa sui-qəsd planı hazırladığı barədə məlumat alıblar. 

Bu məlumat Pensilvaniyada seçicilərlə görüş zamanı Trampa atəş açılmasından sonra yayılıb. 

CNN-in məlumatına görə, sui-qəsd planı barədə məlumat alan ABŞ xüsusi xidmət orqanları prezident seçkiləri ərəfəsində Trampın seçki kampaniyası mitinqlərində təhlükəsizliyini gücləndiriblər. Ancaq CNN-in məlumatında o da deyilir ki, Pensilvaniyada baş vermiş sui-qəsd cəhdi ilə İranın sui-qəsd planını əlaqələndirən heç bir məlumat yoxdur.

ABŞ Məxfi Xidmətinin ictimai əlaqələr şöbəsinin rəhbəri Entoni Quqlielmi Newsweek-ə verdiyi açıqlamada deyib ki, Məxfi Xidmət və digər agentliklər davamlı olaraq potensial təhdidlər haqqında yeni məlumatlar alır və zəruri hallarda resursları tənzimləmək üçün tədbirlər görür: "Biz Məxfi Xidmətin təhdidləri ciddi qəbul etdiyini və buna uyğun cavab verdiyini söyləməkdən başqa heç bir konkret təhlükə axını ilə bağlı şərh verə bilmərik".

Newsweek elektron poçt vasitəsilə şərh almaq üçün Trampın mətbuat katibi ilə əlaqə saxlayıb. Lakin oradan hansı cavabın alındığı barədə heç bir məlumat yoxdur.

İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyindən isə Newsweek-ə verilən açıqlamada “bu ittihamların əsassız və qərəzli olduğunu” bildirilib.

“İran İslam Respublikasının nöqteyi-nəzərindən Tramp cinayətkardır və general Süleymaninin öldürülməsinə göstəriş verdiyinə görə məsuliyyətə cəlb edilməli və məhkəmədə cəzalandırılmalıdır”, - deyə İran missiyası bildirib. Məlumatda o da bildirilib ki, İran onu məsuliyyətə cəlb etmək üçün qanuni yollardan istifadə edir.