
Qoca Baydenin son həmləsi…
ABŞ prezidenti COP29-a kimi nəyə ümid edir?
24 Oktyabr 2024
“İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır”. Bu barədə ABŞ Prezidenti Co Baydenin oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunan məktubunda deyilir.
“Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm.
Bu məsələyə dəstək verməyə sadiq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək.
Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız”, - deyə ABŞ prezidentinin məktubunda vurğulanır.
Qeyd edək ki, Baydenin adından Ermənistanın Baş naziri Nikol Paşinyana da eyni məzmunlu məktub çatdırılıb.
Maraqlıdır, Cozef Bayden göndərdiyi məktublarla nəyi hədəfə alıb? O, hələ də ümid edir ki, Bakı və İrəvan onun Ağ Evi tərk etməsindən öncə sülh müqaviləsini imzalayacaqlar? Belə bir gözlənti üçün əsas varmı?
Müstəqil ekspert Xəqani Cəfərli bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O bildirib ki, ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması qeyri-mümkün görünür.
“ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubu da bu prosesi sürətləndirə bilməz. Əksinə, siyasi fəlsəfə hər iki ölkəni ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini gözləməyə məcbur edir. Çünki sülh sazişinin Ağ Evi tərk edən dövlət başçısının deyil, yeni prezidentin dövründə imzalanması daha məqsədəuyğundur. Sülh müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün dəstəyə ehtiyac olacaq və bu dəstəyi qarşıdakı 4 il ərzində Ağ Evin sahibi olacaq şəxs verə bilər. Gələn ilin yanvarında Ağ Evi tərk edəcək şəxs sülh sazişinin həyata keçirilməsindən çox şey qazana bilməz. Ona görə də, sülh müqaviləsi ABŞ-ın yeni prezidentinin dövründə imzalanacaq”, - ekspert hesab edir.
Buna baxmayaraq, o, Cozef Baydenin “sülh sazişi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin edəcək və bütün regionu dəyişdirəcək” fikrinin olduqca diqqətəlayiq olduğunu vurğulayır.
“Qərbdə hesab edirlər ki, münaqişələr Rusiyanın postsovet respublikaları üzərində nəzarətini saxlamağa xidmət edir. Bu yanaşma tamamilə doğrudur. Rusiyanın dövlət siyasətinin, xüsusən də xarici siyasətinin formalaşmasına təsir etmiş Konstantin Zatulin 1997-ci ildə Andranik Miqranyanla birlikdə “Nezavisimaya qazeta”da “MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələlərin dəyişməsi" başlıqlı məqalə dərc etdirib. Onlar bu məqalədə yazıblar ki, Rusiya postsovet məkanına nəzarəti saxlamaq üçün münaqişələri idarə etməlidir. Ona görə də, Qərbdə əmindirlər ki, “sülh sazişi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin edəcək və bütün regionu dəyişdirəcək”. Yəni sülh sazişinin imzalanması bütün regionu Rusiyanın nəzarətindən çıxaracaq. Ağ Ev ən azı növbəti 4 il ərzində bu prosesə nəzarət edəcək. Çox güman ki, Ağ Evin yeni sahibinin ilk diplomatik uğurlarından biri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması olacaq”, - Cəfərli güman edir.
Rauf Orucov