Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanda parlament seçkilərinin ekzitpol nəticələri fərqlənir

Gürcüstan parlament seçkilərinin ilkin ekzitpoll nəticələri açıqlanıb. "Exo Kavkaza" yazır ki, nəticələri hökumətyönlü "İmedi" və müxalifətə yaxınlığı ilə seçilən "Mtavari Arxi", eləcə də "Formula" televiziyaları açıqlayıb.

"Formula TV"nin açıqladığı ekzitpoll rəqəmlərinə görə, hakim “Gürcü Arzusu” Partiyası səslərin 40,9%-ni toplayıb. Sonrakı yerlərdə Birlik və Milli Hərəkat Koalisiyası (16,7%), Dəyişikliklər Naminə Koalisiya (16,7%), Güclü Gürcüstan Koalisiyası (10,3%) və Qaxariya - Gürcüstan Naminə Birliyi (8,2%) qərarlaşıb. Sorğunu Edison Research şirkəti keçirib.

"Mtavari"nin açıqladığı rəqəmlərə əsasən, “Gürcü Arzusu” partiyası 42% səs toplayıb. İkinci yerdə Dəyişikliklər Naminə Koalisiya 18%-lə qərarlaşıb. Sonrakı yerləri Birlik və Milli Hərəkat Koalisiyası (13%), Güclü Gürcüstan Koalisiyası (9%) və Qaxariya Gürcüstan Naminə Birliyi (8%) tutub. Sorğunu Harrys X şirkəti keçirib.

"İmedi"nin nəticələri isə öncəkilərdən tam fərqlənib. Televiziya “Gürcü Arzusu”-nun 56,1% səs topladığını açıqlayıb. Partiyanın bundan öncə açıqladığı hədəf ən azı 60% idi. Növbəti yerlərdə Dəyişikliklər Naminə Koalisiya (12,6%), Birlik Milli Hərəkat Koalisiyası (11,6%), Güclü Gürcüstan Koalisiyası (7%) qərarlaşıb. Televiziya keçmiş baş naziri Georgi Qaxariyanın koalisiyasının 5%-lik baryeri keçə bilmədiyini (4,8%) bildirib. Bu sorğunu GORBI şirkəti keçirib.

AzadlıqRadiosunun gürcü xidməti xəbər verir ki, hakim “Gürcü Arzusu” ekzitpollar açıqlanandan sonra qələbəsini qeyd edir. Partiyanın ofisi qarşısında atəşfəşanlıq keçirilir.

İnsidentlər

Seçkidə bəzi insidentlər qeydə alınıb, Mərkəzi Seçki Komissiyasının sözçüsü Natia Yoseliani isə mediaya deyib ki, “kiçik texniki nöqsanlardan sonra” proses 3 mindən çox seçki məntəqəsində “sakit mühitdə” keçib.

AzadlıqRadiosunun müxbiri cənubi Marneuli şəhərində insident baş verdiyini xəbərləyib. Müxalifət partiyası üzvünün Gürcü Arzusu-nun təmsilçisi tərəfindən döyüldüyü iddia olunub, qutulara topa bülleten atıldığı bildirilib.

Rustavi şəhərində AzadlıqRadiosunun müxbiri Davit Mçedlidze seçki məntəqəsində təhqir olunub, naməlum şəxslər onun işinə mane olub, telefonunu əlindən almağa çalışıblar.

Gürcü Arzusu-nun lideri Bidzina İvanişvili gürcüstanlıları seçkiyə gedərək səs verməyə çağırıb. Baş nazir Irakli Kobaxidze isə səs verəndən sonra deyib ki, hakim partiyanın 60 faizədək səs yığacağından əmindir, ancaq o, nikbinliyinin səbəbini izah etməyib.

Günorta seçici iştirakçılılığı azı 22 faiz olub ki, bu da 2020 və 2016-cı illərdəki seçkilərdən çox, 2012-ci ildəkindən isə 3 faizədək azdır. 2012-ci ildə Gürcü Arzusu hakimiyyətə gəlib.