Dövlət qulluqçularının maaşları artdı – baş nazir 17 min, MSK sədri 12 min manat
20 Mart 2026
Dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələrə 1170, yardımçı vəzifələr üçün isə 760 manat müəyyən edilib.
Prezident İlham Əliyev martın 19-da bu barədə fərman imzalayıb.
Bəzi dövlət qurumlarının rəhbər işçilərinin maaşları da artırılıb:
Baş nazir 17 min 160 manat
Baş nazirin birinci müavini 15 min 950 manat
Baş nazirin müavini 14 min 850 manat
Nazir 13 min 750 manat
Nazirin birinci müavini 12 min 650 manat.
Maaş artımı hüquq-mühafizə sistemindən də yan keçməyib. Məsələn, yanvarın 1-dən baş prokurorun aylıq vəzifə maaşı 3 min 260 manatdan 13 min 750 manata qaldırılır.
Məzahir Pənahovun maaşı dörd dəfə artdı
Prezidentin fərmanı ilə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin də maaşı artıb. O cümlədən MSK sədrinin maaşı 3 min 60 manatdan 12 min manata, üzvlərin maaşı isə 2 min 250 manatdan 9 min manata qaldırılıb.
2000-ci ildən MSK-nın sədri Məzahir Pənahovdur.
"ASAN Xidmət" də unudulmayıb
Fərmana əsasən, "ASAN Xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət qurumları işçilərinin mükafatlandırılması məqsədilə hər il dövlət büdcəsindən 26 milyon 600 min manat ayrılması nəzərdə tutulur.
Rəsmi statistikaya görə, 2025-ci ildə Azərbaycanda dövlət qulluqçularının sayı 27.4 min nəfər olub. Onların böyük hissəsi əsas vəzifələrdə çalışır. 2024-cü ildə isə dövlət qulluqçularının orta aylıq maaşı 1 min 971 manat təşkil edib.
Qanunvericilikdə dəyişiklik
Bu arada məmurların aldığı əlavə ödənişlər, mükafatlar, müavinətlər ləğv edilir. Parlament qanunvericiliyə dövlət qulluqçularının vahid maaş sisteminə keçidi ilə bağlı dəyişiklik edir.
Hazırda məmurlar maaşdan əlavə müxtəlif mükafatlar, staj, səlahiyyət və tutduqları vəzifəyə uyğun əlavə ödənişlər, müalicə müavinətləri də alırlar.
YAP-çı deputat Cavanşir Paşazadə deyir ki, bu dəyişiklik məmurların gəlirinə təsir etməyəcək, sadəcə, bütün ödənişlər vahid qaydada maaşa hesablanacaq.
Hakimiyyət təbliğatçıları deyirlər ki, əvvəlki sistemdə dövlət qulluqçusunun əməkhaqqı mürəkkəb və qeyri-şəffaf idi - vəzifə maaşı ümumi gəlirin yalnız az bir hissəsini təşkil edirdi.
Müstəqil iqtisadçılar iddia edirdilər ki, bir çox dövlət qurumlarında "paket" sistemi hökm sürüb. Onların vurğulamasına görə, bəzi sahələrdə məmurlar vergidən yayınmaqla hər ay əmək haqlarından qat-qat artıq ödəniş alıblar.
Rəsmilər belə iddiaları təsdiq etmirdilər, amma ölkədə "boz əməkhaqqı" sisteminin mövcud olduğunu da danmırdılar.
Böyük fərq
Müstəqil iqtisadçılar deyir ki, yeni sistem şəffaflıq baxımından müsbət dəyərləndirilə bilər. Amma nəticə etibarilə ölkədə pensiyaçılarla məmurlar, xüsusilə də böyük məmurlar arasında qazanc baxımdan böyük fərq üzə çıxmış olur.
Ötən il Azərbaycanda minimum pensiya 320, minimum əməkhaqqı isə 400 manata qaldırılıb. Azərbaycanda minimum əməkhaqqıdan da az maaş alanların olduğu bildirilir.