Logo
news content
User
Kateqoriyalar

Analitika

İcmal

İran müharibəsinin qalibi... Rusiyadır

ABŞ və İsrail üç həftədir İrana aviazərbələr endirir. Rusiyanın yaxın tərəfdaşı olan Tehran çöküşə doğru gedir, regionda siyasət qarışıb, Moskva isə bütün bunları kənardan izləyir.

AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Mayk Ekkel Kremlin o qədər də məyus olmadığını yazır.

"Fikrimcə, bu, Avropada təhlükəsizlik və iqtisadi mənzərəni mürəkkəbləşdirir. ABŞ prezidenti Donald Trampın diqqətini Ukraynadan yayındırır, bütün bunlar isə Moskvaya əlavə meydan açır", – Rusiya üzrə ekspert, London Kral Kollecində Rusiya üzrə professor Sem Qrin belə deyir.

Təhlilçinin fikrincə, Avropa siyasətçilərinin Ukraynanı dəstəkləmək istəyi də dəyişə bilər, bu isə "Rusiyanın dəyirmanına su tökməkdir".

Bir yandan da neft və qazın bahalanması Rusiyanın Ukraynada beşinci ilə keçmiş müharibəsini maliyyələşdirir.

Həm Rusiyaya nəfəs verir, həm birliyi sarsıdır

"Enerji qiymətlərinin yüksəlməsi təkcə Rusiya iqtisadiyyatına nəfəs vermir, həm də Ukraynanı dəstəkləyən ölkələrin birliyini sarsıdır", – "Chatham House" təhlil mərkəzində Avropa proqramının aparıcı tədqiqatçısı Katya Beqo deyir.

"Yaxın Şərqdə enerji böhranı qalarsa və dərinləşərsə, çox güman ki, Macarıstan və Slovakiya kimi partiya intizamını pozan ölkələrlə yanaşı, daha çox Avropa liderinin oxşar bəyanatlar verəcəyini görəcəyik", – o bildirib.

Bu arada Tramp administrasiyası hazırda tankerlərdə olan Rusiya qazını almağa müvəqqəti icazə verib.

"Moskva üçün Yaxın Şərq müharibəsində ideal ssenari sürətli qələbə, yaxud katastrofik eskalasiya deyil, orta müddət və intensivliklə davam edəcək münaqişədir ki, neftin qiymətləri yuxarı qalsın, qlobal iqtisadiyyata da böyük ziyan dəyməsin", – Rusiya Mərkəzi Bankının keçmiş müşaviri Aleksandra Prokopenko X postunda yazıb.

"Bu müharibədən qazanan Putindir, xəzinəsini neft dollarları ilə doldurur... Ukraynaya dəstək azalır", – bunu isə britaniyalı general, NATO-nun keçmiş komandan müavini Riçard Şirreff bu həftə CNN-ə deyib.

ABŞ isə Rusiya neftinin satışına müvəqqəti icazənin Kremlə ciddi fayda verməyəcəyini bildirmişdi.

Ağ ev məsələni şərh etməyib.

Vaşinqtonu qəzəbləndirmək təhlükəsi

İndiyədək Ukrayna daha böyük Rusiya ordusuna qarşı Qərb silahları ilə duruş gətirib. Vaşinqton Rusiya raketləri və dronlarını vurmağa Kiyevə havadan müdafiə sistemləri də verib.

İndi Yaxın Şərq boyunca bir sıra ölkələr İranın zərbələrinə qarşı antiraket və antidron silahlarını işə salıb. Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Fars Körfəzi ölkələri üç gün ərzində 800-dən çox Amerika istehsalı "Patriot" raketləri atıblar.

ABŞ silah ehtiyatlarının seyrəlməsi Ukraynaya verilən silahların azalması deməkdir. Bu isə Kiyev üçün pis, Moskva üçün yaxşıdır.

"Putindən ötrü İranla müharibə plyusdur. Enerji qiymətlərindən savayı, ABŞ ehtiyatları seyrəlir... Ukraynanın resursları azalır", – Zelenski BBC-yə müsahibəsində bildirib.

Ukrayna həm də Vaşinqtonun dəstəklədiyi sülh danışıqlarının Rusiyanın xeyrinə meyllənməsini önləməyə çalışıb. Bir neçə raunddan sonra danışıqlar dayanıb.

Kremlin elçisi Kirill Dmitriyev ötən həftə Floridaya uçaraq ABŞ təmsilçiləri ilə görüşüb və iki gün sonra Ağ ev Rusiya neftinə sanksiyalara ara verib.

Qrin deyir ki, Tramp administrasiyasının başı İran müharibəsinə qarışıbsa, bu, Ukraynanı daha çox dəstəkləyən Avropanın rolunu böyüdə bilər. "Düşünürəm ki, bu, həqiqətən Moskvanı əsəbiləşdirir, amma eyni zamanda ruslar çox incə bir xətt üzərində yürüyür, faktiki heç nəyi güzəştə getmədən danışıqlar prosesində iştirakı davam etdirməyə çalışırlar. Həmişə də Vaşinqtonu qəzəbləndirmək təhlükəsi var", - təhlilçi vurğulayır.

"Nüfuz tənəzzülü"

Ekspertlərin fikrincə, İran müharibəsində Kreml üçün ən böyük mənfi cəhət regiondakı çəkisinin azalmasıdır. Moskva onsuz da 2024-cü ilin dekabrında Suriyada Bəşər əl-Əsədin çöküşünün acısını çəkirdi.

Bu azmış kimi, bu ilin yanvarında ABŞ qüvvələri Karakasda Venesuela lideri Nikolas Maduronu ələ keçirdi. Moskvanın daha bir müttəfiqi də belə getdi.

"Kreml bir daha müttəfiqinə çətin anlarında həqiqi dəstək verə bilmədi və özünün tam çarəsizliyini göstərdi", – Beqo belə deyir.

İsveçin Müdafiə Tədqiqatları Agentliyindən Mariya Enqkvist Rusiyanın Yaxın Şərqdə nüfuzunun davamlı azalacağını bildirir: "Moskva hazırda bununla bağlı çox şey edə bilmir".

M.Ekkel Rusiyanın Tehranı tam tərk etmədiyini yazır. Moskvanın İrana həssas obyektləri vurmaq üçün kəşfiyyat məlumatı ötürdüyü bildirilir.

"Venesuela və İran Rusiya rəhbərliyinin öz strateji ambisiyalarının icrasında üzləşdiyi praktik çətinlikləri göstərir. Bunun tərəfdaşlarının Rusiyaya inamını sarsıdacağı ehtimalı böyükdür", – Enqkvist söyləyir.