Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha bir partiya ləğv olundu

1993-cü ildən dövlət qeydiyyatında olan Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv edilib. Xəbəri aprelin 27-də “Yeni Müsavat” qəzeti yayıb.

Vahid Azərbaycan Milli Birlik Partiyasına 1938-ci il təvəllüdlü Hacıbaba Əzimov sədrlik edirdi. O, 1991-ci ildə Sovet İttifaqının saxlanması məsələsi üzrə referendumun Azərbaycanda keçirilməsi əleyhinə səs vermiş deputatlardan və dövlət müstəqilliyi haqqında konstitusiya aktının müəlliflərindən biri kimi məşhurdur.

2023-cü ildə daha 11 partiya fəaliyyətinə son verib: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Birlik Partiyası, Yeni Yol Partiyası.

2023-cü il yanvarın 11-də qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir.

Əvvəlki qanunla partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi.

Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.