Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bir neçə ölkədən Azərbaycana idxal məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İsrailin Şimal, Mərkəz dairələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Rusiyanın Yaroslavl vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Kot-d'İvuarın Komoe rayonunda, Benin Respublikasının Veme inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, İspaniyanın Estremadura muxtar icmasında süngərvari ensefalopatiya xəstəliyi, Rusiyanın Xantı-Mansi muxtar dairəsində Nyukasl xəstəliyi qeydə alınıb.

İsrailin Şimal və Mərkəz dairələrindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, İspaniyanın Estremadura muxtar icmasından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiyanın Yaroslavl vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, genetik materialların, Kot-d'İvuarın Komoe rayonundan, Benin Respublikasının Veme inzibati ərazi vahidindən və Rusiyanın Xantı-Mansi muxtar dairəsindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail, Rusiya, İspaniya, Kot-d'İvuar, Benindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.