Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bəxtiyar Hacıyevə daha 5 maddə üzrə yeni ittihamlar irəli sürülüb

İyunun 16-da istintaq orqanı insan hüquqları fəalı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycanın saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

“Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibuin əsas mahiyyətini göstərir”, vəkil qeyd edib.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.