Kütləvi məzarlıqların dəqiq koordinatları hazırlanır
“Münaqişənin torpaq altında qalan izləri” layihəsi icra olunur
31 Oktyabr 2024
“Bu gün azad olunmuş ərazilərdə tikinti, quruculuq işləri gedir. Amma hər bir münaqişədən sonra tək tikililərin yox, həm də kollektiv yaddaşın bərpası və gələcək nəsillərə ötürülməsi də vacibdir. Buna görə də kütləvi məzarlıqlar tapılan ərazilərə mütləq xüsusi lövhələr vurulmalıdır. Təkcə Xocalıda yox, o cümlədən Şuşa həbsxanasının həyətində, Daşaltıda, Edillidə, Başlıbeldə”.
Bu sözləri Jurnalistlərə Texniki Yardım İctimai Birliyinin rəhbəri Asəf Quliyev deyir. Bu məlumatlar işğaldan azad olunmuş ərazilərdə müharibə nəticəsində həyatını itirmiş insanların ailələrinin informasiya əldə etməsinə dəstək vermək üçün əhəmiyyətli addımdır. Təşkilatın rəhbərliyi gələcəkdə kütləvi məzarlıqların dəqiq koordinatlarını çıxarmağın bu məqsədlərə xidmət edəcəyinə inanır.
İctimai Birlik “Münaqişənin torpaq altında qalan izləri” layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərdə tapılan kütləvi məzarlıqlarla bağlı alternativ hesabat hazırlayır. Layihə rəhbəri Asəf Quliyevin verdiyi məlumata görə, indiyədək bu ərazilərdə 20-ə qədər kütləvi məzarlıq aşkar edilib. Bu tapıntılar, müharibə zamanı itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün mühüm əhəmiyyət daşıyır.
Kütləvi məzarlıqların tapıldığı əsas yerlər aşağıdakılardır:
- Ağdam – Sarıcalı kəndi.
- Füzuli – Yuxarı Seyidəhmədli kəndi (iki məzarlıq).
- Xocavənd – Edilli kəndi (üç məzarlıq).
- Şuşa – Daşaltı kəndi (iki məzarlıq), həbsxana həyəti (iki məzarlıq).
- Xocalı – Fərrux kəndi, Əsgəran qəsəbəsi, Xocalı şəhəri, Qaladərəsi kəndi, Malıbəyli kəndi.
- Kəlbəcər – Başlıbel kəndi, Yenikənd kəndi.
Xocalının Həsənabad kəndində yeri dəqiq bilinməyən daha bir kütləvi məzarlıq mövcuddur. Ehtimal edilir ki, Azərbaycanın ilk hərbi təyyarəçisi Vaqif Qurbanov həmin yerdə dəfn olunub. Xocalı ilə Əsgəran arasındakı kommunikasiya xətlərinin çəkilişi zamanı həmin ərazidə kütləvi məzarlıq aşkarlanıb və tapılan qalıqlar dəfn edilib. Layihə çərçivəsində aparılmış araşdırmalar nəticəsində müəyyən məlumatlar əldə edilib.
“Müharibənin torpaq altında qalan izləri” layihəsinin ilkin məlumatlarına əsasən:
- Daşaltı kəndi – Burada aşkarlanan məzarlıqlar Nəbilər və Sığnaq kəndindən gələn yol üzərindədir. Bu isə tapılan cəsədlərin Daşaltı əməliyyatında Nəbilər və Sığnaq kəndləri istiqamətindən hərəkət edən dəstədə olanlara məxsusluğu ehtimalını yaradır.
- Ağdam, Sarıcalı kəndi – Burada tapılan məzarlıq döyüş mövqeyindədir və burada olan hərbçilərin döyüş zamanı həlak olduqları ehtimal edilir.
- Xocavənd, Edilli kəndi – Buradakı məzarlıqda əlləri və ayaqları bağlı cəsəd qalıqları tapılıb. Bu, həmin hərbçilərin əsir götürülərək qətlə yetirildiyini göstərir və müharibə qanunlarının kobud pozuntusunu sübut edir.
- Kəlbəcər, Başlıbel kəndi – Bu ərazidə aşkarlanan kütləvi məzarlıqda işğaldan sonra əsir götürülmüş 12 mülki şəxsin cəsədləri tapılıb. Bu isə Ermənistanın humanitar qaydalara riayət etmədiyini nümayiş etdirir.
Xüsusi qeyd: Xocalıda aşkarlanan kütləvi məzarlıq hazırda yeni salınmış qəsəbənin içindədir. Bu yerə heç bir işarə qoyulmasa da, Xocalı sakinləri həmin yerə güllər düzüb, hörmətlərini ifadə ediblər.
“Bunlar ilkin ehtimallarımızdır, amma gələcəkdə kütləvi məzarlıqların dəqiq koordinatlarının çıxarılması, onların yerinin qorunması üçün faydalı olacaq”, - Quliyev əlavə edir.
İtkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 2014-2022-ci illər ərzində onların ailə üzvlərindən təxminən 11 min bioloji nümunə toplayıb. Bu iş Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Şəxslər üzrə Dövlət Komissiyasının dəstəyi ilə həyata keçirilib. Toplanan nümunələr Komissiyaya təhvil verilib və Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Molekulyar Genetik Laboratoriyasında DNT profilinə çevrilib. Bu DNT profilləri itkin düşmüş şəxslərin kimliklərinin müəyyən edilməsi prosesində istifadə olunur.
Dövlət Komissiyasının məlumatına əsasən, birinci Qarabağ müharibəsində 3,890 nəfər itkin düşüb ki, onların əksəriyyəti hərbçilərdən ibarət olub. Yalnız 719 nəfər mülki şəxs hesab olunur.
Bu il sentyabrın 1-ə olan məlumata görə aşkar olunan məzarlıqlarda ümumilikdə 172 nəfərə aid cəsəd qalıqları tapılıb və onların 55 nəfərinin şəxsiyyəti müəyyən edilib. Bununla yanaşı, Azərbaycanın müxtəlif şəhər və rayonlarındakı 21 qəbiristanlıqda, birinci Qarabağ müharibəsi dövründə tanınmadan dəfn edilmiş şəhid məzarlarından 183 şəxsə aid qalıqlar ekshumasiya edilərək təhlil edilib.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, cari ilin aprelin 27-dək ümumilikdə azı 600 şəxsə aid meyit qalıqları tapılıb ki, onlardan 124-ü 2022-ci ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkarlanıb.
Seymur Kazımov