Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa Məhkəməsi Azərbaycana rekord cərimə kəsdi
“Qış parkın”a görə evləri sökülənlər 1.6 milyon avrodan çox kompensasiya alacaqlar

Yanvarın 14-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı yeni qərarını elan edib. Əsasən, mülkiyyət hüququnun pozuntusunun mübahisələndirildiyi işdə AİHM 2022-ci ildə iddia edilən pozuntuları tanımış, təzminat məsələsinin həlli üçün tərəflərə vaxt vermişdi.

Bu məhkəmə işinin predmeti Bakıdakı “Qış Parkı”nın inşası zamanı gələcək parkın ərazisindəki tikililərin, evlərin sökülməsi kontekstində mülkiyyət hüququ ilə bağlı yaranan mübahisələr idi. Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən artıq yaşayış və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 24 sentyabr 2008-ci il tarixli sərəncamı ilə sökülmüş, sakinlər köçürülmüşdü. Bu işdə bütün ərizəçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verməsindən şikayət etmişdilər.

AİHM hələ 2022-ci ildə 14 ərizəni (İsmayıl Bağvanov, Dərya Quliyeva, Eldar Hüseynov, Kəmalə Əliyeva, İntizar Allahverdiyeva, Zərifə Allahverdiyeva, Pərviz Əmirov, Minəxanım Əziomova (bu işdə 5 ərizəçi vardı), Mehriban Əliyeva, Valeriya Mahmudova, Ruqiyyə Məmməd, Səadət Əzizova, Fuad Əliyev, Yasəmən Kərimov, Flora Qədirova, Rüxsarə Hüseynova, Afaq İsmayılova, Şirinbacı Rzayeva, Əli Rza və Lilya Əliyeva) birləşdirdiyi bu işdə ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyinə qərar vermişdi. Məhkəmə həmçinin, 4 ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu da tanımışdı. Ancaq Məhkəmə, ərizəçilərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır olmadığını vurğulayaraq, hökumətdən 3 ay ərzində müvafiq təqdimat göndərməsini istəmişdi.

AİHM yanvarın 14-də ərizəçilərin ədalətli əvəz tələbləri üzrə qərarını elan edib. Qərara görə, 3 ay ərzində ərizəçilərin hamısına maddi, mənəvi zərər əvəzi və xərc, məsrəflərin əvəzi ödənilməlidir. Ərizəçilərə ödənilməli olan təzminatın ümumi məbləği 1 milyon 693 min 892 avro təşkil edir.

Qərara əsasən, ərizəçilərdən İ. Bağvanova 370 min, D. Quliyevaya 98 min, E. Hüseynova 46 min, K. Əliyevaya 28 min, İntizar və Zərifə Allahverdiyevalara birlikdə 156 min, M. Əzimovaya 65 min, M. Əliyevaya 88 min, V. Mahmudovaya 122 min, R. Məmmədə 155 min, S. Əzizovaya 8,3 min, F. Əliyevə 30 min, Y. Kərimovaya 136 min, F. Qədirovaya 7,1 min, R. Hüseynovaya 106 min, A. İsmayılovaya 117 min, Ş. Rzayeva və Ə. Rzaya birlikdə 12 min və L. Əliyevaya 88 min avro məbləğində maddi zərər əvəzi ödəməlidir.

Qərar həmçinin, ərizəçilərdən L. Əliyeva, A. İsmayılova, F. Qədirova və Y. Kərimovanın hər birinə 4700 avro məbləğində mənəvi zərər əvəzi ödənilməsini nəzərdə tutur. Hökumət yerdə qalan 14 ərizəçinin hər birinə isə 3 min avro məbləğində mənəvi zərər əvəzi ödəməlidir.

Ərizəçilərə qeyd edilənlərdən başqa ümumilikdə, 692 avro məbləğində poçt və digər xərclərin əvəzi ödənilməlidir.

Turqut